Rusiya Müdafiə Nazirliyinin Qarabağ təxribatının arxasında kimlər və hansı məqsədlər dayanır?
Bu, bir səhv deyil, səhvdən daha çoxdur. Bu, bir təxribatdır. 13 dekabrda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağın cənubuna, Köhnə Tağlar və Çaylaqqala kəndlərinə bir növ “dil” uzanmış xəritəni yayımlamağının başqa adı yoxdur. Həmkarlarım belə bir xəritə düzəlişinin (sonradan korrektə edilsə belə) Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri tərəfindən 10 noyabrda imzalanmış üçtərəfli sazişə birbaşa zidd olduğunu yazmaqda haqlıdırlar.
Həqiqətən, sazişdə açıq şəkildə bildirilir ki, Rusiya sülhməramlıları bəyanatda göstərilən vaxt təmas xəttinin olduğu yerdə qalmalıdırlar. Buna görə Rusiya sülhməramlılarının əməliyyat zonasını özbaşına genişləndirməsi, yeni bir xəritənin ortaya çıxması Azərbaycan ictimaiyyəti arasında kifayət qədər başa düşülən və ədalətli narazılığa səbəb oldu.
Milli Məclis sədrinin müavini Adil Əliyev də öz “Facebook” hesabında bu məsələyə münasibət bildirib. O, Ermənistanın məğlub tərəf olaraq təslim olmağa məcbur olduğunu xatırladaraq qeyd edib ki, bundan sonra Bakı və İrəvanın razılığı ilə Dağlıq Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib ki, onlar da missiyası təmas xəttində dayanaraq, tərəflərin üçtərəfli sazişin şərtlərinə tam əməl etməsini təmin etmək idi.
Əliyev sülhməramlı fəaliyyətlərin beynəlxalq hüquqda əks olunduğunu və bu hüquqa görə, sülhməramlıların onlara verilmiş mandatdan kənara çıxa bilmələrinin qeyri-mümkün olduğunu vurğulayıb: “Rus sülhməramlıları tərəfindən hazırlanan xəritənin heç bir hüquqi və ya siyasi əsası yoxdur, üstəlik onlar belə bir xəritə hazırlamaq səlahiyyətlərinə malik deyillər. Bu, ilk növbədə beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır və eyni zamanda 10 noyabr 2020-ci il tarixli bəyanatın şərtlərinə ziddir. Bu səbəbdən geniş yayılmış xəritələrdəki səhvi dərhal aradan qaldırmalıdırlar. Onsuz da Rusiyanın Dağlıq Qarabağda sülhməramlı qüvvələrinin yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmır”.
Rusiyalı politoloq Sergey Markov da onunla həmfikirdir. O, bitərəflik prinsipinin pozulmasının, bölgədəki rus sülhməramlılarının fəaliyyətinin qanuniliyinə zərbə vura biləcəyini bildirdi: “Vladimir Putin Rusiya sülhməramlılarına mandatlarına uyğun hərəkət etmələrini əmr edib. Bu, o deməkdir ki, rus sülhməramlıları bitərəf mövqe tutur və yalnız hər iki ölkə ilə - Azərbaycan və Ermənistanla razılaşaraq hərəkət edirlər. Bu prinsipin hər hansı bir formada pozulması bölgədəki rus sülhməramlılarının fəaliyyətinin qanuniliyini poza bilər. Buna görə də bu prinsiplərdən hər hansı bir kənarlaşma Prezident Vladimir Putinin sülhməramlılarla bağlı sərəncamının pozulması deməkdir”.
Və burada Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in nümayəndəsi ilə görüşündə verdiyi açıqlamanı xatırlamaq məntiqli olardı: “Ermənistan təslim olma aktını imzalamaq məcburiyyətində qaldı. Bunu heç vaxt könüllü olaraq imzalamazdılar. Biz onları məcbur etdik, Minsk Qrupu yox! Biz və Prezident Putin. Bu, reallıqdır. Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün vəziyyət yəqin ki, fərqli olacaqdı”.
Əslində, Türkiyə Prezidenti Ərdoğan da eyni şeyi Bakıda keçirdiyi mətbuat konfransında söylədi. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin yanaşması Dağlıq Qarabağdakı vəziyyətin həlli prosesində mühüm rol oynayıb.
Bu vəziyyətdə RF Müdafiə Nazirliyinin saytında niyə yeni xəritə şəklində bir təxribat var? Bəlkə də, işin əsl mahiyyəti budur ki, Rusiya Federasiyasındakı müəyyən qüvvələr, Putinin onsuz da zəiflədiyinə və vəzifəsini tərk etməyə hazırlaşdığına inanaraq öz oyunlarını oynayırlar. Bu mövzuda Rusiya mətbuatı da daxil olmaqla, bir çox məqalələr var. Məsələn, tarixçi və siyasi analitik Valeriy Solovey bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində bildirib. O, Putinin ehtimal olunan varislərindən birinin Rusiyanın Baş naziri Mixail Mişustin olduğunu söyləyib.
Eyni zamanda, siyasi müşahidəçi və bloger Lilia Kornilova “Vladimir Putin xələfi yerinə Mixail Mişustinin namizədliyini dəstəkləmir və tezliklə onu Baş nazir vəzifəsindən azad etməyi planlaşdırır” deyib. Bununla yanaşı, Kornilova Rusiyada böyük bir transferin başladığını iddia edir: “Xəbərlərin gündəminə əsasən, rəsmi Kreml 2021-ci ilin aprelində keçiriləcək erkən Prezident seçkiləri ilə bağlı qərar verə bilər və hazırkı Prezident bu seçkilərdə iştirak etməyəcək. Rusiya hakimiyyəti Vladimir Putinin qurduğu sistemi qoruyaraq transferi sürətləndirmək vəzifəsi ilə qarşılaşır”.
Və burada tanınmış rus jurnalist və publisist Aleksandr Nevzorovun “Napoval” verilişinin son sayında Bakıdakı Zəfər Paradını şərh edərkən, Rusiya Federasiyasındakı müəyyən qüvvələrin Qarabağda hərbi kampaniyadan sonra yeni həqiqətlərə reaksiyasını qiymətləndirməsini xatırlamaq yerinə düşər. Cənab Nevzorovun şərhinin bütün mətninə istinad etməyi vacib hesab edirəm: “Rusiyanın qırılmış, hisə verilmiş, tüstülənmiş xəyalı Bakı küçələrində nümayiş edildi. Bu görünütülər rus vətənpərvərləri üçün çox ağrılı idi. Azərbaycanda Qələbə Günü onlar üçün ölümcül bir tamaşa oldu. Təsadüfi deyil ki, ən əsas rus kanallarında paraddan kiçik bir kadr belə, verilmədi. Söhbət müttəfiqin məğlubiyyətindən getmirdi. Yəni, məsələ Bakının indi ayaqlarını sildiyi Ermənistanda deyil. Yox. Əslində, Ermnistan Moskvanın vecinə də deyil. Rəhbərlikdə adamyeyənlər, zəhərləyənlər və manyaklar yoxdur. Yəni, Moskvanın Ermənistanı sevmək üçün xüsusi bir səbəbi yoxdur. Moskvanın məyusluğunun səbəbi Ermənistanın hərbi biabırçılığı deyildi. Ağrının səbəbi tamamilə fərqli idi. Və bu, həqiqətən şiddətli bir ağrı idi. Məsələ burasındadır ki, rus arzusu, Rusiyanın milli fikri – hərbi texnikası tamamilə qeyri-adi formada, bükülmüş və tüstülənmiş şəkildə Bakı küçələri ilə nümayiş etidirildi. Azərbaycan hərbi qənimətlərlə bütün dünyaya öyündü: Moskvanın son illərdə səssizcə Qarabağa ötürdüyü bütün hərbi texnikanı göstərdi - məhv edilmiş və bükülmüş. Moskvada 9 may paradında bu qədər qürurla göstərilən texnikalar Bakıya da gətirildi. Moskva bu silahların təzə, boyalı, cilalı necə göründüyünü göstərirdi. Bakı həqiqi bir döyüşdən sonra Rusiya supertexnikasını və onun qiymətini göstərdi: S-300, S-400, “Pantsir”, qradlar, “Triumf”lar, tanklar, BRDM, zirehli personal daşıyıcıları, piyadaların döyüş maşınları - Rusiyanın səcdə qıldığı hər şey”.
Beləliklə, Nevzorovun “rus vətənpərvərləri” adlandırdığı şəxslərin aktivləşməsi baş verə bilər. Doğrudur, əslində onlar tamamilə vətənpərvərlər deyil, Kremlin hakimiyyətə can atan “qüllələrindən” biri ola bilər. Həm də onların rus olması mütləq olmaya da bilər. Marqarita Simonyanın, əri Tiqran Keosayan və Tina Kandelaki ilə birlikdə necə “rus vətənpərvərləri”nin yerini tutmağa çalışdığını görürük. Və hamısı Kremlin “qüllələrindən” birinin tərəfində oynayaraq, Rusiya dövlətinin və şəxsən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mənafeyinə zidd olaraq, məlumat və digər təxribatlar təşkil etməyə çalışa bilər.
Həmin Simonyan (“rus vətənprəvərlər”) ki, həmişə fəal şəkildə Ermənistanın silahlandırılması və güclənməsinə çalışıb. Həmin Simonyan ki, artıq tərəfdarlarını aktivləşdirərək, Ermənistanın Azərbaycanla müharibədə məğlub olmasını erməni hərbçilərinin super rus silahlarından düzgün və səriştəli istifadə edə bilməmələri ilə izah etməyə çalışır.
Və bu baxımdan ukraynalı hərbi ekspert Aleksandr Kovalenkonun AYNA-ya verdiyi şərhdən sitat gətirmək məqsədəuyğundur. O, hesab edir ki, Ermənistanın Dağlıq Qarabağdakı məğlubiyyəti heç bir halda Rusiya Federasiyasının Cənubi Qafqazdakı məğlubiyyəti deyil, əksinə, Moskva üçün açılmış perspektivdir. Axı, altı ay əvvəl Dağlıq Qarabağ ərazisində RF Silahlı Qüvvələrinin hərbiləşdirilmiş bir kontingenti yox idi və bu gün “sülhməramlı” adı altında olsa da, oradadır. Bundan əlavə, ekspertin fikrincə, bu qarşıdurma Rusiyaya Ermənistanın siyasi sistemini yenidən formalaşdırmaq üçün yeni imkanlar açdı: hadisənin apogeyi Moskvanın Ermənistanı anşlüzü və orada tam oyuncaq hakimiyyətin yaradılması ola bilər.
“Silahlara gəlincə, ənənəvi olaraq Rusiya silah növləri texnoloji cəhətdən geri qalmış sayılır. Dağlıq Qarabağ məsələsində, Suriyada və Liviyada olduğu kimi, düşmən hücum PUA-larının tamamilə hava üstünlüyü qarşısında döyüş əməliyyatları aparmağa hazır deyildi. Digər tərəfdən, erməni hərbiləşdirilmiş birləşmələri, əsasən mənəvi və texniki cəhətdən köhnəlmiş avadanlıqların müasir silahlanma şəraitində “dönüş nöqtəsi” sayıla biləcək təsirli bir element kimi aktuallığını itirmiş texnikalarla silahlanmışdı. Bununla birlikdə, bölgədəki rus silahları həmişə ya bir balans, ya da disbalans rolunu oynayıb. Və yuxarıda göstərilən Ermənistanın anşlüzünün yaxın gələcəkdə meydana gələcəyi təqdirdə, respublikanın yeni rəhbərliyinin Moskvanın rəğbətini qazanaraq qüvvələr tarazlığını ciddi şəkildə pozan daha müasir silahlar almağa başlayacağı istisna deyil”, - deyə Kovalenko vurğulayır...