Yevlaxda haray: “Kərbəla müsibəti yaşayırıq”

Cəmiyyət

27.10.2019 - 11:00

“Azərsu”dan sakinlərin probleminə reaksiya: “Su sakinlərin evlərinə deyil, kənddə quraşdırılan bulaqlara verilir”

 

Yevlax rayon Qaraoğlan kənd sakini Polad Atakişiyev AYNA-nın redaksiyasına şikayət məktubu ünvanlayıb. Onun sözlərinə görə, yaşadığı kəndin 1200 nəfər sakini illərdir, su üzünə həsrət qalıb.

 

“Susuzluqdan bütün sakinlərimiz əziyyət çəkirlər. Kənd əhalisi içmək, istifadə etmək üçün su tapa bilmir. Qışın soyuğunda, yayın qızmar istisində at, eşşək üzərində 2,3 km yol qət edirik ki, ən yaxındakı arteziandan su daşıyaq. Asfaltsız yollarda qışın qarında, palçığında vəziyyətimiz daha da acınacaqlı olur. Az qala, Kərbəla müsibəti yaşayırıq”, – deyə Atakişiyev bildirir.

 

Şikayətçi bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət etdiklərini, amma nəticəsiz qaldığını deyir: “Prezident Administrasiyasına ünvanladığım məktubu, icra olunması üçün Yevlax Rayon İcra Hakimiyyətinə yönləndiriblər. Ancaq 5 ildir ki, İcra Hakimiyyəti kəndə su çəkiləcəyinə dair vəd verir. Amma ortada əməl yoxdur”.

 

AYNA əməkdaşı məsələ ilə əlaqədar Yevlax RİH ilə əlaqə saxladı. Telefona cavab verən İcra Hakimiyyətinin bir əməkdaşı bizi, yerli Su Kanal İdarəsindən Firdovsi adlı bir nəfərə yönləndirdi. Həmin Firdovsi adlı şəxs isə “Mən bu işlərə cavabdeh deyiləm, İcra Hakimiyyəti cavabdehdir”, - deyərək dəstəyi asdı.

“Azərsu” ASC-nın mətbuat katibi Anar Cəbrayıllı AYNA-nın sorğusuna cavab olaraq bildirdi ki, Qaraoğlan kəndində bir ədəd modul tipli su təmizləyici qurğu var: “Həmin qurğu gün ərzində 10 ton su təmizləyir və əhaliyə verilir. Həmin su sakinlərin evlərinə deyil, kənddə quraşdırılan bulaqlara verilir, o da günün müəyyən edilmiş saatlarında. Camaat da həmin sudan istifadə edir”.

 

“Yəni bu gün bizim xidmətimiz həmin kənddə bu səviyyədədir. Sözügedən artezianlardan isə bizim xəbərimiz yoxdur”, – deyə mətbuat xidmətinin rəhbəri vurğuladı.

Müəllif: Ülviyyə Şahin