ABŞ Prezidentinin xüsusi nümayəndələri Putinlə danışıqlar aparacaqlar
ABŞ Prezidentinin Ukrayna münaqişəsi üzrə xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəliblər.
AYNA.AZ rus mediasına istinadən bildirir ki, amerikalı müzakirəçiləri Vnukovo hava limanında Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
“Müsbət məqamlardan biri də əsir mübadiləsi ilə bağlı razılığa gəlməyimizdir və rəqəmləri Moskvada dəqiqləşdirəcəyik”, Kuşner Moskva səfərindən əvvəl bildirib.
O əlavə edib ki, Rusiyaya səfərin əsas məqsədi danışıqlar çərçivəsini genişləndirməkdir.
Kuşner həmçinin Vaşinqtonun davamlı çoxtərəfli sülh formatı yaratmaq üçün Avropanın iştirakını təmin etmək niyyətində olduğunu bəyan edib.
Onun sözlərinə görə, ABŞ müzakirəçiləri Moskva səfərindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat vermək və danışıqlar zamanı müzakirə olunan ideyaları daha ətraflı araşdırmaq üçün Dublinə gedəcəklər.