Şahin Cəfərli: “Toqquşmalara birdəfəlik son qoyulmasının yeganə yolu odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını öz imzası ilə yazılı şəkildə təsdiq etsin”
Ermənistanın Azərbaycanla şərti sərhəddə gərginliyi artırması müharibə ehtimallarını da gücləndirir. Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 7-də Nazirlər Kabinetinin iclasında bəyan edib ki, guya Azərbaycan hücuma keçəcək. Baş nazirin sözlərinə görə, sərhəddə hərbi eskalasiya riski artıb. Paşinyan bunu onunla əsaslandırıb ki, Azərbaycan Ordusunun hərbi karvanı sərhədə və Qarabağa cəmləşdirilir.
Lakin Ermənistandan gələn xəbərlər Azərbaycanın yox, Ermənistanın hərbi eskalasiya yatarmaq istəyini göstərir. Məsələn, dünən Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv edib. Buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib. Ermənistan mediası İrəvandan sərhədə doğru irəliləyən hərbi kalonun görüntülərini də yayıb. Bütün bunlar Paşinyan başda olmaqla, Ermənistan rəsmilərinin “Azərbaycan hücum edəcək” iddiaları fonunda baş verir. Aydın görünür ki, rəsmi İrəvan Bakıdan beynəlxalq müstəvidə şikayət etmək üçün sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşır.
Hərbi mənbələrə istinadən yayılan məlumatlar da bu yöndədir. Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirdiyini, həmçinin son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə çatdırılması barədə məlumatlar var.
Baş verənlər sərhəddə yeni eskalasiya gözləntisini artırır. Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli deyib ki, Bu sual hazırda çoxlarını düşündürür. Müharibə proqnozları Ermənistanla Azərbaycan arasında yeni gərginliyə əsasən səsləndirilir:
- Gərginlik də ona görədir ki, hazırda sülh danışıqları dalana dirənib. Faktiki olaraq sülh prosesində problem yarananda hərbi toqquşmaların yenidən başlaması ehtimalı artır. Hazırda bu mərhələ müşahidə olunur. Ermənistan tərəfinin iddiasına görə, Azərbaycan Ordusu həm Ermənistanla şərti sərhədə, həm də Qarabağa qoşun toplayır. Paşinyan da iddia etdi ki, hərbi eskalasiya riski artıb. Rəsmi Bakı Paşinyanın sözlərini təkzib etdi, bunu növbəti manipulyasiya adlandırıb. Nəzərə almaq lazımdır ki, XİN dövlətin adından danışmaq səlahiyyətlərinə malik strukturdur və biz bu qurumun hər açıqlamasına etimad etmək, diqqətlə yanaşmağa məcburuq.
- Yəni ki, XİN-dən verilən açıqlama müharibə ehtimalını azaldır...
- Əlbəttə, yox. Hər halda hərbi hərəkətlənmə reallığı da var. Təbii ki, hərbi hərəkətlənməni yeni müharibənin mütləq başlayacağı kimi dəyərləndirmək doğru deyil. Hərbi maşın karvanları başqa səbəblərdən də yollarda görünə bilər. Ola bilsin ki, Azərbaycan Ordusu hərbi rotasiyanı həyata keçirir. O da ola bilər ki, bu, məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan rəhbərliyinin bununla qarşı tərəf üzərində psixoloji təzyiq yaratmaq niyyətində də ola bilər. Danışıqlarda yaranan problem, Ermənistan tərəfindən qeyri-konstruktiv addımların atılmasına, sülhdən qaçış bəyanatlarına cavab olaraq Azərbaycan hərbi güc nümayişi ilə qarşı tərəfə xəbərdarlıq niyyəti güdə bilər. Yəni ki, mesaj bu ola bilər ki, “siz öz mövqeyinizi dəyişməsəniz, konstruktiv mövqeyə qayıtmasanız, biz növbəti hərbi əməliyyat keçirə bilərik”. Yəni hərbi hərəkətlənmənin pərdəarxasında bu variantın olması da mümkündür.
Bütün bunlarla yanaşı, hərbi toqquşma ehtimalı da var. Bunu istisna etmək doğru olmazdı. Sülh müqaviləsi imzalanmadığı müddətdə hərbi toqquşma ehtimalı yüksək olaraq qalacaq. Bunu biz 44 günlük müharibədən sonrakı dövrdə müşahidə etdik. Müharibədən sonra həm sərhəddə, həm də Qarabağda bir neçə hərbi toqquşma oldu. Yəni sülh sazişinin olmaması o deməkdir ki, düşmənçilik davam edir, problemlər həll olunmamış qalır. Belə olan halda hər zaman hərbi eskalasiya mümkündür. Elə bir neçə gün əvvəl lokal hərbi toqquşma baş verdi, Ermənistan həbçilərini itirdi, Azərbaycanın yaralıları oldu. Bunlar hərbi toqquşmaların mütəmadi olacağına işarədir.
- Lokal toqquşmaların genişmiqyaslı müharibəyə keçməsi mümkündürmü?
- Genişmiqyaslı müharibə ehtimalı azdır. Lokal toqquşmalar isə dediyim kimi, sülh sazişinədək mütəmadi olacaq. Məsələ burasındadır ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan diplomatiyasını hərbi güclə möhkəmləndirir, bu yolla nəticəyə nail olmaq istəyir. Diplomatik yolda tıxac yarananda hərbi güc nümayişi ilə bu tıxacı açmağa çalışır. Hazırda isə dediyimiz kimi, danışıqlarda tıxanma var. Tərəflərin mövqeləri bir-birindən uzaqlaşıb və gərginlik artdığını müşahidə edirik.
Hərbi toqquşmalara birdəfəlik son qoyulmasının yeganə yolu odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını öz imzası ilə yazılı şəkildə təsdiq etsin. Düzdür, Paşinyanın dilindən bir neçə dəfə şifahi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib. Eyni zamanda, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərin yekunu barədə verilən bəyanatlarda hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanıdığı qeyd olunub. Amma hər halda ortada rəsmi sənəd yoxdur, ona görə də verilən şifahi bəyanatların xüsusi önəmi yoxdur. Dediyim kimi, yeganə yol odur ki, hansısa sənəd imzalanır və orada hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıdığını, bir-birinə qarşı ərazi iddiasının olmadığını təsdiqləyir. Burada da əsas məsuliyyət məhz Ermənistan hakimiyyətinin üzərinə düşür.
Bununla yanaşı, Azərbaycan Rusiya-Ermənistan arasındakı siyasi böhran var. İndi Moskva ilə İrəvan arasında ciddi böhran var, qarşılıqlı ittihamlar var. Hətta Moskva rəsmilərinin dilindən Ermənistan rəhbərliyi təhqir edilir. Zaxarova açıq-aşkar Ermənistanın həm Baş nazirini, həm də parlament sədrini aşağılayıcı sözlərlə təhqir etdi. Aydındır ki, Rusiya rəhbərliyi Ermənistan rəhbərliyini hansısa formada cəzalandırmalıdır. Belə olan şəraitdə, bəziləri düşünür ki, Azərbaycan bundan öz məqsədləri üçün istifadə etməlidir.
- Bundan məqsədlərimizə nail olmaq üçün necə istifadə edə bilərik?
- Anlamaq lazımdır ki, İrəvan-Moskva münasibətlərində gərginlik olsa da, narazılıqlar müşahidə edilsə də, Rusiya Azərbaycana problemi kökündən həll etməyə imkan verməyəcək. Bəli, Rusiya şərait yarada bilər ki, Azərbaycan Ordusu sərhəddə hərbi vasitələrlə Ermənistan üzərində ciddi təzyiq formalaşdırsın. Amma bu, Azərbaycana yekunda nə verəcək sualı ətrafında düşünməyə ehtiyac var. Azərbaycanın bu addımları problemin köklü və qəti həllinə gətirib çıxarmayacaqsa, o zaman bizim məqsədlərimiz baxımından ciddi nəticələrimiz ola bilməz. Qənaətim ondan ibarətdir ki, Azərbaycan Rusiyanın Paşinyan hökumətini cəzalandırması siyasətində iştirakçı olmamalıyıq. Bizim Rusiyadan fərqli olaraq, öz maraqlarımız var. Əsas marağımız da ondan ibarətdir ki, hazırda Rusiya sülhməramlı kontingentinin nəzarətindəki ərazilərimizdə suverenliyimizi bərqərar edək. Azərbaycan üçün prioritet bundan ibarətdir. Qarabağdakı vəziyyətə görə də hesab edirəm ki, cavabdeh İrəvan yox, Moskvadır. Qarabağdakı qondarma qurum üzərində Ermənistanın yox, Rusiyanın ciddi təsirləri var. Qondarma rejim bugünədək fəaliyyətini davam etdirirsə, bu, Rusiyanın siyasətinin nəticəsidir. Aydındır ki, orada rus hərbçiləri olmasa, separatçı rejim bir anda yoxa çıxar. Biz Qarabağın tamamında suverenliyimizi bərpa etmək istəyiriksə, məsələni Rusiya ilə həll etməliyik.