Xəyanət etdiyimiz nə qədər xatirələrimiz var həyatda...

Mədəniyyət

27.06.2021 - 22:45

Yalnız öləndə anlayırıq ki, çatmaq istədiyimiz xoşbəxtlik yox imiş, ya da var - ölümün özü

 

Çox yaxından, lap vücudumuzu dayayıb keçirik bəzən xoşbəxtliyin yanından, ancaq xəbərsiz qalırıq. Heç kənardan da nə bir səsləyən, nə də bir əl sallayıb yolumuzdan əyləyən var. Çünki, elə yollar var ki, onu axıra çıxmamaq lazımdır. Axı bütün səadətlər eyni deyil, onların hamısı çıxdığımız yolun sonunda gözləmir bizi. Bəziləri mübarizəmizin düz ortasında dayanıb və əlini açıb əlindən tutmağımızı gözləyir. Bəziləri isə lap yolun başında, atdığımız ilk addımdadır, elə addım-addım da cəsarətimizi izləyir, gücümüzü sınağa çəkir.

 

Belimizdəki yük bizi dayanıb arxaya baxmağa qoymur, bəlkə də. Nə qədər yorulsaq da, çiynizimdəki ağırlıqdan qurtulmaq üçün daha bərk qaçıb yolun sonuna çatmağa tələsirik. Bax ilk səhvimiz də məhz həmin yükə boyun əyməyimizdir. Səadət axtarışına çıxdığımız gün gərək bütün uğursuzluqlarımızı dəfn edərdik. Unutmadığımız günahlarımızı, qəbul edə bilmədiyimiz səhvlərimizi, uduzduğumuz bütün oyunları, gücsüzlüyümüzü - hamısını xoşbəxtliyin önündə qurban kəsməsək, yolumuz hələ çox döngələrdən kəsiləcək.

 

Demək ki, yol uzun, səadət isə qeyri-müəyyən yerdədir. Ucsuz-bucaqsız səhrada üstünü toz basmış səadət: tapmaq üçün hər şeyə sahibsən – görmək üçün gözlərin, dinləmək üçün qulaqların, üstünə qaçmaq üçün ayaqların, hətta sarılmaq üçün qolların belə, var. Ancaq bunların heç biri ona yetişməyə bəs etmir.

 

Dönüb addım izlərini saymağa çalışırsan, ancaq xəfif külək onların da üstünü örtüb toz dənələri ilə. İndi qayıtmaq da əlçatmazdır. Bütün izlər yavaş-yavaş silinib, daha çox yaşadıqca, daha çox xatirələrin unudulmağa başlayıb. Xəyanət etdiyimiz nə qədər xatirələrimiz var həyatda. Lakin bunların heç biri qayıda bilmədiyimiz bu səhrada itirdiyimiz addım izləri qədər dəyərli deyil.

 

Məğlubiyyət seçimlərin tükəndiyi an doğulur. Əgər bir yol daralmağa başlayıbsa, o yol ya bitmək üzrədir, ya da bir qədər sonra cığıra dönüb mahiyyətini itirəcək. Qəfildən səhranın düz ortasına düşmək isə... Bax bu, əsl faciədir. İllərdir səadət axtarışında olduğun mübarizə birdən-birə ölümdən xilas olmaq çabaları ilə əvəzlənir. Mahiyyətini itirmiş mübarizə sona çatıb və sən məğlubsan. Oyunun son dəqiqələrinin nə qədər həyəcanla keçməsi də nəticəni dəyişmir və ölürsən.

 

Bu qədər sadədir, bəsitdir yaşamaq: etdiyimiz bütün çabalar, oynadığımız oyunlar, apardığımız amansız mübarizələr ömür boyu axtardığımız səadətin qurbanına çevrilməkdən başqa heç nə deyil. Yalnız öləndə anlayırıq ki, çatmaq istədiyimiz xoşbəxtlik, əslində yox imiş, ya da mövcuddur və ölümün özüdür.

 

Ölüm... Sonuncu təsəllimiz... Ancaq başqalarının yaşamağı o qədər dəhşətlidir ki, əlimizdəki hər şeyi qurban verərdik ki, bax bu təsəlliyə  möhtac qalmayaq.

Müəllif: Xəzər Əlizadə