Ərdoğan İmamoğluna demək istəyir ki, "başından böyük işlərə qarışma"

Siyasət

26.12.2019 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə gündəmin iki əsas mövzusu

 

Türkiyə gündəmini hazırda iki sual ətrafında müzakirələr məşğul edib. Birinci sual: Türkiyə Liviyaya əsgər göndərməlidirmi? İkinci sual: “Kanal İstanbul” tikilməlidirmi?

 

Liviya hökuməti Türkiyədən hərbi dəstək istəyir, əks halda müxalif general Xaftar paytaxt Tripolini ələ keçirəcək. Xaftarı rəsmi və qeyri-rəsmi dəstəkləyən dövlətlər var. Xaftar Liviyanın tamamına nəzarəti əlinə keçirsə, bu dövlət bölgədə formalaşan anti-Türkiyə blokuna qoşulacaq. Buna görə də Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Liviya əsgər göndərməkdə tələsir. Cumhuriyyət Xalq Partiyası bunun əleyhinədir. “Biz Liviyanın daxili işlərinə qarışmamalıyıq” prinsipindən çıxış edən Cumhiryyət Xalq Partiyasına Ərdoğan belə cavab verib ki, vaxtilə böyük Atatürk də Liviyada xidmət keçib. Ancaq Atatürk Osmanlı imperiyasının dövründə Liviyada xidmət keçib, Cumhuriyyət qurulduqdan sonra xarici və təhlükəsizlik siyasət dəyişib.

 

“Kanal İstanbul” ideyası da Ərdoğana məxsusdur. Yeni kanal Bosfor və Dardanel boğazlarının yükünü azaltmalıdır. Yeni kanalın ətrafında yaşayış yerləri də tikiləcək. Buna qarşı da güclü müxalif fikir formalaşır. Birincisi, deyirlər ki, iqtisadi durum Türkiyəyə meqa layihəyə böyük xərclər tökməyə imkan vermir. İkincisi, yenal kanalın ekoloji zərərləri hesablanmayıb. Üçüncüsü, Süveyş və Panama kanallarından fərqli olaraq “Kanal İstanbul” gəmilər üçün məsafəni qısaltmayacaq. İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlu da yeni kanal tikintisinin əleyhinədir. Ərdoğan buna belə cavab verir: “Bu, bələdiyyə deyil, dövlət layihəsidir”. Yəni Ərdoğan İmamoğluna demək istəyir ki, "başından böyük işlərlə məşğul olma!".

 

Belə görünür ki, Ərdoğan həm Liviyaya əsgər göndərmək, həm də “Kanal İstanbul” məsələsində haqlı olduğunu sübut etmək məcburiyyətindədir. Çünki, Liviyada Xəftar hərbi əməliyyatlarını uğurla davam etdirərsə və bu zaman Türkiyə hərbçiləri arasında itkilər olarsa, Türkiyə cəmiyyətində sualların sayı artacaq.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi