“Putinin 50 minlik silahlı terrorçusu var” – Rus ordusunda çaxnaşma

Dünya

26.01.2023 - 14:16

Politoloq: “Böyük bir ordunun cinayətkar bir təşkilatın ayağına verilməsi zabitləri, əsgərləri havalandırır”

Ötən gün Ukrayna Silahlı Qüvvələri şəxsi heyətin həyatını xilas etmək üçün Donetsk vilayətindəki Soledar şəhərindən geri çəkilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun sözçüsü Sergey Çerevatı açıqlama verib.

O bildirib ki, ordu əvvəlcədən hazırlanmış müdafiə xəttində möhkəmlənib: “Ordu əsas tapşırığı yerinə yetirib. Biz düşmənə imkan vermədik ki, döyüşlər gedən ərazinin Donetsk istiqamətindəki hissəsində sistemli şəkildə cəbhə xəttini yarıb keçə bilsin. Döyüşlər zamanı düşmən xeyli texnika və canlı qüvvə itirib”.

Çerevatı onu da əlavə edib ki, Ukrayna hərbçilərinin mühasirəyə alınması və ya əsir götürülməsinə imkan verilməyib.

Rusiya Federasiyasında Soledarın işğal edilməsi ordunun böyük uğuru kimi təqdim edilir. Ümumiyyətlə, bundan sonra Rusiya ordusunun uğurlu həmlələrinin olacağı ilə bağlı Moskva mətbuatında şərhlər verilir. Eyni zamanda, Rusiyanın yeni səfərbərliyə hazırlaşdığı haqqında təxminlər mövcuddur.

Beynəlxalq mediada isə Ukraynanın yaxın zamanlarda uğurlu əks-hücumunun olacağı haqqında proqnozlar verilir. Yeri gəlmişkən, Ukraynanın müttəfiqləri tərəfindən ağır hücum silahlarının tədarükü ilə bağlı müsbət qərarlar mövcuddur.

İndi bütün dünyanı bir sual maraqlandırır: müharibə nə vaxtadək davam edəcək və sonu necə olacaq?!

AYNA-nın Ukrayna müharibəsindəki hazırkı vəziyyətlə bağlı suallarını Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı cavablandırıb. Analitik vurğulayıb ki, qış aylarında müharibə aparmaq bir qədər çətindir:

- Biz bu çətinliyi əməliyyatların ləngliyində də müşahidə edirik. Hazırda tərəflərdən heç birinin üstünlüyü yoxdur. Düzdür, Ukrayna üstün kimi görünür, çünki ötən ilin payızında Xarkov, Xerson istiqamətində əks-hücumlar etdi, uğurlar qazandı. Ukrayna ordusu həmin hücumlarda böyük ərazini işğaldan azad etdi. Bu baxımdan, Ukrayna ordusunun strateji vəziyyəti daha yaxşıdır. Amma indi nə Ukraynanın, nə Rusiyanın hücuma keçmək, vəziyyəti tam olaraq dəyişmək üçün resursları var.

- Lakin bu yaxınlarda Rusiya Solidarı azad etdi, Baxmut istiqamətində uğurlar qazandı...

- Hərbi ekspert deyiləm, amma hərbi ekspertlərin hamısının bir fikri var: nə Solidar, nə də Baxmut strateji əhəmiyyətli yerlərdir. Soledarın ümumiyyətlə əhəmiyyəti yoxdur. Təsəvvür edin ki, müharibədən əvvəl Solidarda 10 min adam yaşayırdı. Bu, şəhər tipli kənddir.

- Amma Rusiya tərəfi bunu böyük uğur kimi təqdim etdi...

- Çünki Solidarı işğal etmək üçün Rusiya çox böyük resurslar xərclədi. Hətta məlumatlara görə, “Vaqner” hərbi şirkətinin əsgərləri minlərlə rus əsgərlərinin meyitinin üzərindən keçərək Solidara daxil olublar. Yeri gəlmişkən, həmin şəhəri Rusiya ordusu yox, “Vaqner” işğal edib. Şəhərin işğalı üçün Rusiya əsgərlərinin kütləvi qırğını olub. Təsəvvür edin ki, təkcə “Vaqner”in 4 mindən çox muzdlusu Soledar uğrunda gedən döyüşlərdə məhv edilib. Ona görə də Moskvada Soledarın işğalını belə böyük uğur kimi təqdim edirlər.

Məsələ burasındadır ki, bu gün Rusiyanın siyasi və hərbi elitasında ciddi problemlər, qarşıdurma mövcuddur. Bir tərəfdən Kadırov, bir tərəfdən Priqojin, digər tərəfdən də Müdafiə Nazirliyi bir-biri ilə döyüşür. Bu qüvvələr arasında ciddi konflikt var.

- Yeri gəlmişkən, mediada açıq şəkildə bir-birini ittiham edirlər.

- Bəli. Vəziyyət o həddə gəlib ki, Priqojin çıxıb bəyanat verir ki, Müdafiə Nazirliyi Soledarın “azadlığında” iştirak etməyib, bunu “Vaqner” edib. Təsəvvür edin ki, Müdafiə Nazirliyi əvvəl Soledarla bağlı bəyanat verir, saytında Rusiya ordusunun əsgərinin “qələbəsi” barədə yazır, sonradan həmin məlumatı silir və başqa məlumat yayılır. Sonra yayılan məlumatda isə qeyd olunur ki, Soledarın “azad edilməsində” “Vaqner” əsgərləri iştirak edib və “böyük qəhrəmanlıq” göstəriblər. Açıq şəkildə görünür ki, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında ciddi konflikt var.

Nəzərə almaq lazımdır ki, bütün dövrlərdə - istər Rusiya imperiyası dövrü olsun, istər SSRİ zamanı olsun, istər Rusiya Federasiyası dövründə olsun - ordunun hər zaman böyük nüfuzu, təsiredici gücü olub. Rusiya ordusu çevrilişlər etmiş, hakimiyyətlər formalaşdırmış bir qurumdur. Belə bir qurumun indi gətirilib “Vaqner” kimi cinayətkar bir şirkətin ayağına verilməsi, əlbəttə, o qurumu lori desək, havalandırır. Baxın, ölkənin Müdafiə Nazirliyi var, onun da yanında bir hərbi qruplaşma var və bu qruplaşma istədiyi kimi hərəkət edir. “Vaqner”in rəhbəri gedib məhbuslara, adam öldürən cinayətkarlara deyir ki, “gəlin bizdə əsgər olun, döyüşün”. Sonra da həmin cinayətkarlara əfv vəd edir. Düşünün, “Vaqner” əsgərlərinin sayı müharibədən əvvəl təxminən min nəfər idi. İndi isə 50 minə yaxın “vaqnerçi” var. Bu, zarafat deyil, bir ölkənin ordusu deməkdir. Faktiki olaraq, Rusiya ordusuna paralel bir ordudur.

- Maraqlıdır ki, bu şəraiti priqojinə Putin yaradıb. Sizcə, normalda Kreml rəhbəri Rusiya ordusuna paralel böyük bir ordunun yaranmasından narahat olmalı deyilmi?

- Normal lider narahat olmalıdır. Məsələ budur ki, “Vaqner” Müdafiə Nazirliyini tanımadığını bəyan edir və dərhal da bildirir ki, Putini tanıyır. Putin də bunlar arasında manevr edir. Təbii ki, “Vaqner”in davranışları, belə orduya sahiblənməsi Rusiya ordusunun zabitlərinin, kadrların xoşuna gəlmir. Hesab edirəm ki, bu, Rusiya daxili üçün ciddi problemdir. Kreml bunun fəsadlarını yaşayacaq. Priqojin 50 minlik ordusunun olduğunu, bütün silah-sursatlarının, hər bir avadanlıqlarının olduğunu, hətta çeşidli təyyarələrə malik olduqlarını bildirir. Bu, o deməkdir ki, “Vaqner” artıq terrorçu təşkilata çevrilib. Hansı ki, Putin buna dəstək verir. Demək ki, belə bir qruplaşmaya dəstək verən Putin də onun üzvüdür. PKK, İŞİD, “əl-Qaidə” kimi, “Vaqner” də terrorçu təşkilatdır. Təəssüflər olsun ki, hələ də “Vaqner”i terror təşkilatı kimi qadağan etməyiblər, qərarlar verməyiblər.

- “Vaqner”in terrorçu təşkilat kimi tanınması ətrafında müzakirələr gedir. Hətta ABŞ artıq şirkətlə bağlı maliyyə sanksiyalarının verilməsi istiqamətində addım atıb...

- Bu qərar çoxdan verilməli idi. Bununla zarafat etmək olmaz. Bütün dünyaya bəyan edilməlidir ki, “vaqnerçilər” terrorçudurlar. Yeri gəlmişkən “Vaqner”dən bir nəfər Norveçə qaçıb və şirkətin hərbi cinayətləri ilə bağlı əlində materiallar olduğunu bildirib. İndi görək bunun axırı nə ilə nəticələnəcək.

- Yaxın 3 ayda müharibə ilə bağlı gözləntilər nələrdir?

- Rusiyanın resursu yoxdur. Düşünürəm ki, Rusiya yenidən səfərbərliyə gedə bilər. Amma yeni səfərbər olunmuşları hansı silahla təchiz edəcəklər?! Axı silahları da tükənir. Bəli, əllərində hələ silah var, amma bu, böyük miqdarda deyil. Ukrayna isə silahlar gözləyir və bununla bağlı qərarlar verilib. Ukraynaya ağır hücum silahları hələlik verilməyib. İndi-indi tədarükə başlanılıb. Kiyevə silah tədarükü müharibədə vəziyyəti çox ciddi dəyişəcək. Məsələ burasındadır ki, Ukrayna hərbçiləri yeni silahları öyrənməlidirlər, istifadəsi üçün təlimlər keçməlidirlər. Düşünürəm ki, bu, iki aya yaxın çəkəcək.

Təxminən mart ayının ortaları və sonlarında Ukrayna ordusunun əks-hücumlarını gözləmək olar. Güman ki, Donbass, Zaporojye və Xersonun cənubu istiqamətində güclü hücumlar olacaq. Ümid edirəm ki, bu il ərzində Ukrayna tam olmasa da, ərazilərinin böyük hissəsini azad edəcək. Krım istiqaməti ilə bağlı proqnozlarda bir qədər ehtiyatlı danışmaq lazımdır. Təbii ki, hər şey ola bilər. Lakin Krım məsələsində bir qədər tərəddüdlüyəm. Çünki Krım bir qədər mürəkkəb məsələdir. Belə baxanda isə digər bölgələrin Krımdan fərqi qalmadı. Çünki Rusiya Krım kimi digər işğal etdiyi əraziləri də qondarma “referendum”larla özünə birləşdirdiyini iddia edir.

Rusiyanın müqaviməti necə olacaq - tam demək çətindir. Siyasi-hərbi elitada konflitklər var ki, bu, Rusiya daxilində ciddi çaxnaşmalara gətirib çıxara bilər.

Müəllif: Anar Bayramoğlu