Tənha yaşayan övladsız, ərsiz qarılar kimi deyinirlər...
Bu qoca şairlər, yazıçılar elə bilirlər ki, onlardan sonra Azərbaycan ədəbiyyatı ölüb. Bunları kim aldadıb? Ahıl yaşlarında bu yazıqlarla hansısa şıltaq birinci aprel günündə elə zarafat ediblər ki, bütün ömürləri boyu gülünc bir yalana inana-inana yaşayır, gileylənir, şikayətlənirlər. Diqqət edirəm, həmişə şikayət edənlər ədəbiyyatda bir yer tuta bilməyən, uğur qazana bilməyən adamlar olur. Özlərinin kiçik dünyalarında böyük xəyali zirvələr yaradır və orda ucqar kənd yerlərində tənha yaşayan övladsız, ərsiz qarılar kimi deyinirlər.
Hərçənd, ədəbiyyatımızın bütün dönəmlərində fövqəladə istedadları olub, bu gün də var. Bu gün əvvəlkilərdən daha aydın, daha sürətlə inkişaf edən, daha dünyəvi fikirlərə qapı açan, daha böyük toplumlara xitab edən ədəbiyyat adamlarımız var. Kompüter, internet, sosial media dövrü olduğu üçün bütün yazı adamları göz önündədir. Sərbəst bir platformada hamısı öz əsərini sərgiləyir. Beləliklə, "yazan çoxdur", "hamı şair-yazıçıdır" fikri formalaşır. Bu, belə deyil. Əslində, bundan əvvəlki dövrlərdə əhali sayına görə yazıçı-şair sayı hansı riyazi nisbətdə idisə, indi də elədir. Sadəcə əvvəllər hamısını görmək, oxumaq olmurdu, indi isə hamısı bir düymə toxunuşu qədər yaxınınızdadır.
Bu sadə məntiqi görməyən, fikirləri sovet dövrü sərhədləri daxilində var-gəl edən, məişət həyatlarında olduğu kimi, ədəbiyyatla bağlı düşüncələrinə də tikanlı məftillər çəkən, yeni nəsilə və yeni fikirlərə nizələr, odlu silahlar tuşlayan sənət terrorçularının giley-güzarı ürək bulandırır.
İçində istedadlılar da var. Amma sənət istedaddan ibarət deyil. Ən az istedad qədər bilik, sevgi, zəhmət və cəsarət lazımdır sənətə çevrilmək üçün. Onlar üçün məmura sitayiş etməklə, ev, titul, təqaüd dilənməklə, kürsülərə mədhiyyələr yazmaqla, toplum qarşısında sənətsəl missiya olan bütün haqq-ədalət çağırışlarına susmaqla ucalmaq, yüksəlmək mümkün deyil. Bunu sənət də, tarix də, xalq da qəbul etmir! Sizi qəlibləriniz və qorxularınız uçurum cəngəlliklərində yaralayırsa, bunun hirsini gənclərdən niyə çıxırsınız?
Bütün uğursuzluqlarınıza barı bircə dəfə cəsarətlə etiraz əlinizi qaldırıb intihar edin! Bəlkə daha çox sənətə və tarixə çevrilmək şansınız olar!?