Tərtər cinayətini törədənlər müttəhimlər kürsüsünə doğru: istər general olsun, istərsə də...

Cəmiyyət

06.09.2022 - 14:14

Məlahət İbrahimqızı: “Onların əsas məqsədi tarixi Zəfərimizin qarşısını almaq idi. Buna isə nail olmadılar”

Aqil Abbas: “Bu bir təxribat idi. Əsas məqsəd dövləti aldatmaq, hərbçiləri ruhdan salmaq, nifaq toxumu səpmək idi”

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov “Tərtər işi” ilə bağlı təqsirləndirilən şəxs qismində həbs olunub.

Baş Prokurorluğun yaydığı məlumata görə, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işlərinin icraatı təzələnib.

Beləliklə, cinayət işləri üzrə icraatın yenilənməsindən ötən müddət ərzində ümumilikdə 17 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, onlardan 12 nəfər barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində axtarış elan olunub, 4 nəfər isə başqa cinayətlərə görə cəza çəkmə müəssisələrində cəza çəkdikləri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilməyib.

Rəsmi açıqlamalara görə, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən olunub.

Qeyd edək ki, 2017-ci ilin aprel-iyun aylarında casusluqda şübhəli bilinən hərbçilərin və mülki şəxslərin ağır işgəncələrə məruz qalması, öldürülməsi və alçaldılması dərin hiddətlə qarşılanıb. İctimaiyyət işgəncədə və qeyri-insani rəftarda adı keçən şəxslərin təcili olaraq cəzalandırılmasını, onların barəsində hüquqi müstəvidə ölçü götürülməsini tələb edirdi.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı AYNA-ya açıqlamasında bildirib ki, “Tərtər hadisələri” cəmiyyəti narahat edən əsas müzakirə mövzularından biridir: “İlk növbədə onu qeyd edim ki, Tərtər hadisələri zamanı hərbçilərimizin və mülki vətəndaşlarımızın işgəncələrə və qeyri-insani rəftara məruz qalması lənətə layiqdir və bu cinayətdə iştirakı olan hər kəs öz layiqli cəzasını alacaq. Müvafiq qurumlar bu istiqamətdə ciddi araşdırmalar aparır və rütbəsindən, statusundan asılı olmayaraq, cinayətin iştirakçıları məsuliyyətə cəlb olunurlar. Şübhəsiz ki, bu bir başlanğıcdır və bu cinayətdə əli olanların hamısı hüquqi müstəvidə cavab verəcək. 44 günlük vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Bu zəfərdə iştirak edən, torpaqlarımızın keşiyində dayanan, sərhədlərimizin toxunulmazlığını qoruyan hərbçilərimizə qarşı həyata keçirilən bu cinayətin iştirakçılarının əsas məqsədi də Azərbaycan Ordusunu üz-üzə qoymaq, hərbçilərimizin arasına nifaq toxumu əkmək, bununla da qüdrətli ordumuzu zəiflətmək idi”.

Deputatın sözlərinə görə, təkcə Azərbaycanda deyil, digər ölkələrdə də dəfələrlə buna bənzər hadisələr baş verib: “Qardaş Türkiyə Ordusu dünyanın ən əzəmətli ordularından biridir. Orada da buna oxşar hadisələr baş verib. 2013-cü il mayın sonu, iyunun əvvəllərində İstanbuldakı Gəzi parkında ağac kəsilməsi bəhanəsi ilə Türkiyə hökumətini, milli layihələrini və beynəlxalq maraqlarını hədəfə almaq,  eləcə də 2016-cı ilin iyulunda  FETO terror təşkilatının dövlət çevrilişi cəhdini buna misal göstərə bilərik. Türk ordusunda da Türkiyə dövlətini zəiflətmək istəyən, məkrli xarici dairələrin maraqlarına xidmət edən xəyanətkarlar olub. Bu ABŞ-da da baş verib, digər ölkələrdə də. Habelə Birinci Qarabağ müharibəsi zamanı da biz bu cür olayların şahidi olmuşuq. Onlar düşünürdülər ki, təxribatçı və cinayətkar əməlləri ilə tarixi Zəfərimizin qarşısını ala biləcəklər. Lakin 44 günlük vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə onların bu mənfur arzularını gözlərində qoydu. Bu gün isə onların barəsində hüquqi ölçü götürülür, layiq olduğu cəzalara məhkum edilirlər” – İbrahimqızı vurğulayır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas mövzu ilə bağlı AYNA-ya şərhində söyləyib ki, Baş Prokurorluğun “Tərtər işi” ilə bağlı araşdırmaları təqdirə layiqdir: “Baş Porkuror Kamran Əliyevin və rəhbəri olduğu qurumun bu istiqamətdə səylərini yüksək qiymətləndirirəm. Şübhəsiz ki, bu cinayətin aşkara çıxarılması, cinayətdə iştirakı olanların məsuliyyətə cəlb edilməsi ən yüksək siyasi iradəni ifadə edir. Bu həm də bir başlanğıcdır və əminəm ki, bu cinayətdə əli olan şəxslərin hər biri həbs olunacaq. Mümkündür ki, bu hadisələr zamanı kimlərsə casusluq ediblər. Bu kimi hallar istisna edilmir. Bu bütün ordularda olduğu kimi, bizim orduda da baş verə bilər. Lakin döyüb öldürməklə, ağır işgəncələrə məruz qoymaqla bunun qarşısını almaq mümkün deyil. Hesab edirəm ki, bu, təxribat idi”.

Deputat qeyd edir ki, təxribatçıların əsas məqsədi dövləti aldatmaq, hərbçiləri ruhdan salmaq, nifaq toxumu səpmək idi: “Onlar ilk növbədə buna nail olmaq istəyirdilər ki, ölkə rəhbərliyini aldatsınlar. Elə rəy yaratsınlar ki, guya orduda mərkəzdənqaçma meylləri güclüdür. Dövləti aldatmaq, hərbçiləri ruhdan salmaq, nifaq toxumu səpməklə ordumuzu zəiflətməyə çalışırdılar. Lakin göründüyü kimi, buna nail olmadılar. 44 günlük vətən müharibəsində əldə olunan tarixi Zəfərlə bu arzuları gözlərində qaldı. Tarix isə bu gün onları müttəhim kürsüsündə ədalətin qarşısına çıxarır. Heç şübhəsiz ki, onlar layiq olduqları məqama çatacaq, törətdikləri əməllərə görə, cəzasız qalmayacaqlar. Ölkə rəhbərliyinin, Baş Prokurorluğun bu istiqamətdə atdığı addımlar bunun bariz nümunəsidir” – deyə Abbas fikrini tamamlayır.

Müəllif: Azər Niftiyev