Ortalıqda tüğyan edən nədir: COVID, ənənəvi qrip, yoxsa...?

Cəmiyyət

09.01.2023 - 10:19

Həbib Sərhatov: “Laborator analizlər bunun koronavirus infeksiyası olduğunu təsdiq etmir”

Araz Bayramov: “Simptomlar infeksiyadan 1-2 gün sonra anidən başlayır”

Son günlər ölkədə ağır fəsadlarla müşayiət olunan virus yayılıb. Həm uşaqlar, həm də böyüklərin yoluxduğu virusla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilir. İstifadəçilər qripi çox ağır keçirdiklərini, hərarətin 39-40 dərəcəyə yüksəldiyini bildirirlər. Lakin hələlik qripin mənşəyi ilə bağlı heç bir məlumat yoxdur.

Yüksək temperatur, halsızlıq, üşütmə, kəskin öskürək, əzələ ağrıları, burun axıntısı və digər formlarla gələn bu xəstəliyi bir çoxlarımız COVID infeksiyası ilə səhv salırıq. Bu səbəbdən COVID testi versək də, nəticələr adətən neqativ çıxır.

Bəs, əhalini təşvişə salan hansı virusdur? Adi qrip virusu, yoxsa hansısa yeni infeksiyadır? AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Gülhanə Hərbi Tibb Akademiyasında təhsil almış daxili xəstəliklər uzmanı Həbib Səhratov əmindir ki, bu, adi qripdir və təşvişə düşməyə ehtiyac yoxdur: “Əhali arasında belə məlumatlar yayılır ki, guya son yayılan infeksiya COVID ştammıdır. Əslində isə bu, qətiyyən belə deyil. Müşahidələrimizə uyğun deyə bilərik ki, 99 faiz xəstələrdə COVID testi neqativ çıxır. Bu qənaətə gəlmək olar ki, bu, mövsümi və müxtəlif viruslar tərəfindən törədilən qripdir. Laborator analizlər bunun koronavirus infeksiyası olduğunu təsdiq etmir”.

“Digər yandan bundan öncəki qriplərin daha çox pnevmoniyaya səbəb olduğunu müşahidə edirdiksə, bu kütləvi qrip zamanı bunu daha az müşahidə edirik. Əsasən qızdırma, halsızlıq, iştahın azalması, quru və bəlğəmli öskürək şəklində özünü göstərir. Müalicəyə tabe olur və bir neçə gün ərzində aradan qalxır. Yaxşı olar ki, ilkin əlamətləri hiss edən kimi, həkimə müraciət edəsiniz”, - deyə həmsöhbətimiz bildirib.

Mütəxəssis müalicənin ənənəvi qaydada aparıldığını deyib: “Dəstək müalicəsi, maye dəstəyi aparılır. Uzağı bir neçə gün yüksək temperatur qeydə alınır. COVID infeksiyası ilə hazırda yayılan infeksiyanın elə bir əlaqəsi yoxdur. Bu infeksiyadan qorunmaq üçün də ilk növbədə məsafə saxlanılmalı, qapalı məkanlarda maska taxılmalıdır. Otağın havası yenilənməli, mövsümə uyğun geyinilməlidir. Evdə geyinilən paltarla çölə çıxmaq olmaz”.

“Açıq havada çox gəzmək lazımdır. Vitaminli-minerallı qidalar, meyvə-tərəvəz yemək lazımdır. Ehtiyac olarsa, tabletka şəklində olan polivitaminlər içilməlidir. Nisbətən ağırlaşmış hallarda isə antibiotik müalicəsi də aparıla bilər. Böyüklər arasında xəstəliyin fəsadları az olsa da, uşaqlar bu xəstəliyi daha sərt keçirirlər. Bu mənada uşaqların qorunmasına daha çox diqqət ayrılmalıdır”, - deyə Səhratov fikrini tamamlayıb.

“Buta Clinic”in direktoru, Fransa təhsilli uzman Araz Bayramov bildirib ki, bu virus əsasən əzələ ağrıları, öskürək, temperatur şəklində özünü göstərir: “Bir çox əlamətlərinə görə, COVID infeksiyasına bənzəyir. Bu səbəbdən bir çox xəstələr koronavirus testi verirlər. Əksər hallarda isə nəticələr neqativ olur. Bu qrup bəzən xəstələrin haldan düşməsinə, fasiləsiz öskürəyə səbəb olur. Bildiyimiz ənənəvi qrip xəstəliyidir. Müalicəyə də rahat tabe olur. Əsas odur ki, diqqətsiz yanaşılmasın”.

“Tez-tez qrip simptomları ümumi qripəbənzər xəstəliklərlə, xüsusən ümumi soyuqlama ilə qarışdırılır. Ancaq yadda saxlamaq lazımdır ki, qrip daha kəskin xəstəlikdir. Qrip xüsusən uşaqlarda ürəkbulanma və qusma da verə bilər. Ancaq bu simptomlar çox zaman qastroenteritlə əlaqəli olur və yanlış olaraq “mədə qripi” və ya “24 saatlıq qrip” kimi adlandırılır. Tipik olaraq qrip hava damcı yoluyla öskürmə və asqırmaqla yoluxur. Bu mənada hava şəraitinin dəyişməsi, infeksiyaya yoluxmuş ailə üzvləri ilə təmaslar zamanı maska taxılması vacibdir”, - deyə həkim söyləyib.

Bayramovun sözlərinə görə, qrip virusları günəş şuaları, dezinfektantlar və detergentlərin təsirindən aktivliyini itirir: “Virusların sabunun təsirindən fəallığı azalır. Tez-tez əlləri sabunla yumaq infeksiya riskini azaldır. Qrip bəzən pnevmoniyaya da səbəb olur. Birbaşa viral ya da ikincili bakterial pnevmoniya inkişaf edə bilər. Əgər uşaqlarda (böyüklərdə də ola bilər) yaxşılaşmağa doğru gedərkən birdən yüksək qızdırma ilə xəstəliyin qayıtması qeyd olunursa, bu, ikincili bakterial pnevmoniyaya şübhə yaratmalıdır”.

“Qrip təqribən 33 faiz şəxsdə asimptomatik gedir. Simptomlar infeksiyadan 1-2 gün sonra anidən başlayır. İlk simptom adətən üşütmə ilə özünü biruzə verir, ancaq qızdırma da erkən başlayır. Bədən temperaturu 38-39 C ola bilər. Bir çox xəstə məcburən yataq vəziyyətində qalmalı olur. bütün bədəndə ağrılar olur, ağrılar bel və oynaqlarda daha şiddətli olur. Zamanında müdaxilə olarsa, xəstəlik qısa müddətə aradan qalxır”, - deyə ekspert diqqətə çatdırıb.

Müəllif: Azər Niftiyev