Kişilər var-dövlət, qadınlar isə ehtiyac içində boğulanda xəyanət edirlər

Mədəniyyət

24.07.2021 - 22:35

Həkimlər Klinikalar SEO Xidməti

Birazdan qapılar bağlanacaq, küçələrlə sürünən əyyaşların söyüş səslərindən şəhərin qulağı batacaq

 

Qalaq-qalaq işlərin təzəcə öhdəsindən gəlib, bir mahnı açırsan ki, dinləyəsən, gözün pəncərənin jalüzlərinin arasından axıb şəhərin qoynuna atır səni. Bir tərəfdə qara şəhərin yeni salınmış ağ binaları göz qamaşdırır, bir tərəfdə zavodların işgəncələrindən xilas olan qara tüstülər dənizin üfunətli qoxusuyla sevişir, bir tərəfdə isə üstü kirli qara fəhlələr bahalı maşınların ütülədiyi asfalt küçələrin kənarıyla evə çatmağa tələsirlər.

 

Qəfildən neft vaqonlarını arxasıyca sürüyən parovozun siqnalı səni qaranlıq dünyandan qoparır. Xəyalın vücudunu Bakının qara qızılını qara su qiymətinə satmaq üçün daşıyan vaqonlara mindirib şəhərin yorğun gecələrinin sonuncu dayanacağına qədər aparır. Yolüstü bulvarın taqətdən düşmüş küləyiylə də sevişirsən iki vaqonun arasında gizlənib.

 

Sonra da üzünü saxta təbəssümlərlə bəzəyib paytaxtın ötən əsrdən miras qalmış dar küçələrinin zirzəmilərini dolaşırsan. Çiynində gün ərzində yığılıb qalan ağırlıqdan yüngül içkilərlə xilas olmağa çalışırsan. Ancaq şəhərin havası səndən tez sərxoş olub və karantin gecələrinin məhdud saatlarında əyyaşlığa gecikirsən. Bu şəhərin bünövrəsi belə qurulub: gündüzlər işgüzarlığından qürurlanır, axşamlar əyyaşlığından şikayətlənir, gecələr isə qoynunda gizlətdiyi xəyanətləri bəsləyir.

 

Dönüb baxırsan ki, sən bir az əvvəl gəldiyin qatarla indi qatar-qatar sərnişinlər düşüb arxanca addımlayır. Hər kəs bir-birini izləyir, hamı bir-birinə oxşayır darısqal zirzəmilərdə. Qiyafətlərindən tutmuş əllərindəki qədəhlərə qədər eyni qəlibdə kəsilib: eyni gecəni üstünə örtən oxşar bədənlər və ruhunu evdə soyunub gəlmiş gənc əyyaşlar. Burda bütün sevgilər də oxşardır, xəyanətlər ekizdilər. Çünki məmləkətdə kişilər var-dövlət, qadınlar isə ehtiyac içində boğulanda xəyanət edirlər. Fəhlələrsə zirzəmilərin yolunu belə, tanımır.

 

Vaxt isə bizi ayağının altına alıb sürətlə irəliləyir. İndi hər kəsin ortaq düşməni var – saat və onun amansız əqrəbləri: zirzəmilərin əliyalın sakinləri və silahlanmış səlibçilər. Birazdan qapılar bağlanacaq, küçələrlə sürünən əyyaşların söyüş səslərindən şəhərin qulağı batacaq. Qanunlar nə qədər sərt olsa, insanlar bir o qədər çox qətlə yetirilir. Ona görə də karantin günlərində insanlar xəstəlikdən deyil, əsarətdən ölürlər. Əyyaşlar isə kainatdakı sonuncu demokrat ünsürlərdir və ölümə əllərindəki boş qədəhlə “xoş gəldin” deyirlər.

 

İndi parovoz səsi də kəsilib, sonuncu dispeçer işıqları keçirib və bu qədər sərxoş gəncliyi çiyninə alıb daşıyan kimsə yoxdur. Şəhərdə mürgü vuran polislərdən və skamyaların yerli sakinləri olan fahişələrdən başqa kimsə yoxdur. Hər yeri bağlayıb, kasıbları atıblar küçələrə. Şəhər infeksiyanın məsuliyyətini ciyərlərində daşıyan potensial pandemiya qurbanları ilə dolub.

 

Kimisi ölü kimidir lap, zümzümə elədiyi mahnı kəlmeyi-şəhadətə bənzəyir, kimisi də çoxdan ölüb, bədəni asfaltda sürünür, ruhu isə cəhənnəmə yollanmaq üçün taksi axtarır. Beləcə sonuncu taksi də gözdən itir və külək pəncərənin jalüzünü tərpədir. Xəyalların yuvasına çəkilir, ancaq mahnı hələ bitməyib...

Müəllif: Xəzər Əlizadə