"Ölkəyə xaricdən hərbi qüvvələr dəvət olunması qanuniləşsin" - Parlamentdə səs-küylü TƏKLİF

Cəmiyyət

01.02.2022 - 15:05

Milli Məclisin  yaz sessiyasının ilk iclası keçirildi: deputatlar təkliflər verdilər 

Milli Məclisin 2022-ci il yaz sessiyasının ilk plenar iclası keçirilib. İclasa Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik edib. Toplantıda əvvəlcə “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb. İşlər planına 10 məsələ daxil edilib. Qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Daha sonra Milli Məclisin İntizam Komissiyasının tərkibi müzakirəyə çıxarılaraq təsdiqlənib. Komissiya bu tərkibdə yaradılıb: Eldar İbrahimov, Fəzail Ağamalı, Nurlan Həsənov, Həsənova Afət, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Madər Musayev, Nəsib Məhəmmədəliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Nizami Səfərov. 

Spiker: "Ümid edirik ki, Ermənistanla sülh sazişi tezliklə imzalanacaq"

Daha sonra deputatlar cari məsələlərlə bağlı fikirlər səsləndirib, təkliflər irəli sürüblər. Spiker S.Qafarova bildirib ki, Azərbaycan regionda sülhün bərqərar olmasını istəyir: "Biz müharibədən yox, sülhdən yanayıq, sülhdən danışırıq. Xarici ölkələrin parlamentariləri ilə görüşlərdə də bunu bəyan edirəm. Ümid edirik ki, Ermənistanla sülh sazişi tezliklə imzalanacaq”.

Əli Məsimlidən 3 məcəllə, Siyavuş Novruzovdan isə yeni qanun təklifi

Deputat Əli Məsimli 2022-ci ildə parlament tərəfindən üç məcəllənin qəbul edilməsini təklif edib: “Təklif edirəm ki, üç məcəllənin - Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbul edilməsi zəruridir. Sabah iqtisadi proseslərin necə davam edəcəyini, neftin qiymətinin neçə olacağını proqnozlaşdırmaq olmur. Buna görə, addımların atılması zəruridir. Parlamentin İqtisadi siyasət komitəsi artıq bununla bağlı fəaliyyəti həyata keçirir”.

“Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbuluna ehtiyac var”, - deyən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib ki, hazırkı qanun siyasi həyatı tam əhatə etmir: “Partiyaların qeydiyyatı, maliyyələşməsi, seçki qərargahlarının yaradılması məsələsi yeni qanunda əksini tapıb. Əhalinin sayı artıb, bu, nəzərə alınmalıdır. Hazırda siyasi partiya bir məhəllədən 100 səs toplayıb qeydiyyatdan keçə bilər. Digər tərəfdən, partiyalara ianələrin köçürülməsi onlayn qaydada həyata keçirilməlidir. Bilinsin ki, partiyalara kim pul köçürür. Xaricdə partiyaların tərəfdarlarının sayı köçürülən pula ölçülür”.

Deputat eyni zamanda, qəbiristanlıqların bələdiyyələrə verilməsi təklifi ilə çıxış edib: "Nazirlər Kabineti nümunəvi qəbiristanlıqların 3 aya bələdiyyələrə verilməsi barədə qərar qəbul etmişdi. Amma bu günə qədər sözügedən qərar icra olunmur. Hesab edirəm ki, həmin qərarın icrası təmin edilməlidir".

Sosial rifah, veteranlar...

Deputat Vüqar Bayramov isə Sosial Rifah Məcəlləsinin hazırlanması təklif edib. Millət vəkili qeyd edib ki, ölkə başçısının sosial rifahın yaxşılaşdırılması, əməkhaqqlarının və təqaüdlərin artırılması haqqında addımlarının fonunda qeyd edilən məcəllənin qəbulu məqbul olardı.

“Müharibə veteranları haqqında qanun layihəsinin işlənməsinə ehtiyac var”. Bu sözləri isə deputat Fəzail Ağamalı deyib. Millət vəkili qanunun yenilənməsi və qəbulunu təklif edib: “Bununla bağlı qanun layihəsi olsa da təkmilləşdirilməsi vacibdir”.

Deputat: "Bu, həm də Azərbaycanı, dövlət başçısını kənar təzyiqlərdən qorumağa imkan yaradacaq"

Deputat Qüdrət Həsənquliyev Azərbaycan Respublikasına xarici hərbi qüvvələrin dəvət olunması, yaxud Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin ölkədən kənara göndərilməsi ilə bağlı qanunun qəbuluna ehtiyac olduğunu söyləyib. Deyib ki, bu məsələlər ayrılıqda qanunvericiliklə tənzimlənməlidir.

“Xaricdən dəvət olunan hərbi qüvvələrin ölkədə qalmasına dair müvəqqəti müddət necə olmalıdır? Bununla bağlı icazə necə olmalıdır? Bu gün biz Şuşa Bəyannaməsini təsdiq etdik, müəyyən beynəlxalq öhdəliklərimiz yarandı. Burada hərbi yardımdan da söhbət gedir. Ona görə də bu məsələləri qanunvericiliklə tənzimləmək lazımdır. Bu, həm də Azərbaycanı, dövlət başçısını kənar təzyiqlərdən qorumağa imkan yaradacaq, Milli Məclis bu sahədə məsuliyyəti bölüşəcək”, - deyə Həsənquliyev bildirib.

"Sosial şəbəkələrlə bağlı qanun olsun. Qərbdə də belədir"

Deputat Sahib Alıyev isə informasiya təhlükəsizliyi və sosial şəbəkələrlə bağlı qanunların qəbulu vacib saydığını deyib. Millət vəkili fikrini belə əsaslandırıb ki, Qərbdə bununla əlaqədar artıq çox sərt qanunlar qəbul olunub: “Bu baxımdan belə qanunların qəbulundan çəkinməməli, Avropa ölkələrinin təcrübəsinə əsaslanıb addım atmalıyıq”.

İclasda qərbi azərbaycanlıların statusu ilə bağlı qanun layihəsinin müzakirəsi təklif edilib. Deputat Əziz Ələkbərli çıxışında deyib ki, qərbi azərbaycanlıların öz yurd-yuvalarına qaytarılmasının həlli tapılmalıdır: "Bu, vacib məsələdir. Qərbi azərbaycanlıların statusu, problemləri və öz torpaqlarına qaytarılması haqqında Milli Məclisin İnsan hüquqları komitəsində dinləmə keçirilməsini təklif edirəm”.

Deputatlar təkliflərini irəli sürdükdən sonra gündəlikdə olan qanunların müzakirəsi aparılıb, qərarlar qəbul olunub. 

Müəllif: Anar Bayramoğlu