Minimum əməkhaqqı gəlir vergisindən azad edilməlidir

Cəmiyyət

26.09.2019 - 11:12

Əslində, minimum əməkhaqqı məbləğinə uyğun müqavilə bağlayan işçi 250 manat deyil, 234 manat 25 qəpik alır

 

Bu aydan ölkəmizdə minimum əməkhaqqı 250 manata çatdırılsa da və həmin məbləğ minimum olsa da, gəlir vergisinə cəlb olunmaqdadır. Belə ki, mövcud qanunvericiliyə əsasən, qeyri-neft və qeyri-dövlət sektorunda çalışmayan və güzəştli kateqotiyaya düşməyən işçi ilə 250 manatlıq əmək müqaviləsi bağlanıbsa, ona ödənilən pul daha az olur.

 

Qanunvericiliyə əsasən, həmin əməkhaqqından 7 manat ((250 manat - 200 manat) x 14 faiz) - gəlir vergisi, 7,50 manat (250 manat x 3 faiz) - sosial ayırma və 1,25 manat (250 manat x 0,5 faiz) - işsizlikdən sığorta tutulur. Bu zaman işçiyə ödəniləcək məbləğ 234, 25 ((250 manat - 7 manat - 7.50 manat - 1.25 manat) manat olur.

 

Deməli, minimum əməkhaqqı məbləğinə uyğun müqavilə bağlayan işçi 250 manat deyil, 234 manat 25 qəpik alır. Sosial ayırmaların həyata keçirilməsi işçinin pensiya təminatı üçün vacib olduğundan sosial ödənişlər anlaşılandır. Onsuz da minimum əməkhaqqından alınan gəlir vergisi büdcədə ciddi paya malik deyil. Buna görə də, minimum əməkhaqqının gəlir vergisindən azad edilməsinə ehtiyac var.

 

Bu baxımdan, fiziki şəxslərin əməkhaqqının gəlir vergisindən azad olunan hissəsinin 200 manatdan 300 manatadək artırılması daha məqsədəuyğun olardı. Doğrudur, Vergi Məcəlləsində vergidən azad olunan məbləğ minimum əməkhaqqı ilə əlaqələndirilməyib. Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 8 min manatdan az olanların növbəti 7 il müddətində belə güzəştlərdən istfidə etdiyini nəzərə alsaq, o zaman digər sektorlarda vergidən azad olunan məbləğin artırılmasına ehtiyac var. Bu, minimum əməkhaqqı səviyyəsində maaş alan vətəndaşın daha çox əməkhaqqı almasına səbəb olar.

Müəllif: Vüqar Bayramov, deputat, iqtisadçı-ekspert