Gərək gül kimi işləyən sistemə bir “qəmbərqulu” qatılsın da...
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayırılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir ordadır, biletinə düşən suala cavab tapa bilmir” cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərəkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı özümüz istəsək də, istəməsək də, telekanllardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına start veririk.
Bütün dünya dövlətləri kimi Azərbaycan da 21-ci əsrin texnologiyalarına boyun əymək zorundadır. İstəsək də, istəməsək də, İT dövrü zəmanəmizin ən konservator hökümətlərini belə, yeniləşməyə məhkum edir. Məhz bu texnologiyalar Qərbin və Şərqin iri dövlətlərinin əhalisinin yaşamının maksimal dərəcədə komfortlu olmasına xidmət edir.
Azərbaycan da zorən və ya könüllü olaraq bu yeniliyin “toruna düşüb”. Bizdə də elektron hökümət, elektron vergi, hətta, nə qədər fantastik səslənsə belə, elektron gömrük tipli anlayışlar gündəlik həyatamızda öz yerini tutmaqdadır. Bank, kommunal, ipoteka və digər ödənişlərin elektronlaşdırılması, sözsüz ki, təqdirəlayiqdir.
Tutaq ki, Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevin izahına inansaq, artıq neçə aydır ki, gömrük sistemində elə bir texnologiya işə salınıb ki, sahibkar gömrük işçisi ilə birbaşa kontakta girmədən, rahat şəkildə mallarını “rastamojka” edir və düz anbarına qədər gətirib çıxarır. Və bu, həm dövlət, həm də sahibkar üçün nəinki rahat, hətta xeyirlidir. Sahibkarlıq fəaliyyətindən uzaq olduğumuz üçün deyilənlərin həqiqətdən nə qədər uzaq olub-olmadığını yəqin edə bilmərik, amma kaş ki, düz ola. ASAN xidmət misalından da görürük ki, istənilən problemi vətəndaşların komfortu baxımından həll etmək olar. Yetər ki, buna istək olsun.
İstək demişkən, Azərbaycanda elə sahələr var ki, orada İT texnologiyaların tətbiqi ilk anlar adama qəribə gəlirdi. Adam özünü 30-cu illərin əvəllərində sahəsinə ilk traktor gətirilən kolxoz sədri kimi hiss edirdi. Beynində elə hey bir sual təkrarlanırdı: Görəsən burda fırıldaq hardadı? Amma gördük ki, yox. Cərimələrin mesajla göndərilməsi, bank kartı ilə ödənməsi, texniki baxış zamanı birka və əlavə kağız-kuğuzdan azad olmaq da mümkündür.
“Texosmotru” keçirsən və artıq yolda dayanan yol polisi işçilərinin maşının qabaq şüşəsinin birka yerinə diqqətlə yönələn gözlərinə fikir vermirsən. Sənin maşının onların sistemindədir. Maşının sığrotalanmasında da eyni qaydanın tətbiqi bir çoxlarının işini xeyli rahatlaşdırıb.
Bütün bu dəyişikliklər təqdirəlayiqdir, amma bəzən gül kimi işləyən sistemdə elə yeniliklər edirlər ki, adam fikirləşir, bu “novatorluğun” məqsədi ancaq bir şey ola bilər. Məsələn, illərdir hamıya məlum idi ki, ölkədə qeyri-Rusiya (Sovet) istehsalı olan maşınlar isitisna olmaqla, bütün avtomobillərin texniki baxışdan keçmə müddəti 1 may-1 avqust aralığıdır. Bu 3 ay ərzində sürücü texnikik baxışdan keçmək üçün həm avtomobili sazlaya, həm də rahat şəkildə ödəyəcəyi məbləği ayıra bilərdi.
Əsasən yay aylarına düşdüyü üçün, camaatın da dağda-bağda olmasını nəzərə alsaq, insanlar 3 aylıq müddətində öz işlərini planlaya bilir, cərməyə düşməmək üçün bir gün təyin edirdilər.
Yox! Olmaz axı! Gərək gül kimi işləyən sistemə bir “qəmbərqulu” qatılsın. Bu ildən sürücülər texniki baxışın vaxtı bitən gündən 20 gün ərzində texniki baxışı yeniləməlidirlər. Və bu barədə, əgər telefonunuza “SMS-radar” tipli əlavə yüklənməyibsə, siz ancaq haradasa istirahət edərkən, cərimə SMS-i alanda biləcəksiniz.
Beləcə kefinizə soğan doğranması təmin edilib. Cərimənin miqdarı barədə qəsdən söz açmırıq. Sual bu deyil. Əsas məsələ odur ki, niyə dövlət yol polisi 3 aylıq sistemdən imtina etdi? Texniki baxışın hamının öyrəşdiyi 3 ay ərzində və ya təzə təbiq olunan 20 gün arasında keçirilməsinin prinsipial fərqi nədir ki? Axı niyə insanların komfortunu korlamaq - əlavə cərimələr ödənilməsi üçün yeni-yeni nəsnələr fikirləşilir? Axı niyə?!
P.S. Sonra da “QAİ” sistemindəki pula hərislik barədə yeni-yeni lətifələr dolaşanda, orada işləyən dostlarımız inciyir...