Parlamentdə fikir parçalanması: Bu, Konstitusiyaya ziddir, yoxsa yox?

Aktual

27.05.2022 - 19:52

Milli Məclisdə 17 məsələyə baxıldı: qanunlara dəyişikliklər qəbul olundu, deputatın iradına iradla cavab verildi

Milli Məclisin bu gün keçirilən iclasında 17 məsələ müzakirə olunub. Gündəliyə keçməmişdən əvvəl spiker Sahibə Qafarova xatırladıb ki, mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin parlament sədrlərinin Milli Məclisdə konfransı keçirilib. Sədr qeyd edib ki, konfransda Bakı Bəyannaməsi imzalanıb: "Sənəddə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan təbrik edilir, qələbənin regionda davamlı sülhə gətirib çıxaracağına inam ifadə olunur". 

Spiker: "Zəngəzur dəhlizinin açılmasına güclü dəstək nümayiş etdirilir”

"Bakı Bəyannaməsinin mühüm müddəalarından biri də Şərq-Qərb və Şimal-Cənub Dəhlizinin davamı olan yeni Zəngəzur dəhlizinin açılmasına güclü dəstək nümayiş etdirilir”, - spiker vurğulayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentinin xarici əlaqələr komitələrinin iclası barədə danışıb və bunun çox əhəmiyyətli olduğunu söyləyib

"Gürcüstan nümayəndə heyətinin üzvləri də bizim əldə etdiyimiz qələbənin arzusunda idilər. Gürcüstan nümayəndə heyəti Şuşada qələbə arzularından danışdı. Onlar deyirdi ki, biz də istəyirik torpaqlarımız işğaldan azad edilsin, bu anı görmək istəyirik. Növbəti iclas Gürcüstanda keçiriləcək".

Deputatdan maraqlı təklif: "Onlara medal verilsin"

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov maraqlı təkliflə çıxış edib. Millət vəkili deyib ki, Mili Məclisin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən blogerlərlə mübarizə aparanlara orden və medallar verilsin: "Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxanlar var. Ətraf mühiti pozan, xalqın milli mədəni dəyərlərinə ziyan gətirən blogerlər əxlaqdan kənar, etikadan kənar həm Milli Məclisin, həm də dövlətin ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də ordenlər, medallar da təltif etmək lazımdır".

Müzakirələrdən sonra layihə üçüncü oxunuşda qəbul edilib. 

"Yaxınlarımızın orqanını başqa bir həyatı xilas etmək üçün bağışlaya bilmiriksə, oturub ciddi şəkildə düşünməliyik"

İclasda "Əhalinin sağlamlığının qorunması haqqında" qanun və "İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanun müzakirə çıxarılıb. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xatırladıb ki, "İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanun Milli Məclisin Səhiyyə komitəsində hazırlanıb: "Bu qanunla bağlı Nazirlər Kabineti tərəfindən geniş sərəncam hazırlanmışdı. Qəbul edilən qanun artıq həyata keçirilməyə başlayır. Səhiyyə Nazirliyi çox geniş tədbirlər planı hazırlayıb. Donor bankının, bu sahədə mütəxəssislərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirilir. Bu qanun çox geniş miqyasda tətbiq olunandan sonra ölkəmizdə bu sahədə olan problemlər öz həllini tapacaq”.

Müzakirə zamanı deputat Rəşad Mahmudov orqan transplantasiyası sahəsindəki əsas problemləri açıqlayıb. Millət vəkili deyib ki, hər hansı regionumuzda avtoqəza nəticəsində həmin bölgədə xəstəxanaya yerləşdirilən şəxsin orqanları həmin xəstəxanada alına bilər: "Amma bu, bizim qanunvericiliyimizdə yoxdur. Orqan transplantasiyası ilə bağlı konkret xəstəxana adlarının müəyyənləşdirilməsi gələcəkdə tibbi işdə ciddi problemlər yaradacaq. Beyin ölümü gerçəkləşmiş şəxsin hansısa xəstəxanaya gətirilib orqanlarının götürülməsi mümkün deyil, orqan həmin xəstəxanada götürülməlidir". 

"Bu gün buradakı 125 nəfərin, eləcə də vətəndaşlarımızın, yaxınlarımızın beyin ölümü gerçəkləşdikdən sonra orqanlarının bağışlanması ilə bağlı problemi var. Beyin ölümü gerçəkləşdikdən sonra biz cəmiyyət olaraq yaxınlarımızın orqanını başqa bir həyatı xilas etmək üçün bağışlaya bilmiriksə, oturub ciddi şəkildə düşünməliyik. Bu məsələ birinci həll edilməlidir. Maarifləndirmə işi gücləndirilməlidir. Bu problem həllini tapandan sonra növbəlilik və digər problemlər də həll olunacaq”, - deyə Mahmudov söyləyib.

Deputat qeyd edib ki, bu gün Səhiyyə Nazirliyində orqan transplantasiyası ilə bağlı Koordinasiya Mərkəzinin yaradılması son mərhələdədir: “Bu Mərkəzdə növbəlilik məsələsi və digər məsələlər öz həllini tapacaq”.

Komitə sədri: "Onlar vergitutmadan azad olacaqlar" 

Daha sonra "Ələt azad iqtisadi zonası haqqında" Qanunda dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişiklik haqqında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri qeyd edib ki, qanuna təklif edilən dəyişikliklərə əsasən, azad zonanın fəaliyyətinin təkmilləşməsinə şərait yaradılacaq: “Təklif edilən dəyişikliklər həmçinin yerli sahibkarların rəqabət qabiliyyətliliyinin artmasına yardımçı olaraq onları daha əlverişli iqtisadi mühitlə təmin edəcək. Belə ki, bir neçə dəyişikliyi özündə ehtiva edən qanun layihəsi, azad zonada vergi tənzimlənməsi məsələsində də yeni mexanizmlər tətbiq edir. Bu fundamental dəyişikliklərdən biri də daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət göstərən hüquqi şəxslərin bütün vergilərdən azad olmasıdır. Dəyişikliyə görə, artıq iqtisadiyyatın əsas vergiödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar". 

Komitə sədri deputatın iradları ilə razılaşmadı: "Konstitusiyaya zidd deyil"

""Ələt Azad iqtisadi zonası" haqqında Qanunda Konstitusiyaya zidd müddəalar var", - deyən deputat Qüdrət Həsənquliyev bildirib ki, sahibkarın xeyrinə olan güzəştlər qanunda qeyd edilməlidir: "Bu qanun Konstitusiyanın 71-ci maddəsinin 7-ci hissəsi ilə ziddiyyət təşkil edir. Bu hissədə məhkəmələrin həll etdiyi məsələ qanunda azad iqtisadi zonanın səlahiyyətinə verilir. Ələt Azad İqtisadi Zonasında fərqli hüquqi tənzimləmə tətbiq oluna biləcəyi qanunda yer alır. Amma bu, Milli Məclisin səlahiyyətinə aid olan məsələdir. Vergiləri, gömrük rüsumlarını Milli Məclis təyin edə bilər, başqa dövlət qurumu vergi, gömrük rüsumu tətbiq edə bilməz. Aksiz dərəcələrini qanunla müəyyən etməliyik, amma bu Vergi Məcəlləsinə daxil edilib". 

"Komitənin iclasında iştirak edən Vergi Xidmətinin nümayəndəsi Samirə xanım bunu əsaslandırmağa çalışdı. Amma o Konstitusiyaya zidd olan maddəni Konstitusiyaya zidd olan digər maddə ilə izah etmək istədi. Bu qanunlar ekspertizadan keçirilməlidir. Cənab Prezidentə təşəkkür edirəm ki, bizim burada qaldırdığımız məsələni həyata keçirdi, Hüquq Ekspertiza Mərkəzinin yaradılması barədə Sərəncam imzaladı. Bizim aparat rəhbəri də orada təmsil olunur. Düşünürəm ki, Milli Məclisə gələn bütün qanun layihələri orada ekspertizadan keçirilməlidir”, - Q.Həsənquliyev əlavə edib.

Deputatın iradlarına cavab verən komitə sədri T.Mirkişili bildirib ki, qanunun hər hansı müddəaların Konstitusiyaya zidd olduğu fikrini qəbul etmir: "Aksiz dərəcələrini, vergi rüsumlarını Milli Məclis müəyyən etmir. Yeni vergi növünün tətbiqini Milli Məclis qəbul edir, bu, düzdür. Amma verginin dərəcələrini müəyyən etmək səlahiyyətini biz Ələt Azad İqtisadi Zonasına vermişik".

"Bir nəfər gəlib işlərin necə getdiyi ilə maraqlanmadı, niyə burada oturduğumuzla maraqlanmadılar"

İclasda iştirak edən Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov müzakirə zamanı deyib ki, əlavə və dəyişikliklərin bir məqsədi var: "Bir il həyatımızı sərf etdiyimiz, üzərində işlədiyimiz qanun layihəsinin məqsədi Azərbaycan iqtisadiyyatına töhfə verməkdir". 

"Prezidentin imzası, aparatın şöbələri və digər rəsmilərin nəzarətindən keçəndən sonra qanunun Konstitusiyaya zidd olduğunu söyləmək nə dərəcədə doğrudur?!", - deyə Ələsgərov deputat Q.Həsənquliyevin iradlarına etirazını bildirib.

V.Ələsgərov, həmçinin vurğulayıb ki, indi əsas məqsəd Azərbaycanda xarici şirkətlər üçün şərait yaratmaqdır: "Mən 1 ilə yaxın deputatlarla bu binada oturdum. Bir nəfər gəlib işlərin necə getdiyi ilə maraqlanmadı, niyə burada oturduğumuzla maraqlanmadılar. Buna görə də xahiş edirəm imkan varsa, gəlin, yerində bütün məsələlərə baxın".

Millət vəkili Razi Nurullayev isə deyib ki, gələn həftə deputatların ilk qrupunun Ələt Azad İqtisadi Zonasına ziyarəti gerçəkləşəcək: "Ələtdə on minlərlə iş yerinin yaradılması gözlənilir. Əlimizdən nə gəlirsə, tez və çevik edək ki, işlər daha da sürətlənsin, iqtisadi zonanın cəlbediciliyi və əlçatanlığı artsın. Bu elə də asan deyil". 

"İqtisadi zonanın dünya okeanına çıxışı olmadığına görə biz xeyli güzəştlər hesabına sərmayələr cəlb etməliyik. Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovun da çıxışında bunu gördük. Hesab edirəm ki, Ələt azad iqtisadi zonasında hava limanının tikintisini gerçəkləşdirməliyik ki, cəlbediciliyi artıraq", - deyə deputat vurğulayıb.

Müzakirələrdən sonra təklif edilən dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Müəllif: Anar Bayramoğlu