"Bu, eskalasiyadır, lakin Ukraynadakı müharibənin sona çatmasına kömək edə və buna gətirib çıxara bilər"
ABŞ lazım gələrsə, təhlükəsizlik zəmanətləri çərçivəsində Ukrayna hava məkanının qorunmasını öz üzərinə götürməyə hazırdır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə ABŞ Prezidenti Donald Tramp deyib.
Jurnalistlərin Ukrayna üzərində "səmanı bağlama" ehtimalı ilə bağlı sualına cavab olaraq Tramp deyib: "Lazım gələrsə, bəli".
Bundan əlavə, o Vaşinqtonun “Patriot” raket sistemlərinin istehsalı üçün texnologiyanı Kiyevə ötürəcəyini açıqlayıb: "Kiçik bir quş mənə dedi ki, biz onlara “Patriot” raketləri hazırlamaq hüququ verəcəyik. Biz onları necə istehsal edəcəklərini göstərəcəyik".
Trampın sözlərinə görə, “Patriot” texniki cəhətdən çox mürəkkəb bir sistemdir: “Lakin əminəm ki, Ukrayna onun istehsalının öhdəsindən tez zamanda gələcək”.
“Bizim "Patriot" raketlərimiz var, amma onlara ehtiyacımız da var. Biz bir neçəsini təmin edə bilərik. Amma düşünürəm ki, onlar onları tez bir zamanda istehsal edə biləcəklər. Biz gücü artıracağıq və şirkət ora gələcək", - deyə o qeyd edib.
Tramp həmçinin bildirib ki, Ukraynanın müharibənin əvvəlindən kifayət qədər sayda bu sistemə sahib olması halında ölkə raket zərbələrindən tamamilə qorunacaqdı: "Amma düşünürəm ki, siz onları çox tez bir zamanda istehsal etməyə başlayacaqsınız".
Görüş zamanı Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri barədə də fikirlərini bildirib. O bu cür hücumların “eskalasiya” olduğunu, lakin müharibənin sonunu sürətləndirə biləcəyini söyləyib: "Bu, eskalasiyadır, lakin Ukraynadakı müharibənin sona çatmasına kömək edə və buna gətirib çıxara bilər".
Görüşdə iştirak edən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton və Kiyev Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək qabiliyyətini müzakirə edirlər. O bildirib ki, bu cür hərəkətlərin məqsədi Moskvaya öz hava məkanını müdafiə etməyin nə qədər çətin olduğunu göstərmək və bununla da müharibəyə son qoymaq üçün danışıqlara yol açmaqdır.