Xaricdə təhsil üzrə dövlət proqramında “amputasiya” – “Zərərli” nahiyə kəsilib

Cəmiyyət

10.06.2022 - 10:35

Həkimlər Klinikalar SEO Xidməti

Psixiatr-psixoterapevt: “Pandemiya dövründə Kubadan mütəxəssis dəvət etdikləri yadlarından çıxıb”

Təhsil eksperti: “Hazırda mövcud proqramlar tibb üzrə təhsil almaq istəyənlərin bundan faydalanmasına imkan vermir”

ATU-nun şöbə müdiri: “Bizdən öndə olan ölkələrdə tibb üzrə təhsil alan gənclərimizə dövlət tərəfindən dəstək verilməlidir”

Türkiyədə işləyən azərbaycanlı psixiatr-psixoterapevt Elmir Təhməzov sosial şəbəkə hesabında paylaşım edərək, 2022-2026-cı illər üçün dövlət proqramında prioritet ixtisaslar içində tibb ixtisası üzrə təhsilin olmadığına diqqət çəkib: “Bu gün Azərbaycandan başqa bir çox dünya ölkələrində tibbi təhsil prioritet hesab olunur. Amma, deyəsən, qərar verəndə bizimkilər yenə unutqanlıq ediblər. Pandemiya dövründə Kubadan mütəxəssis dəvət etdikləri yadlarından çıxıb”.

Türkiyədə uzmanlıq dərəcəsi alan həkimlərin hazırkı vəziyyətini təsvir edən mütəxəssisin sözlərinə görə, durum o qədər də ürəkaçan deyil: “Türkiyədə tibb üzrə uzmanlıq təhsili alan həkimlərin vəziyyəti haqda danışmaq istəyirəm. Onlar 300 manat maaş və bundan əlavə növbə pulu alırlar. Növbə də hər ixtisasda (məsələn, genetikada) yoxdur. Bəzilərində (məsələn, psixiatriya) 1-2 servis növbəsi var. Bəzilərində isə (əsasən cərrahiyə, anesteziya) 7-15 növbə olur. Ayda ən çox 7 növbənin pulu ödənilir. Bu da ortalama 300-450 manat deməkdir. Maaşla birlikdə həkimin aylıq gəliri maksimum 750 manatdır. Nəzərə alsaq ki, ev kirayəsi böyük şəhərlərdə ən az 400-500 manatdır və kommunal xərcləri filan da bunun üstünə gəldikdə elə alınan maaş bitir”.

“Bir sözlə, ən yaxşı halda burada uzmanlıq dərəcəsi alan bir həkimin (asistan) maaşı kirayə və kommunala ancaq çatır. Digər xərcləri isə ailəsi qarşılamalıdır. Bu həkimlərin heç sığortaları da yoxdur. Çoxu xəstələnəndə nə edəcəyini bilmir, işlədiyi xəstəxana özündən pul alaraq müayinə edir. Bir tərəfdən də AZAL divan tutur. Bu gün Ankara-Bakı bileti təktərəfli 300 manatdır”.

Həkim xatırladıb ki, müharibə dövründə Türkiyədə təhsil alan həkimlər və həkimlər dərnəyi ölkəyə yardım göndərib, 70 həkim ön cəbhəyə yollanıb: “Belə düşünə bilərsiniz ki, bura onların vətənidir, borcları idi. Ancaq bildirmək istəyirəm ki, təhsil aldığı müddətdə bir qrup həkimin könüllü olaraq ön cəbhəyə yollanması borcdan daha artığıdır, fədakarlıqdır. Onu da qeyd edim ki, ölkə daxilində də Vətən müharibəsi zamanı ön cəbhəyə gedən, Avropadan, Amerikadan, dünyanın dörd bir yanından maliyyə yardımı edən həkimlərimiz var idi. Hamısına təşəkkür edirik. Bu günlərdə yeni səhiyyə nazirimiz Ankaraya gəldi, həkimləri dinlədi, bütün problemlərdən xəbərdar oldu. Deyib, “düzələcək, bir az vaxt lazımdır”. Gözləyirik”.

“Təhsil nazirimiz isə nə qədər innovativ biri olaraq cəmiyyətə təqdim olunsa da, məhz onun dövründə həkimlər dövlət proqramından məhrum qalıblar. 2019-2023-cü illər üzrə dövlət proqramında dedilər ki, PhD-lərə (PhD - akademik sahədə mütəxəssis olmaq üçün tamamlanması vacib olan təhsil pilləsi – red.) ancaq təqaüd veririk, uzmanlıq təhsili PhD deyil. Halbuki 6 illik baza tibb təhsili dünyanın hər yerində magistr dərəcəsi sayılır və Türkiyədə uzmanlıq təhsili üniversitetdə “dr.öğr üyesi” kimi qalıb işləməyimizə səlahiyyət verir. İndi də 2022-2026-cı illər üzrə proqramda deyilir ki, tibb ümumiyyətlə, prioritet deyil. Sual verirəm: təhsil nazirinin də təhsil aldığı Kolumbiya Universitetində tibb üzrə təhsil daha prioritet hesab olunur, yoxsa Azərbaycan Pedoqoji Universitetində hansısa digər ixtisas üzrə təhsil alan tələbəni yollamaq?”, - deyə Təhməzov fikrini davam etdirib.

O, sonda çağırış edib: “Vallah, bu həkimlərin içində elə vəziyyətdə olanları var ki, adam heç bura yaza bilmir. Maddi çətinlikdən ixtisasını buraxacaq həddə çatan adamlar var. Bu, böyük çarəsizlikdir. İstər vətəndaşımız, istər də hökumətimiz bu həkimlərə sahib çıxmalıdır. Onları taleyin ümidinə buraxmaq olmaz. Bu gün Azərbaycan səhiyyəsində beynəlxalq konqreslərin keçirilməsində, Bakıya dünya səviyyəli alimlərin gəlməsində bu insanların əməyi az deyil. Səhiyyəmizdə az da olsa irəliləyiş var. Fakt odur ki, indi bəzi tibbi prosedurlar üçün xaricə getməyə ehtiyac yoxdur. Bilmirəm, bu yazımı yuxarılardan kimsə görürmü, ya da görsə, nəsə dəyişəcəkmi... Sadəcə bir ümid olaraq yazmışam”.

Həkimin də qeyd etdiyi kimi, pandemiyanın ağır vaxtlarında xarici ölkələrdən mütəxəssislərin dəvəti, eləcə də əhalinin bir çox hallarda Azərbaycan səhiyyəsindən gileyi, narazılığı sual doğrur: niyə tibb üzrə xaricdə təhsilə dövlət dəstəyi yoxdur və ya niyə tibb üzrə təhsil xaricdə təhsil proqramına daxil edilməyib?

Öncə qeyd edək ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən suallarımıza, ümumiyyətlə, tibb ixtisası üzrə xaricdə təhsil proqramının hazırlanıb-hazırlanmaması, bu istiqmaətdə hansısa yeniliklərin gözlənib-gözlənilməməsi barədə cavab ala bilmədik. Bildirildi ki, hələlik bu haqda nəsə demələri çətindir.

Təhsil eksperti Kamran Əsədov isə AYNA-ya şərhində deyib ki, tibb üzrə təhsil 6 illik olduğundan bunun üçün ayrıca proqrama ehtiyac var: “Yeni dövlət proqramı 2022-2026-cı illəri əhatə edir. Bu proqram çərçivəsində 2 min azərbaycanlı gəncin Avropada oxuması proqnozlaşdırılır. “2019-2023-cü illərdə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ında ancaq pedoqoji istiqamətlər üzrə – iqtisadiyyat, biznesin idarə edilməsi və s. ixtisaslar nəzərdə tutulur. İstər 2019-2023-cü illər proqramı, istərsə də 2022-2026-cı illər üzrə proqram dörd il üçün nəzərdə tutulub. Amma tibb ixtisası minimum 6 ildir. Bunun üçün ayrıca proqrama ehtiyac var”.

“Azərbaycanda 2007-2015-ci illər üzrə dövlət proqramı var idi və onun müddəti daha uzun idi. O zaman üstünlük tibb ixtisaslarına verilmişdi. Amma 2022-2026-cı illər xaricdə təhsil və 2019-2023-cü illər beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının müddəti tibb üçün yetərli deyil. Məsələn, Avropa ölkələrində və ya Türkiyədə tibb üzrə təhsil haqqı 15 min dollardan artıqdır. Bu zaman da dövlət təhsil haqqının 4 ilini qarşılayır və geridə qalan illər isə vətəndaşın öz üzərinə düşdüyü üçün ödənilib-ödənilməməsi real deyil. Yəni hazırda mövcud proqramlar müddət və maliyyə məsələləri baxımından tibb üzrə təhsil almaq istəyənlərin bundan faydalanmasına imkan vermir”, - deyə həmsöhbətimiz bildirib. 

Əsədov onu da qeyd edib ki, tibb ixtisası üzrə ayrıca proqram hazırlanır: “Tibb ixtisası üzrə təhsil haqqı digər ixtisaslarla müqayisədə daha çoxdur. Dövlət bunun üçün ayrıca proqram hazırlayır”.

Azərbaycan Tibb Universitetinin (ATU) şöbə müdiri Aydın Əliyev AYNA-ya açıqlamasında söyləyib ki, tibb üzrə xaricdə təhsil alan gənclərə dövlət dəstəyi vacibdir: “Bizdən öndə olan ölkələrdə tibb üzrə təhsil alan bütün gənclərimizə mütləq dövlət tərəfindən dəstək verilməlidir. Çünki bizim yaxşı həkimlərə hər zaman ehtiyacımız var, olub və olacaq da. Pandemiya dövründə Kubadan, Çindən və s. ölkələrdən mütəxəssis həkimlər dəvət etdik. Yəni yaxşı mütəxəssisə hər zaman ehtiyac var. Yaxşı mütəxəssis həkimlərin yetişməsi üçün də xaricdə təhsil üzrə dövlət proqramında buna yer ayrılmalıdır”.

Xaricdə tibb üzrə təhsil alan gənclərin çətinliklərindən xəbərdar olduğunu qeyd edən həkimin fikrincə, lazım gələrsə, bu istiqamətdə yeni dövlət proqramı yaradılmalıdır: “Oxuyan uşaqların əksəriyyəti imkansız ailələrdən olur. Onlar xarici ölkələrə tibb üzrə təhsil almağa getdiklərində çox əziyyətlər çəkirlər. Orada qalmaq, yaşamaqla bağlı çox ciddi maddi problemlərlə qarşılaşırlar. Yəni əlləri çörəyə çatana qədər çox əziyyət çəkirlər”.

“Ona görə təklif edirəm ki, tibb ixtisası üzrə təhsil xaricdə dövlət proqramına salınsın. Lazım gələrsə, yeni dövlət proqramı yaradılmalıdır. Bu, itən bir şey deyil. Millətin fonduna edilmiş yatırımdır. Getdikcə xəstəliklər, problemlər artır. Bu gün dünyada səhiyyə problemləri bir nömrəli prioritet məsələdir. Biz də mütləq bunu nəzərə almalıyıq”, - deyə Əliyev vurğulayıb.

Müəllif: Aləmdə Nəsib