YAP parlamentin buraxılması barədə qərar qəbul etdi

Siyasət

28.11.2019 - 12:51

Sabah hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib. AYNA xəbər verir ki, YAP bu addımı öz səlahiyyətlərindən istifadə edərək atıb.

 

Əldə etdiyimiz məlumata görə, sabah Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Qeyd olunur ki, bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

 

Xəbəri AYNA-ya şərh edən Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa, hələlik yekun qərarı gözlədiklərini deyib: “Mən də mətbuatdan oxudum ki, parlamentin buraxılması barədə söhbətlər gedir. Amma əsaslandırılması barədə dəqiq xəbərim yoxdur”.

 

“Deputatların konstitusion hüquqlarıdır, hakim partiya belə bir qərar qəbul edibsə, mümkündür. Əgər parlamentin buraxılması dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılırsa, çox ciddi səbəbdir”, - F.Mustafa bildirib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarət olub, bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər.

Müəllif: Ayna.az