Tıxac Bakıda "at oynadır" - İki məmurun avtomobil sevdası...

Cəmiyyət

04.10.2022 - 16:58

Nə üçün tıxac probleminə görə Prezident İlham Əliyev göstəriş verməlidir?

Sumqayıt necə sənayə şəhəridir ki, əhalisinin 70 faizi işləmək üçün Bakıya gəlir? Xırdalan, Masazır, Sulutəpə qarışıq qəsəbələr olduğu üçün onların sakinlərinin Bakının mərkəzi ilə birbaşa əlaqəsi var. Çünki məmur-oliqarxlar həyət evlərini alıb bina tikdiyi üçün həmin o həyət evlərinin sakinləri gedib Xırdalandan, Masazırdan, Sulutəpədən ev alıblar. Amma əsas iş yerləri mərkəzdə qaldığı üçün hər gün gedib-gəlmək lazım olur. Bunun üçün ictimai nəqliyyat varmı? Yoxdur. Bəs sakinlər nə edir? Maşın almağa çalışır. Düşünür ki, plana düşən evə görə babat pul veriblər. “Kənardan bir ev alım. Bir dənə də maşın, mərkəzə işə rahat gəlib-gedərəm”.

İctimai nəqliyyat yaxşı işləsəydi belə olmazdı. Adam maşın alsa da, avtobusa, metroya minərdi. Amma minmir. Gücü çatan maşın alır, çatmayan isə “manatlıq” taksilərə üz tutur. İctimai nəqliyyatı məqsədli şəkildə çökdürən məmurlar isə bundan həzz alır və dünən Baş nazirin qarşısında pafoslu cümələlərlə çıxışlar edirdilər.

Nə üçün tıxac probleminə görə Prezident İlham Əliyev göstəriş verməlidir? Yol çəkilir, Prezident nəzarət edir, tıxac yaranır, Prezident göstəriş verir, yolları su basır, yenə Prezident tapşırıq verir. Əgər hər şeylə Prezident məşğul olacaydısa, o zaman siz məmurlar nəyə lazım idiniz?

Məgər, Azərbaycanda hər kəs öz işini görə bilmir? Bilir. Sadəcə hər bir məmur öz yerində ayrıca ağadır. Birinin sözü digərinə xoş getmir. O deyir, pullu işlər məndə olsun, bu deyir, yox, məndə olsun, sən cavansan. Axı belə olmaz. Belə olanda inkişaf getmir, cənablar. Niyə şəxsi maraqları dövlət maraqlarından üstün tutursunuz?

Dünənki müşavirədə yəqin ki, ciddi qərarlar qəbul olunub. Amma bu cür qərarların ictimai müzakirəyə çıxarılması lazımdır. Yenə də otaqlarda qərar verəndə heç bir effekti olmayacaq. Bu otaq sevdası bitməyincə heç nə düzəlməyəcək. Biz də bu cəmiyyətə fayda vermək istəyirik. Onsuz da danışdıqlarımız, dedikərimiz təklifdir, vəziyyətdən çıxış yoludur. Sadəcə hər birimizin birgə əməyi sayəsində vəziyyəti qaydasına sala bilərik.

Keçən il yarım saata, 40 dəqiqəyə getdiyimiz yolu bu gün 2 saata gediriksə, artıq problem böyükdür.

Dəfələrlə demişik ki, nəqliyyat canlı orqanizmdir. Bu gün böyrəkdə problem yaranırsa və onu vaxtında müalicə etmirsənsə, vurub başqa orqanları da sıradan çıxardır. Bir də ayılıb görürsən ki, xərçəng bədəndə at oynadır. Bəli, tıxac bir xəstəlik kimi Bakıda "at oynadır". Çünki nəqliyyat siyasətini düzgün qurmamışıq. Nəqliyyatda dəyişiklik və yenilik deyəndə sanki bəzi məmurların şəxsi həyatını dəyişdirib inkişaf etdirməsi nəzərdə tutulur. O saat ildə iki dəfə maşın dəyişmək, evi dəyişmək, bağ evi almaq, kostyumların sayını çoxaltmaq nəzərdə tutulur.

Dünən o müşavirədə basıb-bağlayan iki məmurun avtomobil sevdası, bahalı həyat tərzini dəqiq bildiyim üçün deyirəm bunları. Sadəcə boş-boş danışıb getdi o iki nəfər. Hansı ki, Bakının əsas nəqliyyat yükü onların üzərində idi.

Bu müşavirənin ciddi nəticələrini gözləyirik. Nəticə olmasa, deməli “Bakı ölüb, aparıb basdıran yoxdur”. Və getdikcə vəziyyət daha da gərgin olacaq.

Təkliflərim bunlardır:

1 - Kənd Təsərrüfatı Nazirliyi, Dövlər Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi şəhərin kənarlarına köçürülməlidir.

2 - Fövqəladə Hallar Nazirliyinin Bakının mərzində ən azı 5 binası var. Hələ də çox adam bilmir ki, əsas bina hansıdır. Onların ən azı 4-nü kənara köçürmək lazımdır.

3 - Ali məktəblər birmənalı olaraq şəhərdən kənara köçürülməlidir.

4 - Orta məktəblərdə məktəbli avtobusu servisi işə salınmalıdır.

5 - Bakının mərkəzində iri ticarət obyektlərində, restoranlarda işə başlanmanı günlər və saatlar üzrə bölmək lazımdır.

6 - 20 Yanvar dairəsini boşaltmaq. Sumqayıt və Abşeronun qəsəbələrinə gedən sərnişinləri Avtovağzal stansiyasına yönləndirmək. Sumqayıtdan Bakıya gələn, Bakıdan Sumqayıta gedən tələbələr üçün güzəştli avtobus kartları tətbiq etmək önəmlidir. Tələbələri ictimai nəqliyyata qaytarmaqla Bakı-Sumqayıt yolunda maşınların sayını azalda bilərik.

7 - Dəniz üzərindən yol - Bibiheybətdən Zığa. Neftçilər prospektində boğulmanı azaldacaq.

8 - Boyük Şor gölü üzərindəki yola yük maşınlarını yönləndirməklə Binəqədi şosesini boşaltmaq olar.

9 - Xırdalan dairəsində asma körpü və tunel vasitəsilə şaxələnmə yaratmaqla dairədəki xaosu aradan qaldırmaq olar.

10 - Zabrat yolunu genişləndirmək.

11 - Bundan sonra yol kənarlarında hər hansı obyektin tikintisini məhdudlaşdırmaq. Konkret məsafə müəyyən edilməlidir.

12 - Sulutəpə dairəsindəki körpünü şaxələndirmək.

- 20 Yanvardakı tuneldən “Şamaxinka”ya yol atmaq. Gənclikdəki modelə oxşatmaq olar.

13 - 20 Yanvardakı körpüdən Qələbə dairəsi və Şərifzadə küçəsi istiqamətində, eləcə də 3-cü mikrorayon dairəsi tərəfə əlavə qanadlar atmaq.

14 - Piyadaların hərəkətini ciddi şəkildə tənzimləmək.

15 - Pafoslu, boş-boş düşüncələri kənara tullamaq. Həyata keçirilən layihələrin inkişaf strategiyasini monitorinq etmək, gələcək effektini izləmək.

16 - Köhnə maşınları dərhal sıradan çıxarmaq. Yeni gətirilən maşınlarla bağlı konkret sərt tələblər qoymaq.

17 - Sürücülərin təkmilləşdirilməsini həyata keçirmək. Yol-nəqliyyat hadisələrinə qarşı mübarizə aparmaq.

18 - İnsan həyatına dəyər vermək....

Ən vacib təkliflər isə bunlardır və dərhal icra olunmalıdır:

1 - İctimai nəqliyyatı inkişaf etdirmək, avtobusların sayını artırmaq. Bunun üçün daşıyıcı şirkətlərə dövlət dəstəyi

2 - Metro şəbəkəsini təcili şəkildə inkişaf etdirmək, bir çox istiqamətlərə metro stansiyaları çəkmək, metronun 50 illik inkişaf strategiyasını hazırlamaq.

3 - İctimai nəqliyyatın alternativ növləri olan tramvay va tralleybusu işə salmaq.

4 - Taksi fəaliyyətini təkmilləşdirmək, bu sahədə ciddi nizam-intizam yaratmaq.

5 - Taksi duracaqları və parklanma yerləri yaratmaq. Parkinq yerlərinin yaradılması üçün sahibkarları cəlb etmək.

Bunlar ilkin təkliflərdir. Müzakirə edib daha təkmil variantlar üzərində işləmək olar. Əsas odur şəxsi maraqlar yox, dövlət maraqlı öndə getsin!

Elməddin Muradlı - Avtosfer.az saytının baş redaktoru

Müəllif: Ayna.az