Azərbaycan vətəndaşlarına çağırış: <font color=red> Gürcüstana getməyin!</font>

Cəmiyyət

16.07.2019 - 14:37

“Gürcülərin ölkəmizə qarşı nümayiş etdirdikləri mövqe təəccüblü deyil”

 

İyulun 14-də Azərbaycan-Gürcüstan sərhədində, Keşikçidağda baş vermiş insident 3 gündür mətbuatda, sosial şəbəkədə qızğın müzakirə olunur. Hadisəni milli qürurumuza toxunan hərəkət kimi qiymətləndirənlər də var, daha ciddi təxribat ehtimalı üzərində dayanıb, bu təxribata uymamağa çağıranlar da.

 

AYNA xəbər verir ki, məsələyə tanınmış hüquqşünas Əkrəm Həsənov da münasibət bildirib. O, şəxsi “Facebook” hesabında bunları yazıb:

 

“Son aylar ərzində bəzi gürcü xadimlərinin ölkəmizə qarşı nümayiş etdirdikləri mövqe təəccüblü olmamalıdır. Niyə?

 

1. Əslində, qonşularımız arasında ən qədim ədavət tariximiz məhz gürcülərlədir. Məsələn, xatırladıram ki, XII əsrdə zəlzələyə məruz qalmış Gəncəyə hücum edən və qapılarını aparıb hələ də özündə saxlayan məhz Gürcüstandır! Müqayisə üçün ermənilərlə ədavətimiz, məhz Rusiyanın Qafqaza gəlməsindən sonra başladı, onadək ermənilər bir sözümüzü iki etməyiblər.

 

2. Rusiyanın Qafqazı işğal etməsində əsas rolu, məhz gürcülər oynayıblar. Məsələn, xatırladıram ki, XIX əsrdə Gəncəni işğal etmiş və Bakını mühasirəyə almış rus generalı əslən gürcü olan Sisiyanov idi. Müstəmləkə dövründə məhz Tiflis Qafqazın mərkəzi, gürcülər isə imperiyanın sevimli xalqı idi. Nəticədə SSRİ-nin qurucusu gürcü Stalin oldu.

 

3. Gürcülər ilk növbədə bizə qarşı deyil, ruslara qarşı nankordur. Rusiyada slavyanlardan sonra təsir gücünə görə ikinci xalq gürcülər olub. Rusiya həmişə onlara dəstək verib. Amma XX əsrin əvvəlində rus imperiyası süqut edən kimi ona ilk arxa çevirən də məhz gürcülər oldu. O zaman gürcülər Rusiyanın düşməni Almaniyanın müttəfiqinə çevrildilər. Almaniya I Dünya müharibəsini uduzanda isə ingilislərin tərəfinə keçdilər. Bolşeviklərə ən kəskin müqaviməti də, məhz gürcülər göstərdilər. Bununla belə, SSRİ-də yenə gürcülər xüsusi statusa malik oldular. Amma XX əsrin sonunda SSRİ-dən ilk çıxmaq istəyən də Baltikyanı respublikalarla yanaşı, məhz Gürcüstan oldu. Son illər ərzində Rusiya ilə gərgin münasibətlərə baxmayaraq, gürcülər yenə də Rusiyada güclü mövqelərə malikdirlər (“qanuni oğru” dünyasından başlayaraq şou-biznesədək). Rusiya Gürcüstanla ticarət edir, ruslar Gürcüstanın əsas turist axınını təşkil edir və s. Amma baxın, görün Rusiyanı necə söyürlər! Xilaskarına qarşı nankor olandan biz nə gözləyə bilərik?

 

4. Qonşularımız arasında, məhz Gürcüstanda soydaşlarımıza qarşı münasibət daha pis olub həmişə. SSRİ dövründə, hətta Ermənistanda da azərbaycanlılara münasibət belə pis olmayıb. İranda belə, hazırda ali rəhbər azərbaycanlıdır. Fikir verin, Gürcüstan erməniləri nə qədər sərt davranırsa, gürcülər onların nazı ilə daha çox oynayırlar. Biz isə fağırlıq edirik və nəticədə özümüzə qarşı belə münasibət görürük. Onlar yalnız sərt münasibət başa düşürlər Deməli, sərt olmalıyıq.

 

P.S.

Nədən başlayaq? Ruslardan sonra Gürcüstanda istirahət edənlər arasında ikinci yeri biz tuturuq. Rusiya ilə son münaqişə zəminində rus turislər azalır. Biz də getməməliyik ora! Qoy ağılları başlarına gəlsin!

Müəllif: Ayna.az