Rus raketlərinin arxasınca 5 mühüm addım: Biri Azərbaycanla bağlıdır

Siyasət

12.07.2019 - 14:35

Elxan Şahinoğlu: ““S-400”lər Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq”

 

“Rusiyanın “S-400” raketləri artıq Türkiyədədir. Bu, sıradan bir hadisə deyil”.

 

AYNA xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu social şəbəkədə paylaşım edib. O, fikrini belə əsaslandırıb:

 

“Birincisi, bu, Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır. “Soyuq müharibə” illərində Türkiyə ABŞ-ın strateji müttəfiqi idi. SSRİ-nin dağılmasıyla və bölgədə yeni şərtlərin formalaşmasıyla Türkiyənin Amerikadan asılılığı azaldı və Ankara Moskva ilə sıx münasibətlərin bünövrəsini qoydu. Son 15 ilin gedişatına baxsaq, Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu, həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır.

 

İkincisi, “S-400” sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq. Bundan başqa, Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən, Türkiyə “S-400” sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırki Prezidenti Donald Tramp “böyük səkkizlər”in Yaponiyadakı son sammitində hazırki vəziyyətə görə keçmiş Prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə “Patriot” raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin “S-400” məsələsində haqlı olduğunu göstərdi.

 

Üçüncüsü, Türkiyə “S-400” raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır. Doğrudur, Tramp Türkiyə ilə münasibətlərin daha da gərginləşdirilməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni “S-400” raketlərinə görə cəzalandırmağa çalışacaq. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı “S-400” raketlərinə baxmayaraq Amerikadan da hərbi texnika almağa çalışacaq, bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək.

 

Dördüncüsü, son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir. Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu, silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan “S-400” sistemini almaq istəyir.

 

Beşinci amil Azərbaycanla bağlıdır. Türkiyənin müdafiə qabiliyyətini artırması, heç şübhəsiz müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Türkiyə “S-400” raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda, əldə edəcəyi məhsulları Azərbaycanla da bölüşəcək. Bu, Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən, artan Rusiya- Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz etməməlidir”.

Müəllif: Ayna.az