İrəvanda nələr baş verir: yenidən Moskvanın çətiri altına sığınmaq, yoxsa...?
Avropa ilə əlaqələrin inkişafı Ermənistanın sabitliyini artırır. Bu barədə iyulun 3-də ölkəsinin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verib.
Daha dəqiq desək, o, Ermənistanla Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələrin inkişafını nəzərdə tuturdu. Bəli, rəsmi İrəvanın Qərbin dəstəyini almaq və xarici siyasətini şaxələndirmək istəyi başadüşülən və gözlənilən addımlardır. Amma məsələ ondadır ki, tətbiq ilə reallıq arasında böyük uçurum var.
Bu məqam əslində Ermənistan-Rusiya münasibətləri və Qərbə istiqamətlənmə ilə bağlı Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın bugünlərdə jurnalistlərə verdiyi açıqlamada xüsusi vurğulanıb: “Avropaya istiqamətlənmə blefdir, xalqımız yenə aldadılır. Aİ-də bizi heç kim gözləmir, bəlkə, 20-30 ildən sonra bu hal baş verəcək, amma bu gün danışanlar bunu görməyəcək”.
Oskanyanın fikrincə, Rusiya Ermənistanı Azərbaycanla əvəz edə, Ermənistanı tamamilə unuda və öz strateji problemlərini Bakı vasitəsilə həll edə bilər: “Biz artıq Şimal-Cənub yolunu itirmişik, mən bu yaxınlarda üç müxtəlif proqrama baxmışam, Ermənistan heç bir xəritədə yoxdur, bu yol Hindistandan, Bəndər Abbasdan Rusiyaya, Azərbaycandan Avropaya gedir, bizimkilər hələ də hansısa “dünyanın kəsişməsi” yolundan danışırlar. Halbuki, biz təkcə Şimal-Cənub yolunu deyil, həm də Şərq-Qərb yolunda iştirak şansını itirmişik. Heç bir yol yoxdur”.
“Gürcüstan daha çox bir-birini tamamlayan siyasət yürüdür, Azərbaycan həmişə balansı qoruyub saxlaya bilib, indi bizə rəğmən Rusiya ilə münasibətlərini daha da dərinləşdirə və bizi əvəz edə bilər. Gürcüstan da Rusiya ilə münasibətlərini normal vəziyyətə gətirəcək. Biz tam təcrid vəziyyətində olacağıq və buna bizi qarşımızda duran siyasət gətirib çıxarır. 100% Qərbə doğru getsək də, dəyərini itirəcək, çünki biz Türkiyənin təsiri altına düşsək, dolayısı ilə Rusiya bölgədə bizə bir əvəz tapa bilər”, - deyə sabiq nazir vurğulayıb.
Bunun fonunda İrəvanın “Hraparak” nəşri çox maraqlı material dərc edib. Orada iddia olunur ki, “geosiyasi proseslər, xüsusən də ABŞ və Fransanın hakim rejimlərinin mümkün dəyişməsi, Ukraynanın paralel ehtimal olunan fiaskosu və müvafiq olaraq, Rusiyanın mövqeyinin bərpası bir vaxtlar rusofob olan Nikol Paşinyanı növbəti dəfə Rusiya Prezidenti Vladimir Putinin qucağına itələyib”.
Nəşrin qənaətinə görə, Baş nazir Paşinyan hesablayıb ki, Ukrayna cəbhəsindəki qələbədən sonra Rusiya regiona “qayıdacaq” və buradakı problemləri həll edəcək: “Və Paşinyanı müdafiə edən fövqəldövlətlərin liderləri hakimiyyətlə vidalaşdığına görə, indi Qərbdən Rusiyaya üz tutmağın vaxtıdır. Bu səbəbdən bir gün əvvəl Paşinyan barmağı ilə çoxlarını hədələyərək Aİ-yə üzvlük məsələsinin referenduma çıxarılmayacağını demişdi. Və elə həmin gün o, ölkəsinin Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı (yeri gəlmişkən, onun vəzifəsinə cəmi bir neçə ay qalıb) Rusiyanın Belqorod şəhərinə göndərməyə tələsdi. Baxmayaraq ki, burada Ukrayna Silahlı Qüvvələrinin raket atəşi nəticəsində yaşayış binalarından biri hələ mayın 12-də dağıdılmışdı”.
“Hraparak”ın “Vətəndaş müqaviləsi”ndəki mənbələri istehza ilə qeyd edirlər ki, “yaxın gələcəkdə erməni xalqı müxtəlif rütbəli erməni məmurlarının rus çəkmələrini yaladıqları yeni epizodların şahidi olacaqlar”.
Bəli, nə az, nə də çox. Necə deyərlər, nağıl başa çatdı. Elə “Armenian Report” nəşrində çıxan məqalə də təxminən eyni tonda alınıb.
Onlar bildirirlər ki, artıq xəbərlər peyda olub - Avropa Parlamentinə daxil olan sağçı partiyalar fəal şəkildə yeni fraksiya yaratmaq üzərində işləyirlər, onun fəaliyyəti Aİ-nin mövcud siyasətinə, o cümlədən anti-Rusiya sanksiyalarına qarşı yönələcək. Nəşr onu da xatırladır ki, Fransada bazar günü keçirilən növbədənkənar parlament seçkilərində Marin Le Pen və Jordan Bardellanın başçılıq etdiyi “Milli Birlik” 34 faiz səs toplayıb.
“Rusiyanın cinayətləri ilə bağlı Le Penin mövqeyini xatırlamağa dəyməz. Hər halda, Marin Le Penin “Milli Birlik” partiyasının üzvlərinin Avropa Parlamentindəki (AP) digər qruplarla danışıqlar apardığı, nəticədə partiyanın Macarıstanın Baş naziri Viktor Orbanın “Avropa Naminə Vətənpərvərlər” alyansına qoşula biləcəyi barədə məlumatlar üzə çıxıb. Söhbət məhz bundan gedir - Putin Rusiyası üçün son dərəcə faydalı bir tendensiya var”, - deyə “Armenian Report” yazır.
Onların əsas qənaəti nədir? Orada həyəcan təbili çalırlar. Onlar deyirlər ki, Rusiyanın şərtləri ilə sülhün vacibliyindən getdikcə daha çox danışılır.
“Diktaturaya təslim olmaq məhz belə görünür və bu, Ermənistan demokratiyasını təhdid edən reallıqdır”, - deyə erməni nəşri vurğulayır.
Bu da yaxın vaxtlarda rəsmi İrəvanın növbəti mövqe dəyişməsini görmək ehtimalının yüksək olduğunu sübut edir. O İrəvanın ki, güman etmək olar ki, təkcə Rusiyanın çəkmələrini yalamayacaq.