"Türkiyənin Səhiyyə naziri gecə saatlarında belə, medianın suallarını cavablandırır"

Cəmiyyət

16.03.2020 - 10:36

Şəhla Aslan: "Türkiyədə insanın dövlətə qarşı inamı, güvəni var"

 

Hazırda koronavirus (COVID-19) yayılmış ölkələrdə, o cümlədən də Azərbaycanda virusun daha geniş yayılmasının qarşısını almaq məqsədilə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələri nəzərə alınaraq bir sıra tədbirlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bir sıra sosial izolyasiya tədbirlərinin tətbiq olunması barədə qərar qəbul edib.

 

Ölkə ərazisindəki təhsil-təlim müəssisələri, kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb. Bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınıb, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilib. Bütün toy məclislərinin keçirilməsi, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub.

 

Maraqlıdır, qonşu və qardaş dövlət olan Türkiyədə vəziyyət necədir? Təhülkəli virusun qarşısının alınması məqsədilə Türkiyə dövləti tərəfindən nə kimi tədbirlər həyata keçirilir, hansı qadağalar tətbiq olunub? Virus Türkiyə əhalisinin, həmçinin orada təhsil alan azərbaycanlı tələbələrin psixoloji vəziyyətinə necə təsir göstərib? Bu və digər suallarımıza AYNA tutmaq məqsədilə hazırda Ankarada Qazi Universitetində doktorantura təhsili alan həmyerlimiz, jurnalist Şəhla Aslanla əlaqə saxladıq.

Şəhla Aslan adlı şəxsin şəkli.

Şəhla Aslan bildirdi ki, Türkiyə universitetlerində də üç həftəlik tətil elan olunub: “Vəziyyət belədir ki, Türkiyə dövləti problemin həlli üçün çox sürətli şəkildə qabaqlayıcı tədbirlər həyata keçirir. Bu günlərdə diqqətimi çəkən bir məsələ oldu. Belə ki, kimliyindən asılı olmayaraq – siyasətçisindən tutmuş, universitet müəlliminə, sıravi vətəndaşına qədər yaranmış vəziyyətdə dövlət rəhbərliyinin qabaqlayıcı tədbirlərini yüksək qiymətləndirirlər. Türkiyədə insanın dövlətə qarşı inamı, güvəni var. Bu günlərdə siyasi əqidəsindən, tutduğu mövqedən asılı olmayaraq insanlar birlik, bərabərlik  düşüncəsindədirlər. Eyniylə 15 iyul hadisələrində olduğu kimi”.

 

Ş.Aslan qeyd edib ki, son günlərdə Türkiyədə millət televiziyaların önündədir: “Tez-tez yüksək qurumlardan açıqlamalar gəlir, ölkənin Səhiyə Nazirliyi mövcud vəziyyət barədə məlumat verir, ardından Təhsil Nazirliyi aidiyyəti üzrə qərar verir. Ardınca bələdiyyə başçıları və başqaları, bütün qurumlarda yaranmış vəziyyətlə bağlı canlı yayım vasitəsilə açıqlamalar verirlər. Elm adamları münasibət bildirirlər,  tövsiyələr verirlər, çıxış yolları göstərirlər. Məsələni lağlağıya, gülüş həfinə çevirmirlər, ciddi fikirlər söylənilir. Dövlət bütün istiqamətlərdə gücləndirilmiş iş rejimində çalışır. Səhiyyə naziri gecə saatlarında belə, açıqlama verir, medianı maraqlandıran sualları cavablandırır. Rektorlar toplanır ortaq qərarlar verilir və s. Qısacası, dövlət problemin həll olunması yolunda həmrəy şəkildə lazımi addımlar atır”.

 

Müsahibimiz indiki vəziyyətdə əcnəbi tələbələrə münasibət barədə də danışıb: “Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığı (YTB) və oxuduğumuz universitetlər tərəfindən xarici tələbələrə bildirişlər göndərildi, ölkədən çıxmamaq tövsiyə olundu. Tələbələrə məlumat verildi ki, çox vacib bir səbəbdən sərhədləri açıq olan, virus aşkar edilmiş hər hansı bir ölkəyə  gedərlərsə, Türkiyəyə dönərkən 14 günlük karantində qalacaqlar.  Biz azərbaycanlı tələbələr olaraq, çoxumuz Novruz bayramını vətəndə qeyd  etmək üçüb aylar öncə bilet almışdıq. Bu günlərdə vəziyyətin gərginləşməsi səbəbindən tələbələrin  çoxusu səfərdən imtina etdi. Hazırda  özümüzü güvəndə hiss edirik, qaldığımız məkanda tez-tez dezinfeksiya işləri aparılır. Səhətimizlə vaxtaşırı maraqlanılır”.

 

“Yəqin ki, bu üç həftəlik  tətil müddətini daha çox oxuyaraq keçirəcəyik. Bizdən nigaran olduğunuz kimi, biz də nigaranıq, ailəmiz, yaxınlarımız, vətənimiz üçün çox narahatıq. Azərbaycanda baş verən hər bir xəbəri böyük həyəcanla oxuyuruq. Arzumuz dünyamızı ağuşuna alan koronavirus bəlasından tez bir zamanda  xilas ola bilməyimizdir”, - deyə Şəhla Aslan vurğulayıb.

 

Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlamış koronavirus infeksiyası hazırda 148 ölkədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevral ayının 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb. Dünyada indiyədək infeksiyaya yoluxanların sayı 146 326-yə çatıb. Bunların 72 556 nəfəri sağalıb, 543 nəfəri isə ölüb.

Müəllif: Rumiyyə Miraslan