“Postsovet məkanında siyasi birlik mümkün deyil”

Siyasət

23.04.2020 - 13:04

Tofiq Abbasov: “Putin SSRİ-nin bərpası barədə dəfələrlə danışıb”

 

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinin aylar öncə Rusiya mətbuatına verdiyi müsahibə bu günlərdə yenidən tirajlanıb. Müsahibədə Kreml başçısı SSRİ-nin bərpası barədə açıq mesajlar verib və keçmiş ittifaqın yenidən ərsəyə gəlməsini labüd hesab etdiyini bildirib. O, SSRİ-nin bərpasından qorxmaq lazım olmadığını, əksinə, ittifaqın xeyirli, hətta qaçılmaz olduğunu vurğulayıb.

 

Burada əsas məqam sözügedən müsahibənin aylar sonra niyə yenidən gündəmə gətirilməsi ilə bağlıdır. Nə baş verir ki, Rusiya mediası müsahibəni “qəbirdən çıxardı”?

 

AYNA-nın bu və digər suallarını politoloq Tofiq Abbasov cavablandırıb.

 

- Tofiq müəllim, Vladimir Putinin yaxın günlərdə yayımlanan müsahibəsi bir çox suallara səbəb oldu. Birinci sual da ondan ibarətdir ki, niyə indi?

 

- Əslində, Putin daha əvvəl də Sovet İttifaqının bərpasıyla bağlı bir neçə dəfə fikrini bildirib. Çünki rus siyasi elitasında bu yanaşmaya meyl var. Vaxtaşırı da rəsmi dövlət mövqelərində, parlamentdə oturan nümayəndələr belə fikirlərə müraciət edirlər. Putinə gəldikdə isə o, bu məsələni bir neçə dəfə gündəmə gətirib. Hətta, Yeltsin dövründə ölkənin himni dəyişdirilmişdi. Lakin Putin himni yenidən köhnə formada bərpa etdirdi. Bunu da belə açıqlamışdı ki, “bu himn altında bizim vətəndaşlarımız döyüşlərdə iştirak edib və özlərini ifadə ediblər”. Yəni müxtəlif kontekslərdə bu fikir zaman-zaman gündəmə gətirilir.

Oxu.az - Tofiq Abbasov: İrəvan məkirli və iyrənc oyun oynayır ...

- Putinin müsahibəsində diqqət çəkən digər məqam post-sovet xalqlarının inteqrasiya ilə bağlıdır...

 

- Putin hər zaman bildirir ki, qonşu xalqlarla Rusiyada yaşayan xalqları birləşdirən rus dilidir. Digər tərəfdən, Putin hələ sovet dövründən qalmış loqistik strukturlar, enerji sahəsindəki sistemlər, nəqliyyat-kommunikasiya sahəsində olan əlaqələri diqqət mərkəzinə gətirməklə inteqrasiya üçün böyük maneələr olmadığını bildirməyə çalışır. Lakin söhbət yeni birlikdən gedirsə, bu birlik siyasi zəmində yox, iqtisadi zəmində yarana bilər. Çünki Avrasiya İqtisadi Birliyinin əsası qoyulanda Rusiya siyasi elitası tələskənliyə yol verib siyasi məsələləri iqtisadiyyatın qarşısına keçirdi. Əslində isə burada lokomotiv yolunu iqtisadiyyat oynamalı idi. Çünki insanları birləşdirən iqtisadiyyatdır. Əgər iqtisadi zəmində insanların rasional maraqları üst-üstə düşürsə, siyasi dialoqun da gedişatı yüngülləşir və qarşılıqlı anlaşma şəraiti bərqərar ola bilir. Ona görə də indiki məqamda post-sovet ölkələrinin Putinin bu fikrinə necə reaksiya verəcəyi hələlik məlum deyil.

 

- Putinin açıqlaması qonşu ölkələr üçün real təhlükədən xəbər verir, yoxsa quru təhdid xarakteri daşıyır?

 

- NATO İkinci Dünya Müharibəsindən sonra meydana gəlmiş hərbi-siyasi blokdur. Orada əsas məsuliyyəti üzərinə Amerika Birləşmiş Ştatları götürüb. Amma ABŞ da müxtəlif dövrlərdə öz müttəfiqlərinə qarşı istədiyi tərzdə davranıb. İndiki Tramp dövründə də ABŞ milli maraqlarını müttəfiqlərinin gözləntilərindən kifayət qədər üstün tutur. Buna misal olaraq koronavirus pandemiyasını götürə bilərik. Pandemiya üzə çıxan kimi ən birinci ABŞ öz sərhədlərini bağladığını bildirdi və dedi ki, onları yalnız öz problelmləri maraqlandırır, başqalarınınkı yox. Həmin prosesi biz Avropada da gördük - İtaliyanı tək buraxdılar və İtaliya təkbaşına ağır vəziyyətlə üzləşdi, son dərəcə təsirli nəticələrlə barışmalı oldu. Yəni ki, istənilən birləşmələrin arxasında bir ideya dayanır. Əgər bu ideyalar bərabərhüquqlu münasibətlərin formalaşmasına zəmin yaradacaqsa, bu, normaldır. Rusiya isə post-sovet ölkələri arasında dominant dövlətdir. Hər zaman da birləşmələrin əvvəlində niyyətlər sağlam olsa da, proses əsnasında rollar dəyişir və dominant zəifi udmağa, əzməyə başlayır. Bu, təbiətin də qanunudur, güclü hər zaman gücsüzü məhv edir. Geosiyasi zəmində də bu, belədir.

 

- Kreml rəhbəri müsahibəsində Qərbi də ittiham etməkdən çəkinməmişdi. Neftin qiymətinin kəskin düşməsi Putinin aqressiyasına səbəb ola bilərmi?

 

- Əlbəttə ki, ola bilər. Hazırda dünyada iqtisadi böhran yaşanır. Böhran 2008-ci ildən başlayıb və bu günə qədər də davam edir. Bunun nəticəsidir ki, virusla mübarizə çərçivəsində ölkələr potensiallarını kifayət qədər reallaşdıra bilmir. Ancaq əsas məsələ ondan ibarətdir ki, Qərb-Şərq qarşıdurması hər zaman davam edəcək. Onsuz da hər iki cəbhə biri-birinə rəqibdir. Burada bir neçə ölkənin kəskin toqquşması gedir. Əlbəttə ki, Qərb heç zaman Rusiya ilə yaxın olmayıb və olmayacaq da. Sadəcə, rəqabəti də elə bir tərzdə aparmalıdırlar ki, bu, digər xalqlar üçün fəsadlar törətməsin.

Müəllif: Mərahim Nəsib