“Qəhrəman” xalqın daha bir bəlası – Katalikoslar

Siyasət

16.08.2023 - 14:21

Onlar üçün önəmli olan sülh və sabitlik deyil, xalqın gələcək itkiləri və iztirablarıdır

Tarix boyu erməni kilsəsi müsəlman xalqlarına qarşı nifrət və dözümsüzlüyün yaranmasında əsas rol oynayıb. Bu tendensiya xüsusilə Birinci Dünya müharibəsi ərəfəsində özünü büruzə verdi. Katolikos Beşinci Gevorq Surenyants bu müharibənin ilk növbədə ermənilərin özləri üçün təhlükə törətməsindən asılı olmayaraq, Rusiya İmperiyasını Osmanlı İmperiyasına qarşı tez bir zamanda döyüş əməliyyatlarına başlamağa təhrik etdi.

Daha sonra, 1945-ci il noyabrın 27-də katolikos Altıncı Gevorq Çörekçiyan Sovet İttifaqı, ABŞ və Böyük Britaniya başçılarına müraciət edərək, Türkiyəyə təzyiq göstərməyi xahiş etdi ki, “erməni əraziləri” Sovet Ermənistanına qaytarılsın. Katolikos Birinci Vazgen isə 1956-cı ildə SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqaninə ünvanladığı məktubda Qarabağın Ermənistan SSR-ə verilməsi məsələsini qaldırmışdı.

Bu gün bu estafeti Böyük Kilikiya Evinin katolikosu Birinci Aram götürüb və o, Ermənistan hakimiyyətinə Azərbaycanla danışıqlar aparmaq üçün vahid qurum yaratmağı təklif edib.

Aramın fikrincə, elə bir struktur yaratmaq lazımdır ki, o, iqtidar, müxalifət, diaspor nümayəndələrindən, zəngin siyasi və diplomatik təcrübəyə malik insanlardan ibarət olsun: “Müvafiq olaraq, bu struktur Azərbaycanla tamamilə fərqli üslubda, fərqli yanaşmalarla danışıqlar aparsın. Azərbaycanla danışıqlarda Ermənistan uduzan tərəf kimi çıxış etməyi dayandırmalıdır, çünki bu mövqe yalnız güzəştə aparır”.

Katalikos İrəvanı Xankəndinin “blokadası” götürülənə qədər Bakı ilə bütün danışıqları dayandırmağa çağırıb: “Ümumiyyətlə, danışıqlarda Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsini nəzərdə tutan istənilən yanaşma rədd edilməlidir. Heç bir halda Dağlıq Qarabağın təhlükəsizliyini və müstəqilliyini təmin edən öz müqəddəratını təyinetmə ədalətli hüququ təmin etmədən Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına dair vədlər vermək yolverilməzdir”.

Hələ 2019-cu ilin mayında Birinci Aram Ermənistanı və Azərbaycanın o vaxtkı işğal olunmuş Qarabağ bölgəsini “birləşdirməyə” çağırmışdı: “Qarabağ işğal olunmuş ərazi deyil, qəhrəmanlarımızın qanı ilə qaytarılmış doğma torpaqdır... Bütöv və vahid Ermənistan vizyonunun reallaşması Qarabağın Ermənistana birləşdirilməsi ilə başlayacaq”.

Yəni Birinci Aram Ermənistana təklif edir ki, 44 günlük müharibədə özünü məğlub hesab etməsin və üstəlik, sülhə nail olmaq üçün Azərbaycanla danışıqlara getməsin. Məntiqlə belə bir vəziyyət Ermənistan üçün yeni müharibənin başlamasına və yeni itkilərə səbəb ola bilər, lakin bu hal Birinci Aramı narahat etmir. Onun üçün önəmli olan Ermənistan üçün sülh və sabitlik deyil, erməni xalqının gələcək itkiləri və iztirablarıdır.

Axı başqa cür ola da bilməz. Birinci Aram möcüzəyə ümid edirsə, bu möcüzə baş verməyəcək. Azərbaycan ordusu 2020-ci ilin payızında torpaqlarını azad etdi və erməni əsgərlər döyüş meydanından qaçaraq, heç bir şücaət və möcüzə göstərə bilmədilər. Onlara Livanda oturan Birinci Aramın duaları da kömək etmədi. İndi də o, siyasətə birbaşa müdaxilə edərək, Ermənistanda revanşist əhval-ruhiyyəni dəstəkləməkdə davam edir.

Birinci Aram xristian dininin postulatlarının tələb etdiyi kimi sülhə və harmoniyaya çağırmaq əvəzinə, yeni geosiyasi reallıqlara məhəl qoymayaraq, özünü az qala, Ermənistanın Baş naziri kimi təsəvvür edərək, onu eşidən və qəbul edənləri yeni müharibəyə çağırır.

Onun Napoleonun yanındakı palatada dincəlməsinin vaxtı deyilmi?

Müəllif: Asif Aydınlı