"Prezidentə deyil, yeddibaşlılara müxalifəm" və ya "nazir niyə o vəzifəni tutmalıdır?!"

Aktual

24.12.2021 - 18:47

Parlamentin iclasında İlham Əliyevə Nobel Sülh Mükafatının verilməsi üçün prosedur başladılması təklif olunub

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Gündəliyinə 24 məsələ daxil edilən iclasda öncə deputatlar Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik ediblər. 

Sədr Sahibə Qafarova dövlət başçısını təbrik nitqində deyib ki, bugünkü iclas çox əlamətdar günə təsadüf edir: “Qürur hissi ilə demək olar ki, Azərbaycanın son yarım əsrlik tarixi ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada tanınır. Prezidentin həyata keçirdiyi siyasət ölkəmizi dünyada etimadlı tərəfdaş kimi tanıdıb”.

Spiker bu günün əlamətdar gün olduğunu xatırladaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlarla bağlı məlumat verib.

Deputat: "Nobel Sülh Mükafatının Prezident İlham Əliyevə verilməsi üçün prosedur başladılmalıdır"

“İlham Əliyev adını şanlı tariximizə Qarabağın xilaskarı və Zəngəzurun memarı kimi yazdırıb”, - deyən deputat Musa Quliyev Prezidentə Günəş ömrü arzulayıb.

Deputat Elşad Mirbəşir qeyd edib ki, dünyada sülhə ən böyük təhdid münaqişələrdir: “Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyaraq beynəlxalq sülhə çox ciddi töhfələr verib. Azərbaycan Prezidenti ərazilərimizi işğaldan azad etməklə beynəlxalq təhlükəsizliyə təhdid törədən transmilli cinayətlərin də qarşısını almış oldu. Bu günə qədər Nobel Sülh Mükafatına layiq görülmüş şəxslərin fəaliyyəti ilə Prezident İlham Əliyevin fəaliyyətini müqayisə etmək heç doğru olmazdı. Prezident İlham Əliyev öz praqmatik siyasəti ilə beynəlxalq sülhə töhfə verib. Ona görə də növbəti Nobel Sülh Mükafatının Prezident İlham Əliyevə verilməsi üçün prosedur başladılmalıdır”.

“Mən Sizə qarşı deyil, yeddibaşlı şəxslərə qarşı müxalifətəm”

“Son 100 ildə türk-islam dünyası daim kiçilib. Qarabağın işğaldan azad edilməsi ilə dünyada artıq türk dünyası qalxma dövrü yaşadı”. Bu fikirləri isə deputat Tahir Kərimli səsləndirib.

Bildirib ki, dövlət başçısının çoxlu fəxri adı var: “Ən böyük adı isə Müzəffər Ali Baş Komandandır. Qarşıda böyük vəzifələr durur. Təpəgözün gözünü çıxarmışıq, ancaq özü durur. Buradan demək istəyirəm ki, cənab Prezident, mən sizə qarşı deyil, yeddibaşlı şəxslərə qarşı müxalifətəm. Korrupsiya, keyfiyyətsiz təhsil və s. kimi məsələlərdə sizin arxanızdayıq və sizi hər zaman dəstəkləyirik”.

Sabir Rüstəmxanlı: "Heydər Əliyevə dedim ki, bəlkə də Allah sizi Çin kimi, Hindistan kimi böyük dövlətləri idarə etmək üçün yaradıb"

Deputat Vahid Əhmədov isə çıxışında qeyd edib ki, son günlər Prezident tərəfindən ciddi fərmanlar imzalanıb: “Bir həftə ərzində təxminən 4 milyon insanın maaşının artması ilə əlaqədar fərman imzalanıb. Prezidentin imzaladığı əsas fərmanlardan biri Birinci Qarabağ müharibəsi əlili olan hərbçilərə birdəfəlik müavinətlərin ödənilməsi ilə bağlıdır. Dövlət başçısı Azərbaycan xalqının sosial vəziyyətini hər zaman ön plana çəkib. Prezidentin apardığı siyasət Azərbaycanda 2022-ci ildə də problemlərin həllində mühüm nəticələrə gətirib çıxaracaq”.

Deputat Sabir Rüstəmxanlı isə deyib ki, Milli Məclisdə ana müxalifət partiyasının sədri kimi xatırlayır ki, Prezident İlham Əliyev heç bir ziyalının doğum gününü, yubileyini diqqətdən kənar qoymayıb: "Əlimizə fürsət düşüb, mən də Prezidentin yubileyini təbrik etmək istəyirəm. 1994-cü ildə Heydər Əliyevin Çinə səfəri zamanı olan bir xatirəsini paylaşıb. Deyir, həmin səfər çox işgüzar keçmişdi. O zaman Heydər Əliyevə dedim ki, bəlkə də Allah sizi Çin kimi, Hindistan kimi böyük dövlətləri idarə etmək üçün yaradıb, amma Azərbaycanı idarə edirsiniz. Azərbaycanın da problemləri bitmir. O bu fikrimə güldü və dedi ki, bəlkə zarafat edirsiniz. Düşünürəm ki, Prezident İlham Əliyev də bu mənada da atasının yolunu gedir”.

"Əminəm ki, Prezidentin başlatdığı islahatlar uğurla nəticələnəcək və biz Xankəndi üzərində də suverenliyimizi bərpa edəcəyik”

Deputat Əli Məsimli söyləyib ki, Prezident İlham Əliyev Cənubi Qafqazın reallığını tamamilə dəyişib: “İlham Əliyev indiyə qədər olan intellektual müharibələrin qalibi kimi dünya tarixinə düşən lider oldu. 44 günlük Vətən müharibəsində güclü lider və güclü diplomat xüsusiyyətlərini birləşdirərək Azərbaycan xalqının səsini dünyaya çatdıra bildi. Eyni zamanda İlham Əliyev Qarabağı azad etməklə tarixin gedişini dəyişdirən və yeni tarix yazan lider kimi tarixə düşdü. Dekabrın ortalarında Prezident İlham Əliyevin Avropada keçirdiyi görüşlərdə çıxışları da çox mühüm idi”.

Qüdrət Həsənquliyev çıxışda bildirib ki, dünyada 200-dən artıq xalq öz dövlət müstəqilliyinə nail ola bilib, ancaq hüquqi dövlət yarada bilməyib: “Bu, çox çətin prosesdir. Biz müstəqillik illərində böyük uğurlara imza atmışıq. Əminəm ki, islahatlar davam etdiriləcək və daha modern ölkə olacağıq. Vaxtilə ölkəmizin ən ağır günlərində biz İlham Əliyevi Heydər Əliyevin yanında görürdük. Bu gün də beynəlxalq hüququn ayaqlar altına atıldığı, dünyanın parçalandığı dövrdə regionda siyasi konyukturanın çətin şərtləri altında biz görürük ki, İlham Əliyevin vaxtilə həyata keçirdiyi missiyanı Mehriban Əliyeva həyata keçirir. O, İlham Əliyevlə çiyin-çiyinə çətinlikləri dəf etməklə məşğuldur. Mən əminəm ki, Prezidentin başlatdığı islahatlar uğurla nəticələnəcək və biz Xankəndi üzərində də suverenliyimizi bərpa edəcəyik”.

"Bu, ədalətsiz təyinatdır. Onlar haqqı çatan həmkarlarının haqqına girirlər"

İclasda “Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirə zamanı deputat Qüdrət Həsənquliyev sınaq müddətinə təyin edilmiş hakimlərin birdən-birə apellyasiya məhkəməsinə hakim təyin edilməsi məsələsinə təəccüb etdiyini söyləyib: "Hesab edirəm ki, bu, ədalətsiz təyinatdır. Səkkiz nəfərin heç birini tanımıram. Onlar haqqı çatan həmkarlarının haqqına girirlər. Onlar qanunda göstərilən 5 il təcrübə tələbinə sahib deyillər, cəmi 3 il təcrübələri var. İnsanda yeganə keyfiyyət müdriklikdir ki, yaşla əlaqəlidir. İndiyə qədər 3 nəfərə qanunda olan 5 il təcrübə ilə bağlı tələbə istisna tətbiq edilib. Təcrübəsi 5 ildən artıq olan hakimlərin təyinatı daha düzgün olardı. Birdən-birə 8 nəfərə istisnanın tətbiq edilməsi anlaşılmazdır. Hər kəs vəzifəsinin artmasını istəyir. Amma bunun birdən-birə olması anlaşılmazdır”.

“Məhkəmə Hüquq Şurasına hökumətin üzvü sədrlik edir. Mənim Fikrət Məmmədova böyük hörmətim var, lakin ölkədə hakimiyyət bölgüsü varsa, buna əməl edilməlidir. Məhkəmə Hüquq Şurasına hakim rəhbərlik etməlidir. Fikrət müəllim də, digər hökumət üzvləri də Şuranın iclaslarına qatıla bilərlər”, - deyə Həsənquliyev vurğulayıb.

Müzakirədən sonra qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub. 

Müəllif: Anar Bayramoğlu