Bakı və Ankaranın Türk Şurasından gözləntiləri var

Siyasət

21.10.2019 - 15:40

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyənin Suriyada hərbi əməliyyatı Azərbaycanda ruh yüksəkliyi yaradıb. Azərbaycanda belə fikirlər səslənir ki, Azərbaycan da Türkiyə kimi öz problemini həll edə bilər. Ərdoğan isə onu demək istəyir ki, Türkiyə Azərbaycana öz problemini həll etməkdə istənilən dəstəyi verməyə hazırdır.

 

Keçən həftə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) 7-ci toplantısı oldu. Toplantıdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda türk biznesmenlərlə görüşdə Azərbaycan Cümhuriyyətinin qurucularından biri Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” ifadəsini səsləndirdi. Ərdoğanın bu ifadəni səsləndirməsi Azərbaycanda yüksək qiymətləndirildi. Bundan başqa, Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Prezident İlham Əliyevin bir fikrini təkrarladı: “Türkiyənin olmayan yerdə Azərbaycan var, Azərbaycan olmayan yerdə Türkiyə var”. İlham Əliyev bunu toplantıların birində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana demişdi. Serj Sarkisyan Türkiyənin əleyhinə danışanda İlham Əliyev bunu demişdi: “Türkiyənin olmadığı yerdə Azərbaycan var”.

 

Bakıdakı toplantıda Qazaxıstanın keçmiş Prezidenti və hazırki lideri Nursultan Nazarbayev də gəlmişdi. Nazarbayev də maraqlı təklif irəli sürdü: “Təşkilatımız türkdilli deyil, türk dövlətləri şurası adlandırılsın”. Bundan sonra Rəcəb Təyyub Əroğan başqa təklif irəli sürdü: “Biz artıq bir millət iki dövlət deyil, bir millət altı dövlətik”. Məlumdur ki, Azərbaycan-Türkiyə ittifaqı “bir millət, iki dövlət adlanır”. Ərdoğanı bu ifadəni daha da genişləndirmək istəyir.

 

Bakıdakı toplantıda digər təkliflər də irəli sürüldü:

 

Birincisi, Rəcəb Tayyib Ərdoğan çıxışında Türk Şurasının BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu verilməsinin vacibliyini bildirdi.

 

İkincisi, Türkiyə Prezidenti Türk Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının vahid şəkildə hərəkət etmələrinin vacibliyini vurğuladı.

 

Üçüncüsü, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev təklif etdi ki, Özbəkistanda Türk Şurası gənc iş adamlarının ilk forumu təşkil edilsin.

 

Dördüncüsü, Şavkat Mirziyoyev türkdilli dövlətlərin ortaq investisiya fondunun da yaradılmasını təklif etdi. Şavkat Mirziyoyev Özbəkistanın Bakı – Tbilisi – Qars dəmiryolu xəttindən səmərəli istifadə edəcəyini də söylədi. Özbəkistan Bakı – Tbilisi – Qars xətti vasitəsilə Avropaya çıxmaq istəyir. Azərbaycan Özbəkistanla iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Məsələn SOCAR və “Uzbekneftegaz” şirkətləri arasında Özbəkistan ərazisindəki yataqlarda hasilatın artırılması üçün sazişlərin praktiki icrasını təmin edilməsinə dair yol xəritələri imzalanıb.

 

Bakıdakı toplantıda Azərbaycan və Türkiyə iki məsələdə də üzv ölkələrdən dəstək istədilər. Azərbaycan istəyirdi ki, türkdilli dövlətlər Ermənistanın Azərbaycan torpaqlarını işğalını pisləsinlər. Türkiyə istəyirdi ki, türkdilli dövlətlər Türkiyənin Suriyada terrorçulara qarşı başladığı hərbi əməliyyatı dəstəkləsin. Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bir-birlərini dəstəklədilər. Rəsmi Bakı Türkiyənin Suriyada terrorçulara qarşı başladığı hərbi əməliyyatı, Ankara isə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və işğalı pislədiyini bildirdi. Rəcəb Tayyib Ərdoğan dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Bu, qəbuledilməz vəziyyətdir”. Ərdoğanın sonrakı cümləsi də diqqəti çəkirdi: “Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddət ərzində sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması üçün əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik”.

 

Sonuncu cümlə Ermənistana mesajdır. Türkiyənin Suriyada hərbi əməliyyatı Azərbaycanda ruh yüksəkliyi yaradıb. Azərbaycanda belə fikirlər səslənir ki, Azərbaycan da Türkiyə kimi öz problemini həll edə bilər. Ərdoğan isə onu demək istəyir ki, Türkiyə Azərbaycana öz problemini həll etməkdə istənilən dəstəyi verməyə hazırdır.

 

Rəcəb Tayyib Ərdoğının Türk Şurasının üzvlərindən istəyi var idi. Üzv dövlətlər birgə Türkiyənin Suriyadakı terrorçulara qarşı hərbi əməliyyatını dəstəkləsinlər. Çünki bir sıra ölkələr Türkiyəyə təzyiqi artırıblar. Buna görə də Türkiyə dost ölkələrdən dəstək gözləyir. Ərdoğanın bu sözləri diqqət çəkdi: “Türkiyənin terrorizmə qarşı apardığı mübarizədə Türk Şurasından ciddi dəstək gözləyirik. 300 milyonluq türk dünyasının bizimlə olduğunu bilirik. Eyni zamanda FETÖ-yə qarşı mübarizədə bizə göstərdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirəm. Türkdilli dövlətlərin milli mübarizələrdə bir-birinin yanında olması qardaşlıq vəzifəsidir”.

 

Türk Şurası Ərdoğanın xahişini yerinə yetirdi. Toplantının sonunda qəbul edilən bəyənnamədə Türkiyənin Suriyada terrorçulara qarşı mübarizəsinə dəstək ifadə edildi.

 

Azərbaycan Prezidenti İlham Əliyev də türkdilli ölkələrdən dəstək gözlədiyini gizlətmədi. İlham Əliyev dedi ki, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidləri dağıdılıb, məhv edilib: “Ermənistan müsəlman ölkələri ilə sıx əməkdaşlıq qurmağa çalışır. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir”.

 

Təəssüf ki, müsəlman ölkələrinin bir qismi Ermənistanı dost dövlət adlandırır. Bunların içərisində türkdilli dövlətlər də var.

 

Türk Şurasının tərkibi genişlənəcək. Cənubi Koreya Türk Şurasına müşahidəçi statusunda qatılmaq istəyir. Çingizxanın vətəni olan Monqolustanın da nə vaxtsa Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında yer alması mümkündür.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi