Professor: "Onlar əsllərindən xeyli uzaqlaşıblar"

Mədəniyyət

03.09.2019 - 10:54

"Qurbani və Xəstə Qasım aşıq yox, sufi şairləri olublar"

 

"Bu gün televiziyada "Ozan" verilişinə baxırdım. Aşıq sənətində ənənə və novatorluq məsələsindən danışırdılar. Bu sənətin ənənəvi, özünəməxsus cəhətlərindən biri kimi isə "aşıq şeirlərinin" təmiz xalq dilində yazılması qeyd edilirdi və buna nümunə kimi Qurbaninin və Xəstə Qasımın bizə məlum şeirləri göstərilirdi". AYNA xəbər verir ki, bu fikirləri filologiya elmləri doktoru, professor Kamil Allahyarov bildirib.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve yakın çekim

Professorun sözlərinə görə: "Qurbani və Xəstə Qasım aşıq yox, sufi şairləri olublar. İlk dəfə XVIII əsrdə tarix səhnəsinə çıxan aşıqlar isə oxumaq üçün onların hecavəznli şeirlərindən istifadə etmişlər. Bu kimi şairərlərin şeirləri müasir oxuculara ona görə anlaşıqlıdır ki, bu şeirlər XX əsrədək şifahi şəkildə gəlib çatıblar. Yəni son 400-500 il ərzində dil dəyişildikcə həmin şeirlər də buna uyğun surətdə dəyişdirilmişdir: köhnə, arxaikləşmiş sözlər atılıb, onların yerinə yeni sözlər qoyulmuşdur".

 

"Əgər bu şairlərin şeirləri onların yaşadıqları zaman yazıya alınıb,yazıldıqları formada gəlib bizə çatsaydılar, onların şeirlərinin dili də təxminən Xətainin və Əmaninin bizə məlum qoşmalarının dili kimi olacaq idilər. Həm də şifahi yaşayan şeirlər folklor "süzgəcindən" keçdiklərinə görə onlar şeiriyyət və məna baxımından da daha da cilalaşır və təkmilləşirlər. "Koroğlu" dastanının indı oxuduğumuz variantlarının dili də müasir oxuculara tam aydındır. Ancaq dastanın XIX əsr aşığının dilindən yazıya alınmış Tiflis nüsxəsinin dilində müasir oxucu üçün aydın olmayan o qədər ərəb, fars və qədim türk sözləri var ki, bu əlyazmanın mətnini nəşrə hazırlayan mərhum Elnarə Tofiqqızı kitabın sonunda həmin sözlərdən ibarət böyük bir lüğət də verməyə məcbur olub. Beləliklə, bizə şifahi şəkildə gəlib çatmış şeirlər artıq folklorlaşmış mətnlərdir, onlar həm dil, həm də məna baxımından orijinaldan xeyli uzaqlaşıblar. Ancaq təəssüf ki, qeyd edilən yanlışlıqlar hələ də bizim tədqiqatlarda və dərsliklərdə yer tuturlar", - deyə K.Allahyarov vurğulayıb.

Müəllif: Ayna.az