SUÇİÇƏYİ

Aktual

26.02.2021 - 22:28

Özü gedər, izi qalar

 

Hər güzgüyə baxdığımda xatırlayıram. Sonradan öyrəndim ki, onu qaşımaq olmazmış - özü gedər, izi qalarmış.

 

Mən onunla hərbi xidmətdə tanış oldum. Deyilənə görə, hər insan ömründə, mütləq bir dəfə onu dadır - çıxarır ("sağlığında çıxarmayan qəbrində çıxarır" da deyirlər) və bir dəfə daddın - çıxardınsa, ikinci dəfə olmurmuş.

 

Onu deyirdim, axı. Əsgərlikdə çıxardım - başdan ayağa səpdim - qıpqırmızı. Yerləşdirdilər hərbi hissənin tibb məntəqəsinə, üz-gözümü də "zelyonka"ladılar. Amma demədilər ki, "toxunma!".

 

Qaşıntı - mən yüz deyim, siz min. Canına qor düşmüş kimiydim. Yenə də dözməyə çalışırdım ki, eşələməyim, özü getsin. Qızdırma da bir tərəfdən nəfəsimi kəsir. Və beləcə dözdüm, ta ki, sonuncu "qırmızıyadək".

 

Sağalmışdım, qızdırma getmişdi, təmizlənmişdim. Bircə ağzımın sol tərəfində bir "qırmızı" qalmışdı, getmirdi. Bildiyiniz, dirənmişdi - "tayfası" köçüb, bir o qalmışdı.

 

İnsan səbri də bir yerə qədərdir, axı - qoparıb atdım. Allah sizi sevindirsin, o gedən getdi... Amma yerində iz buraxaraq! O gün-bu gün ağzımın sol tərəfində - o mərəzin yerində bir çökəklik var - qırışdan daha dərin. 15 ildir eləcə durur, nə saqqal örtür üstünü, nə təbəssüm gizlədir.

 

Suçiçəyi beləymiş. Mütləq, nə vaxtsa sənə yapışmalıymış O, sənə yapışdısa, dibini qazımamaq lazımmış. Özünün yavaş-yavaş sürüşüb getməyini gözləməliymişsən (o da nə vaxtadək?!). Əks halda, zəhərini - işarəsini yadigar buraxırmış.

 

Az-maz tarixi vərəqləmişik, günümüz də göz önündə. Biz, axı, suçiçəyi çıxarmışdıq... Ləkələri də indiyədək getməyib.

 

Sonra yenə səpdi bədənimiz (təkrarı elmə məlum olmasa belə). İndi oturub qızartıların öz xoşuyla çəkilməsini gözləmək məcburiyyətindəyik - qaşısaq, qan çıxacaq və o da bir yana, İZİ qalacaq.

 

İmperiya nə vaxt girdiyi yerdən (adam balası kimi) çıxıb ki?! Çıxsa da, suçiçəyi kimi çıxıb – ardında İZ buraxaraq - silinməyən ləkə.

 

Hər güzgüyə baxdığımda, ağzımın sol tərəfindəki çökəkliyi - ləkəni görürəm. Getmir! Üstündən illər keçib, ilan kimi qabıq dəyişmişəm, çifayda - onun "xatirəsini" yaşatmağa davam edirəm.

 

Bəli, o zaman mənə “toxunma” deməmişdilər, amma “uzaq dur” da deməmişdilər. Bəlkə, uzaq durmaq çətindir, bu səbəbdən. Lakin, ən azı cəhd edərdim. Ki, sonra qaşıyıb qanatmayım – özü gedib izi qalmasın…

Müəllif: Tural Talehoğlu