Vaqif Əsədov: “Vətəndaş-polis münasibətlərində gərginlik yaranmasını kim istəyər ki?!”
Paytaxt Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir. Sərnişinlərin məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, onların COVID-19 infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır və son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorla əlaqəli olması ehtimal edilir.
AYNA bildirir ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edib. Müraciətdə bildirilir ki, qeyd olunan halların qarşısının alınması məqsədilə BDYPİ bir daha hərəkət iştirakçılarından, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən xahiş edir ki, özlərinin və yaxınlarının sağlamlığının qorumması naminə, habelə bu tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməmələri, eləcə də xüsusi karantin rejiminin yenidən sərtləşdirilməməsi üçün mütləq qaydada tibbi maskalardan istifadə etsinlər və avtobuslarda mümkün qədər daha çox sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinsinlər.
Lakin məlum olduğu kimi metro işləmir, buna görə də nəinki avtobuslarda, eyni zamanda da dayanacaqlarda sıxlıq yaşanır. Bakı Nəqliyyat Agentliyi mətbuata açıqlamasında bildirir ki, bütün marşrut xətləri üzrə maksimum sayda avtobusların fəaliyyətini təmin etməyə çalışırlar. Görünən mənzərə isə onu deməyə əsas verir ki, metro açılmasa, Bakı Nəqliyyat Agentliyi bu sıxlığın qarşısını almaq gücündə deyil.
Bəs, belə olan halda BDYPİ-nin mətbuatda yayımlanan xəbərdarlığı sıxlığa görə vətəndaşlara cərimə yazılacağının xəbərçisi ola bilərmi? AYNA-nın sualını BDYPİ-nin mətbuat katibi Vaqif Əsədov cavablayıb. O, deyib ki, BDYPİ insanların özlərinin qayğılarına qalmasının, yoluxma sayının azalmasının tərəfdarıdır:
“Bilirik ki, qapalı yerlərdə qoruyucu vasitələrdən istifadə edilməməsi virusa yoluxma sayına təsir edir. Belə olduğu halda insanların sıx toplaşdığı qapalı yerlərdə, hərəkət intensivliyi yüksək olan ərazilərdə qoruyucu maskalardan istifadə etməmək, sosial məsəfəni gözləməmək təhlükə deyilmi? Bir daha vətəndaşlardan xahiş edirik, ən azından qoruyucu vasitələrdən istifadə etsinlər, sosial məsafəni gözləsinlər. Çalışsınlar, insanların sıx olduğu yerdən bir qədər kənarda dayanasınlar. Taksi xidmətlərindən istifadə edərkən şəffaf arakəsmənin olmasının yəqinləşdirdikdən sonra hərəkət etməyə üstünlük verilsin”.
V.Əsədov bildirir ki, bunları deməklə vətəndaşları cərimə etmək fikirləri yoxdur: “Biz profilaktik tədbirlərin keçirilməsinə üstünlük verməklə yoluxma sayının azalmasının tərəfdarıyıq. Bu gün vətəndaş-polis münasibətlərində gərginlik yaranmasını kim istəyər ki?! Vətəndaş-polis münasibətlərində yüksək səviyyədə həmrəyliyin təşkil edildiyi bir gündə niyə vətəndaşlara cərimə yazılacağını deyək?! Vətəndaşlara cərimə yazmaq son həddir. Hər kəs özü özlüyündə sağlamlığı naminə diqqətli olmalıdır. Tələbləri öyrənməyə və yerinə yetirməyə çalışmalıdır”.