Vətəndaşların 10 min dollaradək olan pulları qaytarılacaq, <font color=red> amma qanun pozuntusu ilə</font>

Cəmiyyət

12.09.2019 - 12:25

Həkimlər Klinikalar SEO Xidməti

Ekspert: “Güzəşt dövlət başçısının göstərişi əsasında icra edilir, amma göstərişi hüquqa zidd şəkildə icra edirlər”

 

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Bakı Apellyasiya Məhkəməsinə müraciət edib ki, ləğv prosesində olan müflis banklarda 17000 manatadək qorunmayan (sığortalanmamış) əmanəti olan fiziki şəxslərin pulunun ilk növbədə qaytarılmasına icazə verilsin. Kimin hesabına? ƏSF-in hesabına. Məlum oduğu kimi, ƏSF həmin bankların birinci növbəli kreditorudur. Yəni sığortalanmış əmanətlərin kompensasiyasına xərclədiyi pulu sözügedən bankların əmlakından ilk növbədə tutmaq (reqress qaydasında) hüququna malikdir.

 

Beləliklə, hazırda ƏSF faktiki olaraq öz tələb hüququnu xırda əmanətçilərə (xüsusi vurğulayıram: qeyd edilən məbləğdən çox əmanəti olanlara aid deyil!) güzəşt edir. Məndə olan məlumata görə, ən iri müflis bank olan “Bank Standard”da bu, təxmini 16000 nəfərdir. Ayrılan məbləğ isə, haradasa 6 mln. manatdır. Orta hesabla bir əmanətçiyə, təxmini 375 manat düşür. Yəni reallıqda əksər xırda əmanətçilərin qalan pulu 17000 manatdan qat-qat azdır. Ən kiçik müflis banklardan biri olan “Atrabank”da isə sözügedən güzəştin əhatə dairəsinə heç 1000 nəfər düşmür.

 

Hər bir halda sözügedən güzəşt ölkə rəhbərliyinin sosial yönümlü humanist siyasətinin növbəti nümunələrindən biridir. Aydın məsələdir ki, illər boyu əmanətçilər və digər kreditorlarla hesablaşmayan ƏSF-in və himayəçisi Maliyyə Bazarlarına Nəzarət Palatasının öz təşəbbüsü deyil (indiyədək ƏSF israrla deyirdi ki, qanuna görə birinci növbəli kreditordur və pulunu birinci götürəcək, fərqli hərəkəti isə qanuna ziddir). Bu güzəşt dövlət başçısının göstərişi əsasında icra edilir. Amma təəssüf ki, bəzi hallarda olduğu kimi, bu dəfə də göstərişi hüquqa zidd şəkildə icra edirlər. Sadəcə savadları çatmır!

 

Hələ ötən ay “Xırda əmanətləri dövlət qaytarmalıdır” adlı yazı dərc etmişdim. Qısaca mahiyyəti belə idi. 2018-ci ilin əvvəlində ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri olaraq "Banklar haqqında" Qanuna dəyişikliklər layihəsi hazırlamışdım ki, müflis bankın əmlakı hesabına ilk növbədə ƏSF deyil, fiziki şəxslərin qorunmayan (sığortalanmamış) əmanətləri qaytarılsın. Təxmini bir ildir ki, həmin layihə hökumətin diqqətində idi və müzakirələr gedirdi. Nəticədə qərara alınmışdı ki, qaytarılan məbləğ 10000 dollarla (17000 manat) məhdudlaşdırılsın. Sadəcə qərarın forması ilə bağlı vahid fikir yox idi.

Bəziləri qərarın Prezident fərmanı formasında olmasını təklif edirdi. Amma bu halda vəsait müflis bankın deyil, dövlət büdcəsinin hesabına ödənilməli idi. Buna görə də məsələnin həllinin optimal hüquqi forması, məhz “Banklar haqqında” Qanuna dəyişikliyin edilməsi idi (yəni mənim hazırladığım layihə). Qanunda yazılmalı idi ki, 82.1.1-ci maddə (kreditorların birinci növbəsi) bu redaksiyada verilsin: “fiziki şəxsin 17000 manatadək əmanəti üzrə tələbi”. Beləliklə də, bankın olan-qalan əmlakı ilk növbədə fiziki şəxslərə çatacaq (müvafiq limit çərçivəsində). Məsələnin məhz Qanunda təsbit edilməsi, həmçinin gələcəkdə bağlanacaq banklara da aid olduğu üçün mövcud bankların əmanətçilərində də bank sisteminə etimadı artıracaqdı.

 

Lakin yekunda fərman və qanun forması deyil, məhkəmə qərardadı forması seçildi. Yəni ƏSF ləğv prosesinə nəzarət edən apellyasiya məhkəməsinə müraciət edib ki, birinci növbəmi xırda əmanətçilərə güzəşt etmək istəyirəm, buna icazə ver. Məhkəmə də bəzi müflis banklar üzrə artıq icazə verib (şifahi elan edilib, yazılı şəkildə yaxın vaxtlarda olacaq). Halbuki, bu yanaşma qanuna ziddir. Niyə?

 

Əvvəla, “Banklar haqqında” Qanun müflis bankın kreditoru tərəfindən tələbinin digər kreditora güzəştini nəzərdə tutmayıb. Uzaqbaşı pulunu almış kreditor onu digər kreditora hədiyyə edə bilər (yeri gəlmişkən, ƏSF niyə məhkəməyə mürciət edib, elə birbaşa pulu çıxarıb versin də! Deməli, müraciətinin qanunsuz olduğunu ən azı hiss edir). Amma əsas heç bu da deyil. Çünki Mülki Məcəlləyə görə, prinsipcə qanunda və müqavilədə əksi təsbit edilməyibsə, hər bir kreditor tələbini güzəşt edə bilər.

 

Lakin “Əmanətlərin sığortalanması haqqında” Qanun ƏSF-ə belə, güzəşt imkanı vermir. Belə ki, əvvəla, həmin Qanunun 4.1.8-ci maddəsinə əsasən öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında bankdan tələb etmək ƏSF-in funksiyalarından biridir. Bu funksiyanın yerinə yetirilməsi üzrə istisna nəzərdə tutulmayıb. Daha sonra, Qanunun 11.1.9-cu maddəsinə görə reqress qaydasında tələb hüququ ilə bankdan alınan vəsaitlər ƏSF-in sığorta ehtiyatlarının tərkib hissəsidir. Qanunun 16.1-ci maddəsinə uyğun olaraq isə ƏSF-in sığorta ehtiyatları yalnız 3 məqsədə istifadə edilə bilər:

 

1) kompensasiyaların ödənilməsinə;

2) illik büdcə çərçivəsində ƏSF-in idarə edilməsinə və əmlakının alınmasına;

3) borc öhdəliklərinin ödənilməsinə.

 

Vəssalam! Heç kəsə güzəşt və hədiyyə edilə bilməz!

 

Buna görə də məhkəmənin qərarı xoşməramlı olsa da, qanunsuzdur və sözügedən bankların Kreditorlar Komitəsi və hətta hər bir digər kreditoru tərəfindən mübahisələndirilə bilər (Ali Məhkəməyə kassasiya şikayəti verilməklə).

Ayna.az