Vətəndaş karantin qaydalarını pozur, polis ali qanunun tələbini

Cəmiyyət

19.07.2020 - 10:39

Karantin rejimini pozanların foto və video görüntülərini yaymaq qanunsuzdur

 

Karantin pozucuları olan şəxslərin foto və videolarının mediada və sosial şəbəkələrdə onların razılığı olmadan yayımlanması qanunsuzdur. Bunun üçün vətəndaşların yazılı icazəsini almaq vacibdir. Əks təqdirdə onlara yazılan cərimələri məmurların özləri ödəməli olacaqlar. Çətin ki, karantin qaydalarını pozan kimsə polis şöbəsinin divarı qarşısında çəkilən şəklinin könüllü olaraq yayılmasına icazə versin.

 

Ancaq bu faktorlar, görünür ki, reallığa qətiyyən mane olmur. Son vaxtlar KİV, televiziya və sosial şəbəkələrdə karantin rejimini pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunan vətəndaşlarımızın foto və videogörüntüləri kütləvi şəkildə yayımlanır.

 

Hüquqşünas Əkrəm Həsənov AYNA-ya şərhində sözügedən mənzərəni qəbuledilməz adlandırıb: “Bu, əlbəttə ki, hüquqi cəhətdən Konstitusiyanın pozulması, mənəvi baxımdan isə biabırçılıqdır".

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsində bu haqda konkret yazılıb: “Video və audio yazılış işin protokollaşması üçün aparıla bilər. Ancaq alınan materialları mediada yaymaq olmaz. Beləliklə, bu məlumatların digər məqsədlər üçün yayımlanmasına icazə verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin 3-cü hissəsinə görə, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, heç kimin razılığı olmadan videosunu-fotosunu çəkmək və səsini yazmaq olmaz. Polis və hüquq mühafizə orqanları yalnız işin inzibati protokollaşması üçün video-audio qeydlər apara bilər. Bu icazə onlara inzibati xəta, cinayət faktlarını qeyd etmək üçün lazımdır. Yəni, səhər kimsə dediyi faktı-ifadəni inkar edə bilməsin”.

 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Fuad Quliyev də AYNA-ya deyib ki, şəxsi məlumatların dərc edilməsi yalnız vətəndaşın razılığı ilə mümkündür: “Vətəndaşların şəxsi toxunulmazlığı hüququ ölkənin əsas qanununda yer alıb. Konstitusiyanın 32-ci maddəsində bu məsələ çox dəqiq ifadə edilib. Şəxsin razılığı olmadan heç kimin şəxsi həyatı haqqında məlumatların toplanmasına, saxlanmasına, istifadəsinə və yayılmasına yol verilmir. İstisnalar qanunla müəyyən edilmiş hallardır. Onlardan başqa, Konstitusiyaya görə, heç kimin xəbəri olmadan və etirazına zidd olaraq, ona nəzarət oluna, video və foto çəkilə, səs yazısı və digər oxşar hərəkətlər edilə bilməz”.

“Buna əlavə edirəm ki, fərdi məlumatların qorunması sahəsində qanunvericilik Konstitusiyadan, ölkəmizin iştirak etdiyi beynəlxalq müqavilələrdən, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir. "Fərdi məlumatlar haqqında" Qanuna görə, məxfi məlumatların yayılmasına yalnız vətəndaşın razılığı ilə icazə verilir. Bu vəziyyətdə istisna açıq məlumatlardır – bu, şəxsin özü tərəfindən açılan və ya onun razılığı ilə ictimai məlumat sistemlərinə daxil olan məlumatlar deməkdir (Maddə 5.3). Açıq mənbələrdə yayımlanmayan video və fotoşəkillər məxfi şəxsi məlumatlardır və qanunla müəyyən edilmiş tələblərə uyğun səviyyədə qorunur. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, bu cür məlumatlar yalnız vətəndaşın razılığı ilə üçüncü şəxslərə verilə bilər (maddə 5.3)”, - deyə vəkil bildirib.

 

Müsahibimizin sözlərinə görə, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və video çəkilişlərə icazə verilir: “Lakin bu məlumatlar inzibati işdə bir dəlil olaraq tələb olunur və qəza halında, əşyalar və sənədlərin götürülməsi halında aparıla bilir. Proses zamanı audio və video qeydiyat aparılırsa, bu barədə vətəndaşa məlumat verilməlidir. Düzdür, vətəndaşın buna etiraz etmək hüququ yoxdur, lakin qeyd edilmiş fərdi məlumatların, o cümlədən foto və video materialların yayılmasından imtina etmək hüququna malikdir”.

 

F.Quliyev unsan hüquqlarının pozulmasına görə cərimələr nəzərdə tutulduğunu qeyd edib: “İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsinə görə, şəxsi məlumatları əldə edən və ya çəkən operator tərəfindən qorunmaması halında 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur. Əlavə olaraq həmin Məcəllənin 376-cı maddəsində, inzibati xəta haqqında icraat zamanı hazırlanmış foto, video və ya səs yazılarını qanunsuz olaraq yayan şəxslər 1000 manatdan 1500 manatadək miqdarda cərimə edilməlidir. Yəni aparılan istintaq zamanı foto, video, səs yazıları hazırlanıb inzibati prosesdə iştirak edən şəxsin və zərərçəkmişin razılığı olmadan mediada yayılırsa, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər cərimə olunmalıdırlar. Bu zaman inzibati məsuliyyətə cəlb olunan şəxsin günahına dair şübhələr onun xeyrinə həll olunur”.

 

“Qeyd etmək istərdim ki, orqanın inzibati xətalar haqqında videolar çəkmək səlahiyyətini əsaslandıran qayda İnzibati Xətalar Məcəlləsinin “İnzibati xəta işlərinə açıq baxılması” maddəsində göstərilir. İnzibati xəta haqqında işlər dövlət və kommersiya sirlərinin, şəxsi və ailə sirlərinin və ya qanunla qorunan digər sirlərin açılmasına səbəb ola biləcək hallar, inzibati xəta haqqında işlərdə iştirak edən şəxslərin, onların qohumlarının təhlükəsizliyinin təmin edilməsi halları istisna olmaqla açıq şəkildə aparılır. Lazım gələrsə, inzibati xəta hallarına qapalı baxılması barəsində ayrıca qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsi - “İnzibati xətalar məlumatların yayılmasının yolverilməzliyi barədə” xüsusi maraq kəsb edir.  Məcəllənin 51.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş barədə məlumat yalnız hakim, inzibati xəta haqqında iş icra edilən səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə yayıla bilər. Bu cür məlumatlar zərərçəkmiş şəxsin şəxsi maraqlarına ziyan vurursa, onda yalnız zərərçəkmiş şəxsin icazəsi ilə, həm də məlumatın tam yox, icazə verilən qədəri yayıla bilər. Eyni zamanda, 51.2-ci maddəyə əsasən, inzibati xəta icraatı zamanı foto və ya video qeyd və ya səs yazısı aparılıbsa, zərərçəkmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin icazəsi olmadan foto və ya video yazısı və ya səs yazısının mediada yayılması qəbuledilməzdir”, - ekspert vurğulayıb.

 

Vəkilin sözlərinə görə, karantin qaydalarını pozanların foto və videolarını yayan hüquq mühafizə orqanlarının öz arqumentləri ola bilər. Məsələn, onlar deyə bilərlər ki, vətəndaşın foto və videosunun yayımlanmaması ilə bağlı ayrı bir tələbi olmayıb. Hər halda, mütəxəssislərin fikrincə, karantin qaydalarını pozanların foto və video materiallarının onların razılığı olmadan mediada və sosial şəbəkələrdə yayılması qanunsuzdur.

Müəllif: Tanya Samsonova