“Rus sülhməramlıları erməni separatçılarla görüşləri davam etdirəcək” - <font color=red> Gillermo Pulido</font>

Siyasət

31.12.2020 - 10:26

İspanilyalı hərbi ekspert: “Rusiya Ermənistandakı əlverişli fikri özünə qarşı dəyişdirməmək üçün Bakını açıq şəkildə dəstəkləyə bilməz”

 

Qarabağdakı rus sülhməramlıları ilə bağlı məsələlər hələ də Azərbaycan ictimaiyyətini narahat edir. Erməni KİV-lərinin yazdığı kimi, Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın Baş naziri arasında 11 yanvarda görüş keçiriləcəyini nəzərə alsaq, təbii ki, gündəmlə bağlı suallar yaranır: Moskvanın Ermənistanın udduğu acı həbi şirinləşdirməyə çalışacağı mümkündürmü? Rusiyanın mövcud vəziyyəti dəyişdirməkdə marağı varmı? Rus sülhməramlıları bundan sonra hansı addımları atacaq?

 

AYNA-nın bu və digər suallarını, ispaniyalı hərbi mütəxəssis, “Universidad Nacional de Educación a Distancia” (Madrid) Strateji Araşdırmalar doktorantı Gillermo Pulido cavablandırır.

 

- Cənab Pulido, fikrinizcə, Qarabağın və Qarabağ ermənilərinin gələcək taleyi məsələsində Rusiyanın Azərbaycana təzyiq göstərməsi mümkündürmü? Bütün əsas məqamlar əvvəlki razılaşmada göstərildiyi halda, yeni müzakirələrə nə ehtiyac var?

 

- Rusiya sülhməramlı qüvvələri ilə mövcud status-kvonu qorumağa çalışır. Düşünmürəm ki, Moskva, müharibəni bitirmək üçün Putinə və Rusiya sülhməramlı qüvvələrinə etibar edən Əliyevi özündən uzaqlaşdırmamaq üçün atəşkəs şərtlərini Azərbaycanın zərərinə yenidən nəzərdən keçirməkdə maraqlıdır. Rusiyanın bölgədə üstünlük təşkil edən hərbi güc olmaq marağı var, bu səbəbdən də bölgədə əlavə mövqelər əldə etməyə səy göstərən Türkiyənin vəziyyətdən istifadə etməsinin qarşısını almaq üçün barışıq prinsiplərinə və mövcud atəşkəs razılaşmasına sadiq qalacaq.

 

- Bu vəziyyətdə, rus sülhməramlıları, barələrində cinayət işi açılan erməni əsilli şəxsləri Azərbaycana təhvil verməyə başlaya bilərmi?

 

- Təzminat məsələsi kimi bunun Ermənistan üçün son dərəcə həssas bir məsələ olduğunu nəzərə alsaq, Rusiya da Ermənistandakı əlverişli fikri özünə qarşı dəyişdirməmək üçün ekstradisiya məsələsində Bakını açıq şəkildə dəstəkləyə bilməz.

 

- Putin açıq mətnlə Qarabağın Azərbaycan olduğunu elan edir və bu fonda Rusiya sülhməramlılarının rəhbəri yalnız separatçıların başçısı ilə deyil, həm də “DQR” bayrağı altında görüşlər keçirir. Bu, yumşaq desək, sizə qəribə gəlmir?

 

- Hal-hazırda rus sülhməramlıları müxtəlif münaqişə tərəfləri ilə fəal şəkildə qarşılıqlı əlaqə qururlar, lakin “DQR” Rusiya tərəfindən tanınan bir subyekt deyil. Yerdəki rus komandanlığı hadisələrin qarşısını almaq üçün “DQR” və onun silahlı birləşmələri ilə birbaşa təmasın məqsədəuyğunluğunu qiymətləndirəcək və rəhbərlərinə tövsiyə edəcək. Buna görə, çox güman ki, Bakını qıcıqlandırsa da, bu təmaslar rəsmi və ya qeyri-rəsmi olaraq, davam edəcək.

 

- Moskvadakı görüş baş tutarsa, bu, Qarabağ ermənilərinin silahlarını yerə qoyması üçün ayrılan vaxtdan bir gün əvvəl olacaq. Görüşdən sonra proqnozunuz nədir? Hamı görüşün qızğın keçəcəyini proqnozlaşdırır. Söhbətin əsas predmeti nə olacaq?

 

- Ermənistandakı qeyri-sabit siyasi vəziyyəti nəzərə alaraq, hadisələrin inkişafını minimum dəqiqlik səviyyəsində inamla proqnozlaşdırmaq çətindir. Müqavilə, ehtimal ki, Laçın dəhlizini, Türk müşahidə qüvvələrinin bazalarını, bəlkə də silahsızlaşdırılmış bölgələrin sərhədlərini dəyişdirməyi və ya ağır hərbi texnikanın münaqişə bölgəsində olmasını qadağan etməyi, Qarabağın cənubundakı Ermənistanın silahlı kontingentinin qaldığı, Azərbaycanın nəzarətində olan iki kəndin mövqeyini əhatə edəcək.

Müəllif: Zaur Mehdiyev