Ordudakı problemlər, cərimələrə etiraz, Şeyxin "nəzir qutusu" - Parlamentdə "atışma"

Cəmiyyət

15.02.2022 - 15:24

Deputatla vitse-spiker arasında gərginlik: "Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız"

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb. Qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Məqsəd bütün növ qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin edilməsidir.

"Hərbçilərə Konstitusiyaya zidd tapşırıqlar, əmr və göstərişlər verilib"

Layihənin müzakirəsi zamanı deputatlar Azərbaycan Ordusu ilə bağlı fikirlərini səsləndiriblər. Qüdrət Həsənquliyev çıxışı zamanı deyib ki, ordunun maddi-texniki təminatı daha yüksək səviyyədə təchiz edilməlidir.

Onun sözlərinə görə, Silahlı Qüvvələrə Milli Məclisin nəzarəti olmalıdır: "Hesab edirəm ki, Silahlı Qüvvələr üzərində parlament nəzarəti təmin olunmalıdır. Bizdə hərbi qulluqçuların hüquqları barədə normalar yoxdur. Bu, necə ola bilər? Konstitusion müddəaları heç olmasa bu qanuna daxil etməliyik". 

"Təəssüf ki, bu gün Baş Prokurorluqda aparılan iş də onu göstərir ki, hərbçilərə Konstitusiyaya zidd tapşırıqlar, əmr və göstərişlər verilib. Ayrı-ayrı şəxslər orta əsrlərə aid işgəncələrə məruz qalıb. Qanunun həcmi genişləndirilməli, qanunda hərbi qulluqçuların hüquqları da əksini tapmalıdır”, - deyə deputat vurğulayıb.

Razi Nurullayev isə Ordunun təminatında ciddi problemlərin olduğunu bildirib. Qeyd edib ki, əsgərlərin ərzaq və geyim məsələlərində problemlər mövcuddur ki, bunlar aradan qaldırılmalıdır. 

Deputatdan həmkarına məsləhət: "Mənə yaxınlaşardınız, ikilikdə müzakirə edərdik"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deputat həmkarlarına cavabında deyib ki, hərbi qulluqçuların statusu qanunda əksini tapıb: “Burada hansısa fakt varsa, deyin. Biz deputatıq, hansısa internet kanallarından eşitdiyinizi gəlib burada demək düz deyil. Bu, ordudur, bizim ordu ilə bağlı dediklərimizi düşmən də eşidir. Burada səsləndirdiyimiz fikirlərin arqumenti olmalıdır, faktı olmalıdır”.

“Əgər ordunun təminatı ilə bağlı problemlər varsa, mənə yaxınlaşardınız, ikilikdə müzakirə edərdik. Azərbaycan əsgərinin ərzaq problemi yoxdur. Ordumuzun təminatı yüksək səviyyədədir və birbaşa Prezidentin nəzarətindədir. Belə hal varsa, müvafiq strukturlara çatdıra bilərik. Mən xahiş edirəm, Ordumuz haqqında fikirlər səsləndirərkən nəzərə alın”, - deyə Z.Əsgərov əlavə edib.

Spiker: "Kiminsə “botinkası" cırılıb və ya ayrı məsələləri ümumiləşdirib burada demək düzgün deyil"

Milli Məclis sədri Sahibə Qafarova da komitə sədrinin fikirlərini təsdiqləyib: "Fakt varsa, rəsmi təqdim olunsun. Kiminsə “botinkası” cırılıb və ya ayrı məsələləri ümumiləşdirib burada demək düzgün deyil. Mən bir neçə dəfə demişəm ki, əgər faktınız varsa, aidiyyəti üzrə müraciət edin”.

Siyavuş Novruzov isə deyib ki, bəzi iddialara görə, Azərbaycan aldığı silahları 3-cü ölkələrə ötürür: "Lakin 44 günlük Vətən müharibəsi Azərbaycanın aldığı silahların miqdarını və harada istifadə etdiyini göstərdi. Ona görə də, hesab edirəm ki, qapalı qurumlarla bağlı dəqiqləşdirilməmiş məlumatlar yayılmamalıdır".

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

"Bu qanun bəlkə də vaxtında qəbul edilmiş olsaydı..."

İclasda “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişikliklər də müzakirəyə çıxarılıb. Deputatlar müzakirə zamanı cərimələr məsələsini gündəmə gətiriblər. 

Naqif Həmzəyev deyib ki, rayonlarda qaz sayğacları ildə bir dəfə yoxlanılır: "Bəzən yoxlama üçün sayğaclar Bakıya laboratoriyalara göndərilir. Belə olan halda sərf edilən qazın ödənilməsi zamanı problemlər yaranır. Bu problemin də qanun layihəsində əksini tapması yaxşı olardı”.

“Bu gün Azərbaycanda 2 milyon 400 mindən çox abonent var. Bu qanun layihəsinin qəbulu bütün abonentlərin qaz təchizatının müayinəsini müəyyən edir. Onu da bildirmək istəyirəm ki, son illərdə qaz zəhərlənmələrindən çoxlu sayda itkilər var. Bu qanun bəlkə də vaxtında qəbul edilmiş olsaydı, vaxtında müayinələr də aparılardı, zəhərlənmələr də az olardı. Ona görə də bu qanun layihəsi çox aktualdır”, - deyə deputat Fatma Yıldırım münasibətini bildirib.

Sabir Rüstəmxanlı: "Sanki Milli Məclisin divarları üçün danışırıq. Aidiyyəti qurumlardan reaksiya yoxdur"

Sabir Rüstəmxanlı diqqətə çatdırıb ki, qaz təchizatının bütün respublika ərazisini əhatə etməsi və qiymətləndirməsi ilə bağlı problem var: "Deputatlar bir sıra məsələlərin həlli üçün müzakirə aparırlar. Amma sanki Milli Məclisin divarları üçün danışırıq. Aidiyyəti qurumlardan reaksiya yoxdur. Onlar sanki deyirlər ki, "fərqi yoxdur, biz bu təklifi vermişiksə, qəbul olunmalıdır". Bizim təkliflərimiz, fikirlərimiz aidiyyəti qurumlarda nəzərə alınmalıdır".

"Bilirik ki, cərimələrin çoxu dövlət büdcəsinə getmir. Həmin qurumların işçilərinin artırılmasına, maddi texniki bazasının gücləndirilməsinə gedir. Ona görə rəqəmlər dəqiq olmalıdır. Biz cərimələri kiminsə istəyinə görə yox, əhalinin konkret gəlirinə, maaşına uygunlaşdırmalıyıq”, - millət vəkili əlavə edib. 

Aydın Mirzəzadə isə çıxışında xarici ölkələrdən nümunə gətirib: "Xarici ölkələrdə vətəndaşlar cəriməni ödəyə bilməyəndə məhkəməyə müraciət edirlər. Bizdə elə bir sistem yaradılsın ki, vətəndaş cərimədən narazı qaldıqda şikayət edə bilsin”.

"Kimsə pis kişi olmalıdır. Eybi yoxdur, mən pis kişi olum"

Deputat Tahir Kərimli isə qeyd edib ki, qanunu hazırlayanlar Milli Məclisi zərbə altında qoyurlar: "İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə təklif olunur ki, cərimələrin miqdarı 300-400 faiz artırılsın. Pensiya və təqaüdlər cəmi 30-40 faiz artırılır və deyilir ki, dövlətin buna gücü çatır. Axı insanların da ancaq 30-40 faiz cəriməyə gücü çata bilər. Ucqar bölgələrdə heç kim qaz yandırmır. Odun yandırırlar. Sosial şəbəkələrdə görmüşəm, deyirlər ki, qaza hava vurulur. Belə çıxır ki, düz deyirlər? Hava da pulla satılır?".

"Kimsə pis kişi olmalıdır. Eybi yoxdur, mən pis kişi olum. Amma bunu deməliyəm. Publik hüquqi şəxslər yaradılıb. Onların bir dəfə də olsun cərimə ödədiyini görməmişəm. Qida Təhlükəsizliyi Agentliyi göyərti satanı 1400 manat cərimə edib. O adam bu cəriməni nə zaman qaytaracaq? Mən təklif edirəm ki, hətta xahiş edirəm ki, insanların fevralın 1-nə qədər olan cərimələri silinsin”, - deyə T.Kərimli vurğulayıb.

Vitse-spiker: "Şeyxin səlahiyyəti məgər nəzir qutusu, molla təyinatı ilə bağlıdır?!" 

Müzakirə zamanı Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib ki, qanunla bağlı mediada gedən müzakirələri doğru saymayıb. Onun sözlərinə görə, qanun Qafqaz Müsəlmanları İdarəsinə qarşı deyil: "Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Şeyxin səlahiyyəti məgər nəzir qutusu, molla təyinatı ilə bağlıdır?! Axı Prezident İlham Əliyev Şeyx həzrətlərini “Şərəf” ordeni ilə təltif edib. Cəmiyyətdə bu qədər xidməti olan bir adamı niyə nəzir qutusu, molla təyinatı ilə əlaqələndirirlər?! Mən Şeyx təəssübkeşi kimi danışmıram, amma mətbuatda yazılan xəbərlərə baxın. Qanunun məqsədi hansısa fərd, qurum deyil, məqsəd Azərbaycanın Konstitusiyasına, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə əsasən, qanunun müasir tələblərə uyğunlaşdırılmasıdır”.

"Cahil mollaların Azərbaycan cəmiyyətinə vurduğu ziyana da toxunmaq istərdim. Yer üzündə elə ölkə var ki, orada cəhalətə qarşı qanun qəbul olunsun və orada cəhalətin kökü kəsilsin?! Cahillik cəmiyyətin məhsuludur. Biz özümüz ona yol açırıq. Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə bütün ömrünü bu cahilliyə qarşı mübarizəyə həsr etdi", - deyə İbrahimli söyləyib.

Qeyd edək ki, deputat Məlahət İbrahimqızı ötən həftə bu qanunla bağlı fikirlər səsləndirmişdi. 

"Fəzail müəllim, bu, sizə yaraşmaz"

F.İbrahimlinin bugünkü çıxışından sonra isə xanım deputat vitse-spikerin çıxışına yönəlik deyib ki, bütün sahələrdə belə hallar var: "Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişəm. Mənə 5 dəfə etimad göstərilib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim, bu, sizə yaraşmaz. Siz məni nümunə çəkməməlisiniz. Sonuncu dəfə sizə bildirirəm”.

F.İbrahimli öz növbəsində qeyd edib ki, M.İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir: “Mən burada sizin sualınızı gündəmə gətirdim. Mən burada cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Mən çox mat qaldım. Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız”.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib. 

Müəllif: Anar Bayramoğlu