“Bir ay qabaqdan ictimaiyyət məlumatlandırılmalı idi ki, yanacaq bahalaşacaq”

Aktual

05.01.2021 - 17:21

Ələsgər Əhmədoğlu: “Tarlasını şumlamaq istəyən təsərrüfatçı öncədən bilsəydi ki, dizelin qiyməti qalxacaq, öz işlərini vaxtında planlaşdırardı”

 

Tarif Şurasının gecəyarısı qəbul etdiyi qərarla Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə qiyməti qalxdı. Növbəti dəfə gecəyarısı təsdiqlənən və bu dəfə “Şükür, ölkəmiz özünə döndü!” dedirdən qərarın sosial media platformalarında müzakirəsindən belə məlum olur ki, Tarif Şurasının gecəyarısı qəbul etdiyi bu qərar camaatımız üçün heç də təəccüblü olmayıb. Axı, əvvəlki təcrübələrimizdən bizə məlumdur ki, “Tarif Şurası gecələr işləyir”.

 

Qərarın gecəyarısı – camaat yuxuya gedərkən açıqlanması “axı, niyə gecəyarısı?” sualını ortaya atdığı kimi, anidən qəbul edilməsi də narahatlıq doğuran məqamdır. Hüquqşünas, media eksperti Ələsgər Əhmədoğlu vətəndaşlara əvvəlcədən bildirmədən gecəyarısı, qərar qüvvəyə mindikdən sonra xəbər verilməsinin qanunazidd olduğuna diqqət çəkib.

 

Məsələni AYNA-ya şərh edən Əhmədoğlu bu cür məsələlərdə əsas problemin vətəndaşların hüquqa olan inamsızlığında və qurumların hüquqazidd davranışında görür: “Qurumlar sistemli şəkildə hüquqazidd davranır - indiki halda olduğu kimi. SOCAR əmtəə bazarında hökmran mövqe tutur, birmənalı olaraq təbii inhisar – neft, qaz məsələsini təkbaşına idarə edir. “Öz təxəyyülünə” uyğun olaraq da əsaslandırma gətirir ki, “2023-cü ildə hansısa standarta çıxacam, indidən qiyməti artırıram ki, bunun üçün infrastruktur yaradım. Tarif Şurası da bunu qəbul edir, amma bununla bağlı heç bir qərar vermir və bunu qüvvəyə mindirən anda elan edir. Artıq həmin vaxt məlum olur ki, yanacaqdoldurma məntəqələrində qiymət artıb”.

Ələsgər Əhmədoğlu: “Hazırkı şərait maksimum peşəkar davranmağı tələb edir”

Mütəxəssis “İnformasiya əldə etmək haqqında” Qanunun 29-cu maddəsinə istinad edib: “Həmin maddənin 1-ci hissəsinin 25-ci bəndində göstərilir ki, “Əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar - şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış açıqlanmalıdır”. Yəni, SOCAR bu dəyişikliyi Tarif Şurasına təqdim etmək istədiyi zaman bununla bağlı cəmiyyətə informasiya verməli və bunu öz saytında yaymalı idi. Əks halda bu, artıq qanunun pozulmasıdır”.

 

“Əgər səndən başqa bunu satan yoxdursa, burada ajiotaj yarana bilməz. Əks halda, əvvəldən elan edilsə, rəqabətdə olanlar qiyməti qaldıra, endirə bilər. Burada isə belə bir hal yoxdur, hamı vahid tariflə alır. Buna görə də 30 gün əvvəldən bildirilməsi insanların işlərini planlaşdırması baxımından önəmlidir. Məsələn, bir kənd təsərrüfatında traktor istifadəçisinin bir hektar yeri şumlaması üçün ona 100 litr dizel lazımdır. Biri var ki, o, 30 gün ərzində bu işini əvvəlcədən görmüş olardı, biri də var ki, qəfildən məlum olur ki, onun hər hektar ərazini şumlaması üçün əlavə 20 manat xərci çıxacaq. Bu ciddi məsələdir. Yəni, demək istədiyim budur ki, 30 gün əvvəldən xəbər vermək vətəndaşa planlaşdırma və maliyyə imkanlarını sıralama baxımından da vacibdir”, - həmsöhbətimiz vurğulayıb.

 

Əhmədoğlunun sözlərinə görə, bu problem zəncirini qırmağın yolu dövlət qurumlarına hüquqa hörmət etməyi öyrətməkdir: “İndi qalır vətəndaş qurumları və s-in bu məsələni məhkəməyə daşıması. Baxmayaraq ki, bu zərəri məhkəmə hakimləri özləri də yaşayır, amma onlar bu tip qurumlara qarşı qərar qəbul edə bilmirlər. Çünki səlahiyyət və müstəqillik problemi var. Ona görə də Azərbaycanda məhkəmə sistemi də hökumətin iki dodağının arasından çıxana baxır, yəni ədalətli bir sistem mövcud deyil. Amma biz bunu nəticə etibarı ilə Azərbaycanda ciddi şəkildə mübahisələndirə bilsək, birlikdə bu zənciri qırmaq mümkün olar. Buna görə lazımdır ki, bu məsələləri vətəndaşlar mübahisələndirsinlər. Media, eyni zamanda vətəndaş cəmiyyəti qurumları, fərdlər mübahisələndirdikcə birdən-birə olmasa da, yavaş-yavaş dövlət qurumlarına qanuna hörməti öyrətmək mümkün olar. Bu qədər insanların hüquqlarını tapdamaları, qanunları bir kənara atıb öz bildiklərini gecə ilə oxumaları düzgün deyil”.

Müəllif: Aləmdə Nəsib