“Rəsulzadə ancaq arzuladığı Azərbaycanda rahat uyuya bilər”

Cəmiyyət

31.01.2020 - 19:00

Qulu Məhərrəmli: "Rəsulzadə təkcə Azərbaycanın deyil, bütün Qafqazda siyasi düşüncənin təmsilçisi, özündə  demokratiyanı, dövlətçiliyi və müstəqillik anlayışını ehtiva edən irimiqyaslı şəxsiyyətdir"

 

Bu gün böyük azərbaycanlı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və rəhbəri, İstiqlal məfkurəsinin və Azərbaycançılıq ideologiyasının banisi, görkəmli ictimai-siyasi və dövlət xadimi, mütəfəkkir, ədib, publisist Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. AYNA əməkdaşı bu əlamətdar gündə, Rəsulzadənin ev muzeyinin yaradılması təşəbbüsü ilə çıxış edən professor, tanınmış telejurnalist, media eksperti Qulu Məhərrəmli ilə həmsöhbət olub.

 

- Qulu müəllim, bir müddət öncə ziyalılar Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyinin yaradılması ilə bağlı təşəbbüs irəli sürmüşdü. İstərdik ki, bu təşəbbüsün nəticəsi barədə məlumat verəsiniz.

 

- Bilirsiniz, belə təşəbbüslər əvvəllərdə olub, xüsusən Rəsulzadə araşdırmaçıları zaman-zaman bu məsələni qaldırıblar, lakin hökumət bunu qulaqardına vurub. Amma indi biz situasiyanın dəyişdiyini və cəmiyyətin bu məsələyə daha güclü dəstək verdiyini hiss edirik. Ona görə də biz 5 nəfərlə “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüsü ilə ictimaiyyətə müraciət etdik. Dekabr ayının sonunda isə təşəbbüs qrupunun üzvlərinin sayı 101 nəfərə çatdı. Təşəbbüsə qoşulmuş fəal elm və mədəniyyət xadimlərindən ibarət həmin 101 nəfərin iştirakı ilə Üzeyir Hacıbəyovun ev-muzeyində “İctimai Qrup” təsis etdik. Həmin qrup Rəsulzadənin ev-muzeyinin yaradılması istiqamətində işlərin əlaqələndirilməsi ilə məşğuldur. İmkan daxilində bəzi işlər görürük, məsələn, Bakı İcra Hakimiyyətinin bəzi qurumlarına müraciət etmişik ki, vaxtilə Rəsulzadənin yaşadığı evin indi kimə məxsus olması və oranın muzeyə çevrilməsi imkanları öyrənilsin. Təəssüf ki, həmin qurumlar bizim hüquqşünaslara cavab verməkdən imtina ediblər. Amma bir şey dəqiqdir ki, Rəsulzadə Nizami küçəsi 65 ünvanındakı evdə yaşayıb. İndi orada mümkün olmasa belə, başqa bir ünvanda ev-muzeyi yaradılmalıdır. Hazırda bu istiqamətdə işlər gedir. Gördüyümüz işlərdən biri də eyni adlı "Facebook" səhifəsi yaratmışıq və indi həmin səhifənin ictimai platformaya çevrilməsinə çalışırıq.

 

- Rəsulzadənin anadan olmasının 136-cı ildönümünə həsr olunmuş iki günlük beynəlxalq konfrans da keçirdiniz. Bu barədə qısa da olsa, məlumat verərdiniz.

 

- Yanvarın 30-da konfransımızın təntənəli açılışı oldu, elm adamları, ziyalılar, tanınmış ictimai xadimlər, diaspor nümayəndələri, xüsusən gənclər həmin açılış mərasimində çox şövqlə iştirak edirdilər. "Məhəmməd Əmin Rəsulzadə irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində" adlanan bu konfransın həm elmi, həm də bəlli bir siyasi çəkisi, fəlsəfi mənası olduğunu düşünürəm. Hesab edirəm ki, ölkə ictimaiyyətinin diqqətini bir daha Rəsulzadənin siyasi irsinə və ev-muzeyi məsələsinə yönəldə bildik. Konfransda, həmçinin Rəsulzadənin ev-muzeyinin yaradılması ilə bağlı Prezident İlham Əliyevə müraciət qəbul edildi. Həmin müraciətdə də xahiş olunur ki, ölkə başçısı bu məsələyə diqqət ayırsın. Çünki Rəsulzadəyə ehtiram göstərilməsi tək bir şəxsə diqqət deyil, Azərbaycan tarixinin parlaq bir səhifəsinə - Cümhuriyyət tarixinə, o Cümhuriyyəti quran insanların xatirəsinə olan ehtiramdır, diqqətdir. Ona görə də bu muzeyin yaradılmasını bir çox cəhətdən vacib hesab edirik.

 Rumiyyə Miraslan