"Putin böyük slavyan dünyasına hökm etmək istəyirdi, amma alınmadı"

Dünya

26.07.2022 - 18:22

Şahin Cəfərli: "Rusiya yavaş-yavaş da olsa, ciddi böhran bataqlığına doğru irəliləyir"

Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq edildi. Şimal qonşumuza qarşı demək olar ki, bütün sahələr üzrə embarqolar qoyuldu. Bu günlərdə Avropa İttifaqı (Aİ) tərəfindən yeddinci sanksiyalar paketi də qəbul olundu. Beynəlxalq ekspertlər sözügedən sanksiyaların aqressiv imperiya siyasəti yürüdən Rusiyanı çökdürəcəyini, iqtisadiyyatını məhv edəcəyini proqnozlaşdırırlar. 

Rusiyanın "xüsusi hərbi əməliyyat" adı altında başlatdığı işğalçı müharibə altıncı ayına keçib. Bu müddətdə Rusiya iqtisadiyyatında geriləmələr müşahidə olunsa da, ölkə rəsmilərinin açıqladıqları rəqəmlərə əsasən, gəlirlərdə azalmalar o qədər də müşahidə edilmir. Əksinə, bəzi iddialara görə, Rusiyanın enerji daşıyıcılarının qiymətinin yüksək olması səbəbindən gəlirləri artıb. 

Rusiya əhalisinin sosial vəziyyətinin ağırlaşacağı, narazı əhalinin küçələrə çıxaraq Putin rejimini devirəcəyi də gözləntilər arasında idi. Lakin hazırkı vəziyyətdə bunu da müşahidə etmirik. Bir çox ekspertlər tətbiq olunan sanksiyaların müəyyən müddətdən sonra effektiv olacağını bildirirlər. 

İşğalçı dövlətin vəziyyəti ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli deyib ki, bu gün Rusiya müasir dünya tərəfindən təcrid olunub:

- Faktiki olaraq ölkə izolyasiya şəraitindədir. Bütün sahələrdə ağır sanksiyalar tətbiq edilib ki, bu, ölkənin geriləməsinə gətirib çıxaracaq. Hətta mədəniyyət və idman sahəsində də Rusiya sanksiyalar altındadır. Təbii ki, enerji daşıyıcılarının qiymətlərinin dünya bazarında yüksək olması Rusiyanı hələlik ayaqda saxlayan əsas faktordur. 

- Demək ki, burada günah həm də Rusiya enerjisindən imtina etməyən, yaxud edə bilməyən Qərbdədir...

- Etiraf etmək lazımdır ki, Avropa ölkələri Rusiya neftindən və qazından imtina edə bilmir. Çünki ötən müddətdə Avropanın, xüsusilə, Almaniyanın keçmiş hökumətinin yeritdiyi yanlış siyasət nəticəsində belə böyük bir dövlətin, Avropa İttifaqının lider dövlətinin bu sahədə Rusiyadan asılılığı var. Rusiyanın enerji daşıyıcılarından imtina üçün müəyyən zaman lazım olacaq. Məlumdur ki, neft embarqosu ilə bağlı Qərbin qərarı dekabr ayından qüvvəyə minəcək. Bu qərarın nə qədər uğurla yerinə yetiriləcəyinə də müəyyən şübhələr mövcuddur. Çünki Rusiya başqa yollarla, başqa ölkə nefti adı altında da neftini dünya bazarına çıxara bilər. Rusiyanın sanksiyalardan yayınmaq mexanizmləri mövcuddur və bundan güman ki, istifadə ediləcək.

Ona görə də təəssüf ki, Rusiyaya qarşı sözügedən sahədə sanksiyanın tətbiqini gerçəkləşdirmək çətindir. Neft və qazın hazırda dünya bazarında qiymətlərinin yüksək olması Rusiyanı ayaqda saxlayır. Digər sahələrə nəzər yetirsək, görərik ki, Rusiya sənayesində ciddi böhran əlamətləri müşahidə edilir. 

- Məsələn, hansı sahələrdə?

- Məsələn, Rusiyanın avtomobil sənayesi demək olar ki, çökmüş vəziyyətdədir. 20 avtomobil zavodu var idi ki, bunlardan 18-i fəaliyyətini tam dayandırıb. Digər ikisi isə müəyyən fasilələrlə işini davam etdirir. Nəzərə almaq lazımdır ki, avtomobil sənayesi Rusiyanın əsas sənaye sahələrindən biri idi. 

Metallurgiya sənayesində böhran hiss olunur. Bu sahədə ixrac ciddi şəkildə azalıb. Polad ixracı ciddi şəkildə azalıb. Rusiya əhalisinin gəlirlərində onsuz da enmə müşahidə olunurdu. İndi isə gəlirlər sürətlə düşməkdədir. Əhalinin sosial vəziyyətinin yaxşılaşması ehtimalı yoxdur. Yəni ki, Rusiya yavaş-yavaş da olsa, ciddi böhran bataqlığına doğru irəliləyir.

Ən ciddi böhran isə Rusiyada demoqrafiya sahəsindədir. Əhalinin sayı kəskin şəkildə azalmaqdadır. Çox vaxt bu sahədəki problem diqqətdən yayınır, amma əhali faktoru çox önəmli məsələdir. Xüsusilə, Rusiya kimi ambisioz, böyük dövlətin əhali sayı getdikcə azalırsa, demək ki, Rusiyanın böyük dövlət kimi dünya arenasında əvvəlki rolu oynaması çətin olacaq. Sanksiyaları, digər tədbirləri bir kənara qoysaq, demoqrafik vəziyyətin ağırlaşması Rusiya üçün böyük təhlükədir. 

Hesab edirəm ki, əslində Ukraynaya qarşı təcavüzkar müharibənin Rusiya tərəfindən başladılmasının kökündə dayanan səbəblərdən biri də məhz demoqrafik vəziyyətlə əlaqəli idi. Ukraynada təxminən 40 milyonluq slavyan əhali var. Rusiya Ukraynanı özünə tabe etdirməklə 40 milyon slavyanı da bir növ özününküləşdirmək istəyirdi. Necə ki, Belarusun 8-9 milyonluq əhalisini Rusiya öz əhalisi gözündə görür. Slavyan əhali faktoru da Rusiyanın müharibəyə başlamasında önəmli amillərdən biri idi. Putin Rusiya İmperiyası və SSRİ dövründə olduğu kimi slavyanların hamisi olmaq, böyük bir slavyan dünyasına hökm etmək istəyirdi. Kreml liderinin əsas niyyətlərindən biri bu idi - hansı ki, bu, alınmadı. 

- Demək istəyirsiniz ki, Rusiyanın gələcəyi sual altındadır?

- Söhbət Rusiyanın gələcək inkişaf perspektivlərindən gedirsə, hansısa müsbət perspektiv görünmür. Təbii ki, Putin rejiminin taleyi də Rusiyanın gələcəyi baxımından çox böyük önəm daşıyır. Bu rejimin dövründə Rusiyanın böhrandan çıxmaq potensialı yoxdur. Əlbəttə, Putindən sonra Rusiyada hakimiyyətə gələcək yeni qüvvələr ölkəni dünyaya inteqrasiya etdirə, yenidən Qərblə yaxınlaşdıra bilər. Təbii ki, aqressiv imperiya siyasətindən əl çəkəcəkləri təqdirdə. O zaman, bəli, Rusiyanın yenidən inkişaf perspektivləri ola bilər. Amma Putin siyasəti ilə ölkənin inkişaf perspektivi yoxdur. 

Müəllif: Anar Bayramoğlu