Paşinyan bu dəfə də geri addım atacaqmı – Kiçik anlaşmadan böyük ümidlərə

Siyasət

14.07.2022 - 14:21

Fuad Çıraqov: “Ümid edək ki, Paşinyan təzyiqlərin qarşısında dayana biləcək və proses davam edəcək”

Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Hər iki ölkənin yaydığı rəsmi məlumata görə, Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Ərdoğan isə Paşinyanı qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib. Eyni zamanda, liderlər Türkiyə ilə Ermənistan arasında ikitərəfli normallaşma prosesinə verdikləri əhəmiyyəti vurğulayıblar və bildirilib ki, bu, bölgədə sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Bu kontekstdə Ərdoğan və Paşinyan iyulun 1-də xüsusi nümayəndələrin görüşlərində razılaşdırılmış məsələlərin tezliklə həyata keçiriləcəyi ilə bağlı gözləntilərini ifadə ediblər.

Ərdoğanla Paşinyan arasındakı telefon danışığı beynəlxalq aləm tərəfindən müsbət qiymətləndirilir. Məsələn, ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd edilib ki, bu, bütün regiona müsbət təsir edəcək: “ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını güclü şəkildə dəstəkləyir. Ermənistan-Türkiyə dialoqu regional sabitliyi artırmaq, mənfi təsirlərin qarşısını almaq və hamı üçün faydalı olan daha böyük iqtisadi inkişafa aparacaq potensiala malikdir. Bu, Rusiyanın Ukraynadakı müharibəsi fonunda bu gün xüsusilə vacibdir. ABŞ bu mühüm dialoqu hər iki tərəfin məqsədəuyğun hesab etdiyi şəkildə dəstəkləməyə hazırdır”.

Türkiyə ictimaiyyətində münasibətlərin normallaşmasına müsbət yanaşılsa da, Ermənistan cəmiyyətində buna isti baxılmır. Erməni ictimaiyyəti, xüsusən də müxalif qüvvələr Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımların İrəvan üçün məqbul şərtlərdə olmadığı iddiasındadır. Paşinyanın Ərdoğanla telefon danışığı zamanı əsassız ərazi iddialarından və qondarma “soyqırımı” məsələsindən danışmaması sərt tənqid olunur.

Azərbaycan ictimaiyyəti isə Ərdoğanla Paşinyanın telefon danışığını, münasibətlərin normallaşması istiqamətində atılan ilkin addımları müsbətə doğru gediş sayır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Fuad Çıraqov deyib ki, daxili gərginliklərə baxmayaraq Ermənistan hakimiyyəti ehtiyatla da olsa, müəyyən addımlar atmağa çalışır:

- Hər halda, Paşinyan hakimiyyəti anlayır ki, regionda Türkiyə ilə münasibətlərin normallaşması vacibdir. Türkiyə isə əvvəlki dövrlərdən, “futbol diplomatiyası”ndan fərqli olaraq, Ermənistanla münasibətləri normallaşdırmaq prosesini Azərbaycanla məsləhətləşmələrlə həyata keçirir. Ankara və Bakı sinxron, koordinasiyalı şəkildə addımlar atır. Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində əldə olunan razılıqlar demək olar ki, fundamental deyil. Hələlik simvolik razılaşma var ki, onun həyata keçirilməsinə çalışılır. Amma bu, xırda razılaşma da olsa, böyük addımlar üçün başlanğıc sayıla bilər. Gələcək üçün müəyyən ümidlər yaranır.

Ümumiyyətlə, hər şey Ermənistan daxilində cərəyan edən siyasi proseslərdən, Paşinyana olan siyasi təzyiqlərə Baş nazirin nə qədər dözə biləcəyindən, əlində olan gündəliyi nə dərəcədə həyata keçirə biləcəyindən asılıdır. Bu gün Paşinyan hakimiyyətinin vəziyyəti çox kövrəkdir, Baş nazirə həm ölkə daxilində, həm də xaricdən təzyiqlər böyükdür.  Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasında maraqlı olmayan qüvvələr var. Anlaşılandır ki, Ankara ilə İrəvan arasında əlaqələrin normallaşması Türkiyənin regionda siyasi nüfuzunu və təsirini artıracaq. Bu isə yeni reallıqlar yaradacaq. Ona görə də Paşinyana qarşı təzyiqlər təkcə Ermənistan daxilindən yox, xaricdən də edilir. Ümid edək ki, Paşinyan bu təzyiqlərin qarşısında dayana biləcək və proses davam edəcək.

- Azərbaycanın prosesdə rolu nə qədərdir?

- Məlumdur ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bilavasitə Azərbaycanla bağlıdır. Təbii ki, üzümüzə gələn aylarda Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların nə dərəcədə icrası İrəvan-Ankara münasibətlərində təsirli olacaq. Müəyyən nəticələr olmalıdır, Ermənistan Azərbaycanla münasibətlər kontekstində əldə olunan razılaşmalar istiqamətində müəyyən icralar etməlidir ki, Türkiyə ilə Ermənistan arasında da normallaşma davam edə bilsin.

- Biz görmüşük ki, Paşinyana təzyiqlər olduqca, o, əldə olunan razılaşmalardan hansısa vasitə ilə geri çəkilmə xətti tutur. Türkiyə ilə normallaşmada da Ermənistan Baş nazirinə təzyiqlər var. Bu baxımdan, Paşinyanın İrəvan-Ankara razılaşmasından boyun qaçırması mümkündürmü?

- Təbii ki, ehtimal böyükdür. Qeyd etdiyim kimi, Paşinyana təzyiqlər var və onun hakimiyyətinin durumu kövrəkdir. Paşinyan Türkiyə ilə normallaşma prosesində addım atdığı üçün xəyanətdə ittiham edilir. Düzdür, xəyanət ittihamı Baş nazirə qarşı yeni deyil. Amma sizin də dediyiniz kimi, təzyiqlər daha çox olarsa, onun razılaşmalardan boyun qaçırması ehtimalı çoxalır. Necə ki, Azərbaycanla bir çox məsələlərdə razılıqlar var, öhdəliklər götürüb, amma bunların icrasından boyun qaçırır. Hər şey Paşinyanın təzyiqləri necə neytrallaşdırmasından, prosesdən necə çıxmasından asılıdır.

- Ermənistanın-Türkiyə münasibətlərinin normallaşmasını istəməyən beynəlxalq güc əsasən Rusiyadır. Gələn həftə İranda Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Onlar bu məsələ ilə bağlı müzakirə apara, Ərdoğanın Putindən prosesə mane olmamaq haqqında tələbi ola bilərmi?

- Mən deyə bilmərəm ki, Ərdoğan-Putin görüşünün rəsmi gündəliyində bu məsələ varmı, razılıq olacaqmı. Güman ki, görüşdə liderlər Türkiyə ilə Ermənistan arasındakı  normallaşma ilə bağlı müzakirə aparacaqlar. Qeyri-rəsmi də olsa, məsələ gündəmdə olacaq. Ehtimal etmək olar ki, hansısa ortaq məxrəcə gəlinəcək.

Müəllif: Anar Bayramoğlu