Putini “aradan götürmə” ssenariləri: sui-qəsd, inqilab, yoxsa daxili parçalanma...

Dünya

17.09.2022 - 10:29

Mehman Əliyev: “Qərb artıq öz məqsədinə nail olub - müharibə uzun çəkməyəcək”

Elxan Mehdiyev: “Ukraynanın son günlər əldə etdiyi qələbələr aldadıcı ola bilər”

Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd cəhdinin olmasına dair məlumatlar yayılıb. Qeyd olunur ki, Putinin avtomobili sol ön təkərindən “sərt zərbə” alıb, ardınca isə “güclü tüstüləmə” baş verib. Avtomobil təhlükəsiz yerə aparılıb. Prezidentin özü isə xəsarət almayıb, belə ki, o, həmin avtomobillə deyil, ehtiyat kortejlə hərəkət edirmiş. Artıq dövlət başçısının bəzi mühafizəçilərinin həbs olunduğu da söylənilir. Sui-qəsdin nə vaxt baş verdiyi açıqlanmayıb.

Qeyd edək ki, bu, Rusiya Prezidentinə qarşı ilk belə cəhd deyil. Bundan öncə də Vladimir Putinə qarşı dəfələrlə sui-qəsd cəhdləri olub. Rusiya-Ukrayna müharibəsi, ABŞ və Qərbin Moskvaya çoxvektorlu embarqoları fonunda Putinə qarşı sui-qəsd cəhdləri təsadüfi sayılmır. İddialara görə, ABŞ və Qərb Rusiyanı parçalamaq yox, Putin və komandasını hakimiyyətdən uzaqlaşdırmaqla öz məqsədinə nail olmaq niyətindədir.

Bu arada, Ukrayna müharibəsini şərh edən ABŞ Prezidenti Co Bayden bildirib ki, Ukraynada hadisələrin inkişafının hansı dönüş nöqtəsində olduğunu söyləmək hələ tezdir. Lakin o, birmənalı olaraq hesab edir ki, Ukrayna Silahlı Qüvvələri əhəmiyyətli irəliləyişlər əldə edib: “Ukraynalılar xeyli üstünlük əldə ediblər. Ancaq düşünürəm ki, bu, uzun bir yol olacaq. ABŞ Ukrayna tərəfi ilə daim birbaşa təmasdadır və yeni müdafiə yardımı paketi hazırlanır”.

Baş verənləri AYNA-ya şərh edən “Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev deyib ki, Putinin aradan götürülməsi əsasən daxildəki narazı qüvvələrin marağındadır: “Rusiya Prezidentinə qarşı sui-qəsd cəhdinin olması barədə informasiyalar yayılsa da, rəsmi olaraq təsdiqini tapmır. Lakin Putinin rus hərbçiləri ilə nəzərdə tutulan görüşünün təxirə salınması bu informasiyanın səhihliyini artırır. Məlumdur ki, hələ Ukraynaya qarşı təcavüzə başlamımışdan qabaq Putin mühafizəsini gücləndirməyə başlamışdı. Müxtəlif ölkələrin rəhbərləri, xarici qonaqlar, eləcə də yerli məmurlarla görüşü zamanı uzun masalardan istifadə edirdi. O, insanlarla təmaslarını minimuma endirib”.

“Bütün bunlar köhnə kəşfiyyatçı kimi Putində ona qarşı sui-qəsdin ola biləcəyi ilə bağlı məlumatların olmasından qaynaqlanır. İşğaldan sonra isə öz təhlükəsizliyini daha da gücləndirib. Rusiya tərəfi Putinə qarşı sui-qəsddə əsasən Qərbin və Ukraynanın marağının olduğunu söyləsə də, daxildə olan narazı qüvvələr tərəfindən də bu, həyata keçirilə bilər. Bu ehtimal daha yüksəkdir. Çünki bəzi rus oliqarxlar kifayət qədər vəsait itiriblər və bununla barışmaq niyyətində deyillər”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində üstünlük artıq ikincinin tərəfinə keçməyə başlayıb : “Putin və administrasiyası düşünürdü ki, Kiyevi ələ keçirəcək və öz adamının hakimiyyətə gəlişini təmin edəcək. Bununla da Ukrayna ilə bağlı “təhlükəni” adlamış olacaq. Lakin Moskvanın bütün planları alt-üst oldu. Üzərindən yeddi ay keçsə də, Rusiya heç bir ciddi nəticə əldə etməyib, əksinə, günü-gündən öz mövqelərini itirir. Son dövrlər isə Ukrayna ciddi üstünlüklər qazanmağa başlayıb”.

“Digər yandan Rusiyaya qarşı embarqolar da öz təsirini göstərir. Düzdür, Moskva Avropanı qazla təhdid edir, ancaq onun özünün də vəziyyəti yaxşı olmayacaq. Rusiyanı da çox çətin qış gözləyir. Əslində, Amerika və Qərb öz məqsədinə nail olub. Onların niyyəti o idi ki, Ukraynanı Rusiyanın təsirindən xilas etsinlər. Buna müvəffəq oldular. Bu gün Ukrayna Rusiyanın yanında deyil. Hesab edirəm ki, bu müharibə uzun çəkməyəcək. Tərəflər danışıqlar masasına çox yaxındırlar və görünən odur ki, Rusiya bu prosesdə qalib tərəf deyil”, - deyə analitik söyləyib.

Bununla yanaşı, Əliyev yaxın gələcəkdə Rusiyada hakimiyyət dəyişikliyi gözləmir: “Putinin devrilməsi yox, zəifləməsi qaçılmaz olacaq. Təbii ki, Ukrayna və postsovet ittifaqı ilə bağlı yürütdüyü uğursuz siyasətin nəticəsində Putin daxildə dayaqlarını itirəcək. Bu, zamanla onun devrilməsinə gətirib çıxara bilər. Lakin mövcud şəraitdə bu, bir o qədər də inandırıcı və real görünmür”.

Konfliktoloq Elxan Mehdiyev də AYNA-ya şərhində deyib ki, Putinə qarşı sui-qəsdin olması ilə bağlı iddialar rəsmi təsdiqini tapmır: “Rəsmi Moskva heç bir açıqlama vermir. Bu barədə ilk dəfə Britaniya mətbuatı yazıb. Hansı mənbələrə istinad etdiyi də bilinmir. Bütün hallarda müharibələr dövründə tarixdə dövlət rəhbərlərinin qətlə yetirilməsi, sui-qəsd cəhdləri olub”.

“Lakin bir məsələ də var ki, müharibə şəraitində olan ölkələrin rəhbərləri təhlükəsizlik tədbirlərini artırır, öz mühafizələrini daha da gücləndirirlər. Şübhəsiz ki, Putin də mühafizəsini gücləndirib. Rəsmi təsdiq olmadığına görə, bu barədə qəti söz demək mümkün deyil”, - deyə müsahibimiz qeyd edib.

Mehdiyev hesab edir ki, Ukraynanın son günlər əldə etdiyi qələbələr aldadıcı da ola bilər: “Düzdür, Ukrayna ciddi əks-hücumlar təşkil edir, torpaqlarının bir qismini işğaldan azad edib. Lakin işğal faktı davam edir və daha çox əraziləri hələ azad edilməyib. Bu mənada demək olmaz ki, Ukrayna qalib olacaq. Təbii ki, işğalçıya qarşı əks-həmlələr və əldə edilən nəticələr müsbətdir. Ancaq bu proses davamlı olacaqmı, bu barədə qəti rəyə gəlmək çətindir”.

“Müharibə davam edir və qış aylarında hər iki tərəf üçün çətin olacaq. Tərəflərin danışıqlar masasına qayıtması da ciddi müzakirə mövzusudur. Amma bunun üçün hər iki tərəfin müəyyən üstünlükləri olmalıdır. Əks halda heç bir tərəf məğlubiyyət faktı ilə barışmayacaq”, - deyə mütəxəssis fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev