Belə şəraitdə "üzən məzənnə"yə keçid qaçılmazdır

İqtisadiyyat

23.01.2020 - 14:56

İnkişaf etmiş fond birjasının olduğu ölkələrdə valyuta məzənnəsini formalaşdıran əsas mərkəzlərlərdən biri birjalar olur

 

Son iqtisadi müşavirədə Mərkəzi Bankın sədri demişdi ki, ölkədə fond bazarının formalaşmasına nəhayət ki, başlamaq üçün "pioner şirkətlər"i üzə çıxarmağa ehtiyac var. İdeya müəllifi "pioner şirkətlər" deyərkən bu işin önünə çıxarılacaq aparıcı milli şirkətləri nəzərdə tutur. Və çox güman ki, onun düşündüyü belə şirkətlər iqtisadiyyatın brendləri olan, dayanıqlı və geniş maliyyə potensialına malik, şəffaf korporativ menecmentə keçidə, rəqabətli və hər cür imtiyazlı, diskriminasiyalı himayədən uzaq mühitdə çalışmağa tam hazır olmalıdır.

 

Bizdə maksimum qapalı iqtisadiyyatda son dərəcə yüksək açıqlıq və şəffaflıq tələb edən bir bir institutun çalışması nə dərəcədə realdır, bu ayrı bir mövzudur. Çünki canlılar onlar üçün minimum yaşayış şərtlərinin olmadığı mühitdə mövcud olmurlar, hətta onlar belə mühitə gətirilsələr də, məhv olurlar.

 

Amma həmin müşavirədən ötən son 10 gündə düşündüyüm başqa bir sualdır: Özünü İPO-laşmaya hazır sayan ilk 10 və ya 20 şirkətimizin siyahısını tərtib edəsi olsaq, orda kimləri görmək mümkündür?

 

Elə bu düşüncələrin içərisindəykən dünən ölkənin ən nəhəng qida şirkətlərindən birindən - Şəkər Zavodundan açıqlama gəldi ki, “3 ildir ziyanla işləyirik”. Və ağla ilk gələn də bu oldu: əgər bizdə xəyali olaraq düşünsək ki, artıq bu bazar vardı və milli İPO-laşmanın əsas, aparıcı namizədlərindən biri olan 1 ya 2 şirkət haqda bu xəbər çıxar-çıxmaz ölkənin fond birjası çökərdi.

 

İnkişaf etmiş fond birjasının olduğu ölkələrdə valyuta məzənnəsini formalaşdıran əsas mərkəzlərlərdən biri məhz həmin birjalar olur. Birjalarda əsas indekslərin volatilliyinin daim məzənnəni də öz arxasınca aşağı-yuxarı çəkmək riski mövcud olur.

 

Yəni ondan sonra milli valyutanın sabitlyini MB-nin arsenalında olan sadə və administrativ alətlərlə "şüşədə" saxlamaq mümkün olmayacaq. Belə şəraitdə "üzən məzənnə"yə keçid də qaçılmaz olur.

 

Fond bazarının formalaşması təkcə bu prosesə hazır "pioner şirkətlər"in mövcudluğu ilə də bağlı deyil. Gərək iqtisadiyyatı bazar relsləri üzərindən tənzimləməyə hazır olan peşəkar iqtisadi menecment də hazır olsun. Fond bazarını inkişaf etdirmək demək primitiv və administrativ iqtisadi idarəçilikdən bazar tənzimləməsinin xeyrinə imtina etməkdir.

 

Yeri gəlmişkən, fond bazarı həm də iqtisadiyyatın durumunu təyin etmək üçün əsas informasiya mənbələrindən biridir. Bu mexanizm çalışandan sonra yalnız ÜDM-ə, hökumətin ehtiyatlarına baxıb iqtisadiyyatın durumuna diaqnoz qoyulmur. Gözlər həm də indekslərdə olur.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert