Nəticələr açıqlandı, keçid balları isə hər kəsi çaş-baş qoydu

Cəmiyyət

09.08.2019 - 10:09

I qrupda 7000-dən çox abituriyent və subbakalavr kəsilib

 

Xəbər verdiyimiz kimi, artıq dünən Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

DİM tərəfindən bildirilib ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

AYNAnın əməkdaşı qəbul nəticələri ilə bağlı təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib.

Ekspert bildirib ki, bu il müvafiq olaraq ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqədə 47847 plan yeri uğrunda 58294 nəfər abituriyent və subbakalavr mübarizə aparırdı: "Bu isə o deməkdir ki, 10447 nəfər hazırda plan yerindən kənarda qalır. Bunun da üzərinə, təxminən 4000-ə yaxın düzgün seçim etməyərək qəbul ola bilməyənləri gələk. Təxminən, 14447 nəfər qəbul ola bilməyən abituriyent və subbakalavr var".

Image result for elçin əfəndi

E.Əfəndinin sözlərinə görə: "I ixtisas qrupunda vəziyyət yaxşıdı. Hətta subbakalavrlardan da qəbul olanlar var. Ancaq II ixtisas qrupu üzrə bəzi ixtisaslarda keçid balları 200-350 bal aralığında qalxıb. Amma digər ixtisaslarda ballar aşağı düşüb. Bu ixtisas qrupunda qəbul ola bilməyənlər azlıq təşkil edir”.

 

“III ixtisas qrupunda da keçid balları ötən illərə nisbətən daha çox qalxıb. 7000-dən çox abituriyent və subbakalavr kəsilib. IV ixtisas qrupunda böyük əksəriyyət qəbul olub. Qəbul ola bilməyənlər azlıq təşkil edir” – deyə müsahibimiz vurğulayıb.

 

E.Əfəndi onu da qeyd edib ki, V ixtisas qrupunda 1500-dən çox abituriyent ali məktəbə qəbul ola bilməyib.

 

Müsahibimiz builki nəticələrlə ötən ilki nəticələr arasnda kəskin fərqlər olduğunu da bildirib: "Tibb Universitetinin müalicə işi fakültəsi üzrə ödənişli keçid balı 575,40, dövlət sifarişi üzrə keçid balı 578,70 olub. Həmçinin ötən il III ixtisas qrupunda qeydə alınmış ən aşağı bal Azərbaycan Dillər Universitetində alman dili üzrə tərcümə fakültəsi idi. Keçid balı 200 olmuşdu. Bu il isə o ixtisasın keçid balı 455 olub, 255 bal qalxması dəhşətli rəqəmdir". 

 

E.Əfəndi onu da əlavə edib ki, bu il ən yüksək keçid balı Bakı Ali Neft Məktəbində qeydə alınıb: "673 balla İnformasiya təhlükəsizliyi fakültəsi".

 

Təhsil ekspertinin bildirdiyinə görə, ali məktəblərin boş qalan plan yerləri üzrə II tur avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq: “Boş qalan yerlər boş qalan (vakant) plan yerlərinin siyahısı yaxın günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan “Abituriyent jurnalında dərc olunacaq”.

 

DİM-in məlumatında isə bildirilir ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

 

Ali təhsil müəssisələrinə qeydiyyatın 15 avqustdan 28 avqustadək aparılacağını bildirən ekspert qeydiyyat üçün lazım olan sənədlərin siyahısını da açıqlayıb: " 

"1. Orta təhsil haqqında sənəd (attestat), subbakalavrlar kollec diplomu;

2. 4 foto (ölçü 3x4sm);

3. Tibbi arayış (sağlamlıq haqqında);

4. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün);

5. Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti;

6. Tələbənin FİN kodu və parolu (iş nömrəsi);

7. Ağ qovluq (Sənədlər üçün).

Qeyd edim ki, 18 yaşa çatmamış tələbələrlə müqavilə bağlanması üçün valideynlərindən birinin qeydiyyatda iştirakı mütləqdir.

Həmçinin, qaçqın və ya məcburi köçkünlərin ödənişdən azad olunmaları üçün tələbənin və valideyninin qaçqın və məcburi köçkünlük haqqında sənədinin qeydiyyat vaxtı təqdim olunması mütləqdir. Həmçin qanunda nəzərdə tutulan digər ödənişdən azad olunanlar da ödənişdən azad olunmalarını təmin edən sənədin əslini təqdim etməlidirlər.

O cümlədən, bəzi ali təhsil müəssisələri əlavə sənəd tələb edə bilərlər. Bu barədə məlumatı həmin ali təhsil müəssisələrindən əldə edə bilərsiniz".

Müəllif: Ayna.az