Öz günündə doğulan yazı: minnət borcu

Mədəniyyət

23.02.2022 - 19:45

Ruhunuz şad olsun, diri adamlar, duru adamlar

Hər insanın doğum günü olduğu kimi, hər yazının da doğum tarixi var. Bu yazını aylar öncə yazmalı idim. Yazdım, sildim. Yazdım, saxladım. Nədənsə alınmadı bitirmək. Yəqin, qismət bu günə imiş. 

Bu gün adi günlərdən deyil. Torpağın qoynuna ziyalı bir oğlunun köç etdiyi gündür. Bu günün taleyində Taleh müəllimin dünyadan köç etməsi də var imiş. 29 il Qazax rayon Kosalar kənd tam orta məktəbinə rəhbərlik etmiş Taleh müəllim onu tanıyanların qəlbində daim yaşayacaq.

İndi isə gəlim yazının əvvəlində yazdığım cümlələrə. Bu yazını sentyabr ayında Heydər Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Qazax rayon Kosalar kənd tam orta məktəbində ucaldılmış büstünün açılışı ilə əlaqədar yazacaqdım. Ancaq bu günə qismət imiş.

Hava insanın ruhunu oxşayır, əhvalını gözəlləşdirirdi. Kosalar kəndində bayram əhval-ruhiyyəsi vardı. Bakıdan gələn ziyalıları bizim kənddə salamlamaq hər birimizə xoş idi. Rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar hamı bir-biri ilə görüşür, sevinc-sevincə qarışmışdı. Rayon İcra Hakimiyyətinin (RİH) başçısı cənab Rəcəb Babaşovun da iştirakı ilə büstün açılışı oldu. Elçin Şıxlı o anda sanki atasına hesabat verirdi: "Ata, sənin vəsiyyətinə hər an əməl edirəm!"

Qonaqlar məktəbin həyətində səliqə ilə düzülmüş stullarda əyləşdilər. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsal aparırdı.

Bakıdan "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovun tapşırığına əsasən İctimai Birliyin sayılıb-seçilən ziyalıları tədbirdə iştirak etmək üçün Kosalar kəndinə gəlmişdilər.

Orada iştirak edən insanlardan biri də mən idim. Günəş göydən bərq vurur, külək insanların telinə sığal çəkirdi. O gün hava da özəl idi. Xəfif əsən külək elə bil Şıxlı ağalarının keşməkeşli, şərəfli həyatını xatırladır, arabir də Kür nəhrinin səsini duyururdu. 

Elə ab-hava yaranmışdı ki, İkinci Şıxlı kəndində ruslar tərəfindən dağıdılmış, viranə qoyulmuş, el arasında "Ağalıq Yurdu" kimi tanınan o yerləri xatırlamamaq mümkün deyildi. Böyük, həm də ağrılı tarixi özündə əks etdirən "Ölən Dünyam" romanın epiloqu beynimdə dolanırdı. Şıxlı mənim aldığım nəfəsdir. Şıxlı mənim qürur mənbəyimdir. İsmayıl Şıxlının əzəmətli büstünün Kosalar kəndində ucaldılması hər birimizin illərdir gözlədiyimiz dəyərli bir addım idi. Həmçinin böyük, geniş məktəbimizin əsaslı təmiri də bizim ən böyük arzumuz olub. Bu arzunu reallaşdırdığı üçün ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk.
Əzizlərim, indi sizə o məktəbin necə tikilməsindən yazacam. Babam Yusif müəllim (tanıyanlar bilir) savadlı, insanpərvər, böyük ürək sahibi olan bir müəllim olub. Qazax rayonunda, Kosalar kəndində böyük hörmətə sahib insan olub. O vaxtlar üç kənd - Canalı, Əzizbəyli (indiki Hüseynbəyli) və Kosalar kəndinin şagirdləri elə Kosalar kəndində təhsil alırdılar. Məktəb kollektivi yer sıxlığından əziyyət çəkirdi. Bu səbəbdən babam Yusif müəllim Dövlət Plan Komitəsinə məktubla müraciət edir. İkinci Şıxlı kəndində dünyaya göz açan Kamal Qurbanov o vaxtlar Dövlət Plan Komitəsində şöbə müdiri vəzifəsində çalışırdı. 

Atam danışır: "Baban bir məktub göndərdi Dövlət Plan Komitəsinə, eyni zamanda Kamal müəllimlə danışdı telefonla. Həmin məktubun surətini mənimlə Bakıya göndərdi. Mən o məktubu Kamal müəllimə təqdim etdim. Kamal müəllim atamla danışdı, dedi, “Yusif, narahat olma, yaxın vaxtlarda Kosalar kəndində böyük bir məktəb tikiləcək. Elə məktub yazmısan ki, sənin bu müqəddəs arzun mütləq həyata keçəcək””. 
Babam müharibə Veteranı idi. Sinəsini orden-medallar bəzəyirdi. Babam həm də savadlı Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Ömrünün çox hissəsini Kosalar kəndində yaşadı. Düz 36 il dərs dedi. Bütün dünyasını dəyişənlərə rəhmət, babamın başlatdığı işi Taleh müəllim davam etdirəcəkmiş, sən demə. 

1986-cı ildə babam dünyasını dəyişir. Rəhmətlik Taleh müəllim özü danışıb indi yazdıqlarımı: "Maarifdə (o zaman Təhsil İdarəsi Maarif Şöbəsi adlanırdı –S.Y.) işləyirdim. Eşitdim ki, Kosalar kəndində yeni məktəbin tikilməsi plana düşüb. Çox sevindim. Səhərisi gün isə aldığım xəbər məni məyus etdi. Bizim kənddə plana düşən məktəbin başqa kənddə tikilməsi üçün yollar axtarılırdı. İşdən çıxdım, dayıma (Taleh müəllim İsmayıl Şıxlının bacısı oğludur – S.Y.) zəng etdim. Vəziyyəti danışdım. Dayım lazımi yerlərlə əlaqə saxladı. Səhəri gün işə gələndə artıq məktəbin Kosalar kəndində tikiləcəyini danışırdı hər kəs".

Hal-hazırda İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd orta məktəbinin Sovet dövründə necə plana salınmasından və necə tikilməsindən yazdım. Babam o məktəbin tikilməsi üçün əlindən gələni əsirgəmir. Nəhayət, üçmərtəbəli, geniş, işıqlı, böyük məktəb tikilir. Taleh müəllim həmin məktəbə 29 il rəhbərlik edir. Kəndimizin insanları var olsun, hər iki ziyalını böyük hörmətlə yad edirlər.

Nədənsə bu məktəbin necə tikilib araya-ərsəyə gəlməsi prosesindən heç danışılmır. Nə Yusif müəllimin, nə Taleh müəllimin adı, zəhməti qeyd olunur. Onlar bunu etmədilər ki, hamı onlara “sağ ol” desin. Onlar bu addımı atdılar ki, şagirdlər elmlə süslənsinlər. Unutmayanlar var olsun. Hər birinə tək-tək minnətdaram. Kəndimizin qədirbilən insanlarına təşəkkür edirəm.

Bəlkə, elə onların bu müdrik addımları onları İlahi mərtəbəyə qaldırıb. Mən özüm yuxuda gördüm Taleh müəllimi, "Mən Cənnətdəyəm, ölməmişəm. İstədiyim insanla istədiyim vaxt görüşüb, söhbət edirəm" dedi. Bacım Kamilə xanım həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. Olduqca savadlıdır bacım. Kəndə getmişdim. Anam dedi ki, Hacı Mahmud Əfəndinin Türbəsini ziyarətə gedək. Və sözünə əlavə etdi: "Kamilə yuxusunda görür ki, Göy Türbəyə ziyarətə gedib. Hacı Mahmud Əfəndinin məzarı yanında daha iki məzar var. Biri babanın məzarı, biri də Talehin məzarıdır". İlahi, babam da, Taleh müəllim də Övliyalara qonşudur. Nə xoş bizim halımıza. Şükür rəhmətinə.
Atam bizi Göy Türbəyə apardı. Ziyarət etdik. Unudulmaz insanların ruhlarına dualar etdik. Nə yaxşılar, nə də yaxşı əməllər ölər. Onlar əbədiyyən yaşayar. Ölməzlərə salam olsun!

Bu gün Taleh müəllimin vəfatından 6 il keçir. Sanki dünən idi. Bu günəcən onu unutmadıq. Evimizdə həmişə Taleh müəllimdən danışırıq. Kövrəlsək də, göz yaşına boğulsaq da, fəxrlə deyirik ki, nə yaxşı bizim kəndin Taleh müəllim kimi salğarlı, sanballı, elmli bir övladı var.

Ruhunuz şad olsun, diri Adam, duru Adam!

Ruhunuza böyük ehtiramla!

P.S. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbinin ümumi sahəsi 25 min kvadratmetr, bina sahəsi isə 5500 kvadratmetrdir. Məktəb binası 2 korpusdan ibarətdir. Birinci korpus üçmərtəbəli, ikinci korpus isə ikimərtəbəlidir.

Məktəbin həyətində girişdə Vətən uğrunda canından keçən Kosalar kəndindən olan şəhidlərin xatirəsini əbədiləşdirən abidə yerləşir. Həmçinin Xalq yazıçısı İsmayıl Şıxlının büstü yerləşir.

Birinci mərtəbədə 10 sinif otağı, kimya və laboratoriya otağı, hərbi sinif otağı, qarderob yerləşir. İkinci mərtəbədə sinif otağlarının sayı 8-dir. Burada fizika və laboratoriya otaqları, müəllimlər otağı, tibb otağı-psixologiya otağı yerləşir. Üçüncü mərtəbədə 9 sinif otağı var. Biologiya və laboratoriya otaqları, iki informatika otağı, uşaq birliyi otağı da bu mərtəbədə yerləşir. Qeyd edək ki, hər mərtəbədə müəllim və şagirdlər üçün ayrıca sanitar qovşaq var.

İkinci korpusun birinci mərtəbəsində idman zalı, oğlan və qızlar üçün soyunub geyinmə otağı, oğlan və qızlar üçün əmək otağı, müəllim və şagirdlər üçün yeməkxana, mətbəx, əl-üz yuma otağı yerləşir. İkinci mərtəbədə isə 3 sinif otağı, 140 nəfərlik akt zalı, kitabxana, elektron kitabxana, musiqi otağı, xarici dil müəllimlərinin otağı, arxiv var. Həmçinin məktəb binası daimi isti və soyuq su, elektrik və istilik sistemi ilə təmin edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb.

Məktəbin arxa tərəfində iki böyük idman meydançası diqqəti cəlb edir. Müasir standartlara cavab verən yeni təmir olunmuş məktəbdə futbol və basketbol meydançası yaradılıb. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq arxa hissədə məktəbin həyətində əlavə olaraq güləş zalı da tikilib. Bundan başqa, məktəb binasının arxa hissəsində hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, 1 ədəd içməli su hovuzu, nasosxana, qazanxana və sanitar qovşaqları da inşa edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, həyətə asfalt döşənib, müasir işıqlandırma sistemi ilə təmin olunub.

Məktəbdə 608 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 59 nəfər müəllim məşğul olur.

Səbinə Yusif

Öz günündə doğulan yazı: Öz günündə doğulan yazı: Öz günündə doğulan yazı: Öz günündə doğulan yazı: Öz günündə doğulan yazı: Öz günündə doğulan yazı: Öz günündə doğulan yazı: Öz günündə doğulan yazı: Öz günündə doğulan yazı: Öz günündə doğulan yazı: Öz günündə doğulan yazı: Öz günündə doğulan yazı:
Müəllif: Ayna.az