Son illərin ən uğursuz nəticəsi: hamı narazıdır, bircə səlahiyyət sahiblərindən başqa

Cəmiyyət

29.04.2023 - 10:26

Kamran Əsədov: “Buraxılış imtahanları ilə bağlı qaydalara dəyişiklik etmək zamanıdır - ya təhsil verin, ya da şərait yaradın ki...”

Elçin Əfəndi: “Dünyanın heç bir yerində bu qədər istismar yoxdur - qəbul formatı dəyişməlidir”

5 və 12 mart tarixlərində keçirilən (11 illik) orta təhsil səviyəsi üzrə buraxılış imtahanlarının nəticələri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilib. İmtahan nəticələrinə əsasənŞ şagirdlərin heç biri maksimum nəticəni - 300 balı toplaya bilməyib. Bu, o deməkdir ki, bu il keçiriləcək qəbul imtahanlarında maksimum nəticəni - 700 balı toplayan abituriyent olmayacaq.

Elm və Təhsil Nazirliyi (ETN) təhsil sahəsində islahatlar aparıldığını bəyan edir, lakin vəziyyət göründüyü kimidir.

Təhsil eksperti Kamran Əsədov AYNA-ya şərhində vəziyyəti xoşagəlməz olaraq dəyərləndirib: “50 mindən artıq iştirakçı arasından bir nəfər belə, buraxılış imtahanında 300 bal toplaya bilməyib. Bu, o deməkdir ki, buraxılış imtahanları ilə bağlı qaydalara dəyişiklik etmək zamanıdır. Əslində, problem təkcə sualların çətinliyində deyil, vaxtın azlığındadır. Ayrılan zaman azdır və abituriyentlər bu səbəbdən sıxıntılara məruz qalırlar”.

“Riyaziyyat fənni ilə bağlı suallara cavab vermək çox vaxt aparır və nəticədə iştirakçılar əsas zamanını bu fəndən olan sualların cavablandırılmasına yönəldirlər. Nəticədə digər fənlər üçün yetərli vaxt qalmır. Bu, şagirdlərin psixologiyasına da mənfi təsir göstərir. Qeyd etmək istəyirəm ki, buraxılış imtahanlarının heç bir mənası yoxdur. Çünki bu imtahanda 0 bal toplasan belə, attestat əldə edirsən. O halda bu qədər süründürməçiliyə nə ehtiyac var? Buraxılış imtahanları ilə bağlı şərtlər dəyişdirilməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Mütəxəssis heab edir ki, hər bir fənn üzrə keçid balları müəyyən etmək və yalnız bu kriteriyaya cavab verən IX və XI sinfi bitirən şagirdlərin attestat almasına şərait yaratmaq lazımdır: “Nəhayət, biz buraxılış imtahanlarında iştirak edən şagirdlərə qarşı amansız münasibətə son qoymalıyıq. Humanist siyasət tətbiq olunmalıdır. Təsəvvür edin ki, şagirdlərin böyük əksəriyyəti təhsil aldığı məktəblərdə deyil, əlavə olaraq repeditorların yanında hazırlığa gedir. Buna böyük zaman və vəsairt sərf olunur”.

“Elm və Təhsil Nazirliyi isə onları dərslərdə iştiraka sövq edir, heç bir güzəşt tanımır. Ya ümumtəhsil məktəblərində təhsilin keyfiyyətini artırın, şagirdlərə normal təhsil verin, ya da onları yükləməyin. Çox təəssüf ki, Azərbaycan təhsilində yalnız görüntü var. İslahatlardan danışırlar, amma özü yoxdur. Qəbul nəticələri ildən-ilə aşağı düşür. Bütün bunlar idarəetmədə mövcud olan qüsurlarla bağlıdır və problemi burada axtarmaq lazımdır”, - deyə Əsədov vurğulayıb.

Təhsil eksperti Elçin Əfəndi də AYNA-ya açıqlamasında hazırkı qəbul formatını qəbuledilməz hesab etdiyini deyib: “Bu format dəyişməlidir. Dünyanın heç bir yerində bu qədər istismar yoxdur. Bu qədər fəndən imtahan götürmək və bu qədər ixtisas qrupları yaratmaq nəyə xidmət edir? Məqsəd gələcəyin peşəkarlarını yetişdirmək deyil? Bu qaydalarla hansı peşəkarlar yetişəcək?! Bunu necə əsaslandırırlar?!”.

“Heç bir məntiq yoxdur. Həm şagirdi, həm də valideyni yorur. 6-7 fənn üzrə hazırlaşan bir abituriyent məktəb təhsili ilə kifayətlənmir və təhsili kənarda axtarır. Bu zaman isə ailə büdcəsi 1 fənn üzrə ən azı 70-80, bəzən isə ən çoxu 100-200, hətta 250-300 manat xərc çəkməli olur. 6 fənn üzrə bir ailə aylıq 400 manatdan 1500 manatadək hazırlıqlara pul tökür. Bu, istismar deyilsə nədir?!”, - deyə müsahibimiz soruşur.

Əfəndi məktəblərdə təhsil səviyyəsinin yüksəldilməli olduğuna vurğu edib: “Sözdən əmələ keçməyin vaxtıdır. Bir halda ki, valideynlər öz övladlarını kənar repeditorların yanında hazırlığa göndərirlər, şagirdlər bütün gününü hazırlıqlarda keçirirlər, o zaman məktəbdə təhsilin nə əhəmiyyəti var?! Zəhmət çəkin, təhsili məktəblərə qaytarın”.

“Bu gün yalnız məktəb təhsili ilə kifayətlənən şagirdlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında 0-50 arası da bal toplaya bilmirlər. 50-300 bal aralığında nəticə göstərən şagirdlər təhsil mərkəzlərinin, kursların, repetitorların nəticəsidir. Fənlərin sayı minimallaşdırılmalıdır. Qəbul bir dəfə keçirilməlidir. Nəticələr də ən geci 10-15 gün ərzində elan olunmalıdır”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev