İlk görüş Xətai, Xəzər və Pirallahı rayonları üzrə təşkil olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində valideyn konfranslarına start verilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində ilk görüş Xətai, Xəzər və Pirallahı rayonları üzrə təşkil olunub. AYNA.AZ xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib.
Qeyd olunub ki, konfransların əhəmiyyətindən, belə görüşlərin ailə və məktəbəqədər təhsil müəssisəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə verəcəyi töhfələrdən danışan BŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun müdiri Rəna Aslanova bildirib ki, bu platforma tərəflər arasında açıq dialoqu genişləndirir və birgə təşəbbüslərin yaranmasına şərait yaradır. Həmçinin vurğulayıb ki, burda aparılan müzakirələr əməkdaşlığın daha sistemli və davamlı şəkildə qurulmasını təmin edir.
“Uşağın psixoloji və emosional inkişafı”, “Valideyn və pedaqoq: vahid komanda” və “Sağlam uşaq, sağlam mühit və sağlam gələcək” mövzuları üzrə təqdimatlarla çıxış edən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri uşaqların psixoloji və emosional inkişafının dəstəklənməsi, inklüziv təhsilə dair valideyn yanaşmasının əhəmiyyəti, hər bir uşağın fərdi xüsusiyyətlərinə və ehtiyaclarına hörmətlə yanaşılması məsələlərini diqqətə çatdırıb, həmçinin valideyn və pedaqoqların vahid məqsəd ətrafında birləşməsi, bu tərəfdaşlığın uşağın inkişafına müsbət təsirləri barədə ətraflı məlumat veriblər.
Daha sonra valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd valideynlər və məktəbəqədər təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, uşaqların hərtərəfli inkişafına dair aktual məsələlərin müzakirəsi, inklüziv təhsil mühitinin təşviqi və valideynlərin maarifləndirilməsindən ibarətdir. Valideyn konfranslarının paytaxtın inzibati rayonları üzrə bütün məktəbəqədər təhsil müəssisələrini əhatə edəcəyi nəzərdə tutulur.