Sülh üçün yeni platforma: Astananın təklifinə Bakı və İrəvanın cavabı nə olacaq?

Siyasət

16.04.2024 - 14:10

BMTM-nin şöbə müdiri: “Qazaxıstanın təklifinə Qərbin yanaşması necədirsə, İrəvan da o yanaşmanı sərgiləyəcək”

Ötən gün Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev Ermənistanda səfərdə olub. Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvandakı birgə bəyanatda Tokayev Azərbayca-Ermənistan sülh danışıqları barədə maraqlı təkliflə çıxış edib. Qazaxıstan lideri deyib ki, rəsmi Astana Az-rbaycan-Ermənistan sülh danışıqları üçün platforma ola bilər.

“Qazaxıstan İrəvan və Bakıya maksimum kömək göstərməyə və hər iki ölkə üçün danışıqlar platforması təklif etməyə və xoşməramlı missiyanı yerinə yetirməyə hazırdır. Biz İrəvan və Bakının sülh sazişi imzalamaq istəyini alqışlayırıq. Əsas məqsədimiz iki dost ölkəmizin mövqelərini bir araya gətirmək, regionda sabit və dinc inkişaf üçün kommunikasiyaların açılmasını təmin etməkdir”, - deyə Tokayev vurğulayıb.

Paşinyan isə deyib ki, İrəvan Bakı ilə əvvəllər razılaşdırılan prinsiplər çərçivəsində sülh sazişini imzalamağa hazırdır. Baş nazir bildirib ki, İrəvanın təklif etdiyi “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər: “Qazaxıstan Prezidentinə Azərbaycanla danışıqların son vəziyyəti barədə məlumat verdim. Ermənistanın Azərbaycanla razılaşdırılmış prinsiplər əsasında regionda sülh və sabitliyi bərqərar etməyə hazır olduğunu bir daha təsdiqlədim. Bunlar 1991-ci ildə qəbul olunmuş Alma-Ata Bəyannaməsinin müddəaları əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, iki ölkə arasında delimitasiyanın həyata keçirilməsi, eləcə də dövlətlərin suverenliyi, yurisdiksiyası, qarşılıqlı və bərabərlik əsasında regional strukturların açılmasından ibarətdir”.

İrəvanda verilən bu bəyanatlarla bağlı AYNA-nın suallarını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) söbə müdiri, politoloq Cavid Vəliyev deyib ki, Tokayevin təklifi maraqlıdır:

-Birincisi, ona görə maraqlıdır ki, Qazaxıstan Azərbaycanla Türk Dövlətləri Təşkilatında (TDT) yer alır. Məlumdur ki, Qazaxıstan işğaldan azad olunmuş ərazilərdə layihələrin icrasında iştirak edir. Qazaxıstan Füzulidə məktəb tikdirdi və Azərbaycana hədiyyə etdi. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə ölkəmizi ilk təbrik edən liderlərdən biri məhz Tokayev idi. Eyni zamanda, Qazaxıstan Azərbaycanla strateji tərəfdaşlığa, dostluğa önəm verir. Orta Dəhlizin inkişafı istiqamətində Astana bir çox addımlar atıb. Hətta TDT çərçivəsində keçirilən zirvə görüşlərində Zəngəzur dəhlizinin reallaşmasına dəstək verən ölkələrdən biri Qazaxıstandır.

İkincisi, Qazaxıstan Ermənistanla da bir neçə təşkilatda birgə təmsil olunur və Astana ilə İrəvan arasında münasibətlər pis deyil. Nəzərə almaq lazımdır ki, Qazaxıstan da region dövlətidir. Həmçinin son dövrlərin tendensiyalarından biri də Cənubi Qafqazla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın artırılması istiqamətində irəli sürülən təkliflərdir. Mərkəzi Asiya ölkəsi olan Qazaxıstan Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında və sülhün bərqərarında maraqlıdır. Hesab edirəm ki, Tokayevin Astananın İrəvanla Bakı arasında sülh platforması olmağa hazır olmasını bəyan etməsi təqdirəlayiqdir.

Bir məqamı qeyd etmək lazımdır: Tokayev Ermənistana səfərindən əvvəl erməni mediasına müsahibəsində Orta Dəhliz layihəsinin əhəmiyyətindən bəhs edib. Bildirdi ki, Qazaxıstan-Azərbaycan-Gürcüstan arasında “tək pəncərə” sistemi yaradılır. Bununla İrəvana çağırış etdi ki, əgər sülh olarsa, Ermənistan da bundan yararlana bilər.

Tokayev İrəvanda Astananın mövqeyini açıqlamaqla sülh prosesinə dəstək verdiklərini nümayiş etdirdi.

- Qazaxıstan sülh danışıqlarında müsbət rol oynaya bilərmi?

- Azərbaycanın açıq mövqeyi var ki, sülh danışıqları Bakı ilə İrəvan arasında ikitərəfli qaydada aparılsa, daha məqsədəuyğundur. Məsələləri ikitərəfli qaydada həll etmək sülh prosesinə daha effektiv təsir göstərər. İkitərəfli danışıqların faydalarını da gördük. Məsələn, ötən ilin 7 dekabrında birgə bəyanat verildi ki, nəticəsi müsbət oldu. Eyni zamanda, sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların ikitərəfli görüşlərdə müsbət meyillər müşahidə olunur. Düzdür, nəticə olmasa da, müsbət elementlər var.

Azərbaycan daha əvvəl danışıqlar platforması kimi Gürcüstanı da təklif edib. Amma Ermənistan bundan imtina etdi. Bu dəfə platforma kimi Astanadan təklif gəlir ki, məncə, Azərbaycan Astanada danışıqlara etiraz etməz. Təbii ki, Bakının əsas təklifi ikitərəfli danışıqlardır, amma Qazaxıstanın təklifinə də baxmaq olar.

- Ermənistan Astana platformasına isti yanaşacaqmı?

- Paşinyan Tokayevlə birgə bəyanatında bu təklifə münasibət bildirmədi. Hər halda təkbətək görüşdə də Tokayev Paşinyanla bu barədə danışıb. İrəvan bu təklifə yəqin ki, yaxın günlərdə hansısa reaksiyanı verəcək. Nəzərə almaq lazımdır ki, Ermənistan hakim dairələri Qərbin dedikləri ilə oturub-durur. Çox güman ki, Qazaxıstanın təklifinə Qərbin yanaşması necədirsə, İrəvan da o yanaşmanı sərgiləyəcək.

Daha bir məqam isə Qazaxıstanın türk dövləti olmasıdır. Ermənistan xarici siyasətdə olduğu kimi,d axili siyasətdə də kritik dövrdən keçir. Artıq erməni müxalifəti Paşinyan hökumətini “türklərə satılmaqda”, “türk dövlətlərinin diktəsi ilə oturub-durmaqda” ittiham edirlər. Tokayevin səfərinə erməni müxalifətinin reaksiyası sərtdir. Ola bilsin ki, Paşinyan Astana platformasına da bu baxımdan “yox” desin. Amma bütün hallarda, əsas Qərbin mövqeyidir ki, İrəvan Tokayevdən gələn təklifə bu yanaşmaya uyğun cavab verəcək.

Müəllif: Anar Bayramoğlu