Üstü örtülməklə yara sağalmaz, əməliyyata ehtiyac var!

İqtisadiyyat

27.04.2021 - 19:21

Sabiq deputat: “Dövlət qurumları öz yanlarında MMC-lər, ASC-lər yaradaraq iqtisadi fəaliyyətlə məşğul olur və nəticədə dövlət monopoliyası yaranır”

 

“Bu gün qiymət monopoliyasının qarşısı alınarsa, əsaslandırılmamış qiymət artımı tətbiq edilən məhsullar 40 faizədək ucuzlaşacaq”.

 

Bu fikri ötən günlərdə Milli Məclisin üzvü Əli Məsimli səsləndirib. Deyib ki, neft və qaza əsaslanan iqtisadiyyatdan insan amilinə əsaslanan iqtisadiyyata keçmək üçün mütləq sahibkarlıq və rəqabət münasibətləri inkişaf etməlidir.

 

“Həmçinin kiçik və orta biznesin Azərbaycan iqtisadiyyatında payını artırmaq lazımdır. Bu gün bu sahəyə qiymət monopoliyası təsir edir. İki istiqamətdə aparılan qiymət monopoliyası zamanı rəqibləri sıradan çıxarmaq üçün əvvəl qiyməti aşağı salıb, sonra qaldırırlar, ikincisi isə onları bazara buraxmırlar. Qiymət monopoliyasının qarşısı alınarsa, rəqabət mühiti tətbiq olunarsa, əsaslandırılmamış qiymət artımı olmayacaq və nəticədə qiymətlər 40 faizədək aşağı düşəcək. Bu gün əsaslandırılmamış qiymət artımı ümümi artımların 50 faizini təşkil edir”, - deyə deputat bildirib.

 

Bəs, monoployanın qarşısı necə alınmalı? Bunun üçün bizə nə mane olur?

Nazim Bəydəmirli vergilərlə bağlı dəyişiklikləri izah edir

Milli Məclisin sabiq üzvü, iqtisad elmləri doktoru Nazim Bəydəmirli AYNA-ya şərhində qeyd edib ki, monopoliyanın qarşısının alması üçün məmur sahibkarlığının ləğv olunması şərtdir: “Dövlət qulluğunda yüksək vəzifələrdə çalışanların korrupsiya qanunverciliyinə uyğun olaraq əmlak və gəlir deklarasiyası vermələrinin təmin edilməsi vacibdir. Bundan əlavə, azad media olmalıdır, QHT-lərin fəaliyyəti ictimai fikirə təsir edən vəziyyətə gəlməlidir. Haqqında korrupsiya və rüşvət iddiaları olan şəxslərin fəaliyyəti araşdırılmalı və təbii ki, onlar işdən azad olunmalıdır”.

 

“Korrupsiya vəzifə cinayətidir. Korrupsiya olan ölkədə monopoliya var və bu da iqtisadiyyatın şaxələnməsinə imkan vermir. Monopoliya qiymət artımı yaradır, bu da nəticə etibarilə vətəndaşlara ziyandır. Monopoliyanı yaradan səbəblərdən biri də institusional problemlərdir ki, dövlət idarəçiliyində müxtəlif strukturlar var və onlar həm də dövlət monopoliyasını yaradır”, - deyə həmsöhbətimiz vurğulayıb.

 

O, Azərbaycanda “Antiihisar fəaliyyəti haqqında” qanunun olduğunu xatırladıb: “Sözügedən qanun hazırda qüvvədədir. Həmin qanunda birbaşa göstərilir ki, dövlət orqanları özəl fəaliyyətə icazə verilmiş sahələrdə iqtisadi fəaliyyətlə məşğul olan qurumlar yaratmamalıdır. Bu halı qanunun birbaşa qadağan etməsinə baxmayaraq, müxtəlif nazirliklər, komitələr, dövlət şirkətləri öz yanlarında MMC-lər, ASC-lər yaradaraq iqtisadi fəaliyyətlə məşğul olur və dövlət resurslarından şəxsi resursları kimi istifadə edərək dövlət monopoliyası yaradırlar. Bir sözlə, monopoliyanı yaradan dövlət siyasəti, institusional islahatların olmaması, bir-birilərini təkrar edən dövlət qurumlarının çox olması, dövlət qurumlarının da iqtisadiyyatla məşğul olmasına icazənin verilməsidir”.

 

Bəydəmirli hesab edir ki, siyasi iradə olsa, monopoliya aradan qaldırılar: “Çünki bütün bu səbəblərin hamısı siyasi sistemdən asılıdır və bu gün siyasi sistemdə xalq öz hakimiyyətini formalaşdıra bilmirsə, bu zaman hər hansı islahatlardan söhbət belə gedə bilməz. Siyasi islahatlar aparılmalıdır ki, monopoliya aradan qalxsın”.

 

“Ölkədə proporsional seçkiyə keçmək lazımdır. Avropa Şurasına daxil olan ölkələrdə olduğu kimi, bizdə də proporsional seçki sisteminə keçib siyasi partiyaların parlamentdə iştirakını təmin etmək, rəqabət mühitini yaratmaq lazımdır. Hər bir siyasi partiyanın adıyla mojaritar seçki sistemində təkmandatlı dairə üzrə kiməsə deputat mandatı hədiyyə edərək onu parlamentə salmaq və ona parlamet partiyası adı ilə dövlət büdcəsindən vəsait ayırmaq siyasi rüşvətdir. Siyasi hakimiyyət həm də siyasi partiyalara dolayısı ilə rüşvət verir və onları özünə loyallaşdırır. Bu da cəmiyyətin qarşısında duran problemlərlə bağlı siyasi mənada heç bir addımın atılmamasına gətirib çıxarır. Müxalifət iddiası olanlar cib müxalifətinə çevrilir”, - iqtisadçı söyləyib.

 

Mütəxəssisin sözlərinə görə, monopoliya siyasi və iqtisadi rəqabətin olmamasından qaynaqlanır: “Siyasi rəqabətin olması üçün proporsional seçki sistemi, azad media olmalıdır. Vətəndaş görməlidir ki, hansı siyasi partiya onu qayğılandıran problemləri gündəmə gətirir, onun həll olunması ilə bağlı addımlar atır. Təbii ki, vətəndaşın da həmin siyasi partiyaya simpatiyası olacaq. Və beləliklə siyasi partiya liderləri də xalqın rəğbətini qazanmaq üçün bir-biriləri ilə yarışacaqlar. Nəticədə daha mükəmməl proqramlar ortaya çıxacaq. Təbii ki, rəqabət olan yerdə də inkişaf olacaq”.

 

Bəydəmirlinin fikrincə, bütün bu islahatlar yuxarıdan həll olunmalıdır: “Buna ölkə rəhbərliyi səviyyəsində qərar verilməlidir. Bu, ölkənin gələcək perspektivi baxımından müsbət addım olardı. Vətəndaş olaraq biz bu təşəbbüsü görsək, gələcəyimizi zəmanət altına almış olarıq. Bunları həyata keçirmək üçün konkret siyasi iradə olmalı və qarşıdakı bütün maneələr aşılmalıdır”.

Müəllif: Ülviyyə Şahin