Müəllimlərə qiymət verdiniz, bəs direktorlar?

Cəmiyyət

14.07.2023 - 10:21

Deputat: “Müəllimlərlə bağlı məqamlar direktorlara da şamil olunmalıdır”

Ekspert: “Direktorların təyinatı məsələsinə yenidən baxılmalıdır”

Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən təşkil olunan müəllimlərin sertifikasiya imtahanları başa çatıb. Nazir Emin Əmrullayevin sözlərinə görə, 2023-cü ildə ibtidai sinif üzrə sertifikasiya imtahanı üzrə müəllimlərin 55 faizi 30-50 bal, 35 faizi 0-29 bal, 10 faizi isə 51 bal və yuxarı bal toplayıb: “Sertifikasiya imtahanlarının birinci prosesi 2027-ci ildə yekunlaşacaq. Məqsədimiz müəllim heyətinin peşəkar fəaliyyətinə qatqı verməkdir. Həmçinin bu yöndə yeni yanaşmalar da tətbiq ediləcək”.

O bildirib ki, sertifikasiyanın keçirilməsində məqsəd müəllimlərin işdən çıxarılmasına nail olmaq deyil: “Burada məram keyfiyyətli pedaqoqların düzgün qiymətləndirilməsi və təhsildə keyfiyyətin artırılmasına xidmət edir. Müəllimlərimizin daim peşəkarlıq səviyyəsini artırmalarının tərəfdarıyıq. Azərbaycanda müəllimlər 20 yaşlarından işləməyə başlayır və adətən 40 il məktəbdə çalışırlar. Bu dövrdə ibtidai sinif müəllimi 10 sinfə dərs deyir və hər sinifdə 25 uşaq varsa, 250 insanın həyatını dəyişir. Sertifikasiya zamanı səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsi əsas məqsəddir”.

Təhsil ekspertləri orta məktəb direktorlarının da sertifikasiyadan keçirilməsini təklif edirlər. Onların qənaətinə görə, direktorlar bir çox hallarda zəruri keyfiyyətlərə malik olmadan vəzifələrə təyin edilirlər ki, bu da öz növbəsində onların da fəaliyyətinin, idarəçilik vərdişlərinin vaxtaşırı nəzarətdə saxlanılmasını qaçılmaz edir.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, ümumtəhsil məktəblərinin fəaliyyəti ciddi təftiş olunmalıdır: “Ortada vacib məqamlar var. Qeyd olunur ki, sertifikasiya imtahanlarına qatılan müəllimlərin 35 faizi minimum nəticə əldə edib. Heç kimə sirr deyil ki, vaxtilə müəllimlərin saxta yolla müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbulu baş verib. Şəxsən mənim qənaətim ondan ibarətdir ki, sertifikasiya imtahanlarında zəif nəticə göstərən müəllimlərin əksəriyyəti həmin təhsil müəssisələrinin məzunudur”.

“Elm və Təhsil Nazirliyi bununla bağlı araşdırma aparmalıdır. Əgər həqiqətən də belədirsə, müəyyən tədbirlər görülməlidir. Bir halda ki, övladlarımızın və ölkəmizin gələcəyini bu müəllimlərə etibar edirik, onların fəaliyyətinin monitorinq olunması labüddür”, - deyə deputat bildirib.

Əlavə edib ki, müəllimlərlə bağlı məqamlar direktorlara da şamil olunmalıdır: “Ümumtəhsil məktəblərinin direktorlarının işə qəbulu imtahan və müsahibə əsasında həyata keçirilir. Bu, kifayət qədər müsbət məqamdır. Nəzərə alsaq ki, onlar bu imtahanlarda qənaətbəxş nəticələr əldə ediblər və məhz bundan sonra vəzifələrə təyinat alıblar, o zaman onların təcrübəsini də əlavə etsək, yenidən imtahan olarsa, daha yüksək nəticə göstərməlidirlər. Çünki peşəkarlıq vərdişləri artıb və ya artmalıdır. Bu məqamlar da nəzərə alınmalıdır və təkcə fəaliyyətinə görə deyil, həm də bilik və bacarıqlarının monitorinq edilməsi yolu ilə onların fəaliyyətinə qiymət verilməlidir. Təhsil strateji sahədir və hər bir məqam diqqətlə nəzərdə keçirilməlidir”.

Təhsil eksperti Kamran Əsədov mövzuya dair AYNA-ya şərhində söyləyib ki, son illər əsasən bilik və bacarığı olan müəllimlər işə qəbul olunsalar da, əvvəlki illərə bunu şamil etmək olmaz: “Azərbaycanda 4500-ə yaxın ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, orada təhsil alan şagirdlərin sayı 1 milyon 600 min nəfərdən çoxdur. Bu şagirdlərə isə 150 min nəfərdən ibarət müəllim ordusu dərs deyir. 14 ildir ki, müəllimlər MİQ (müəllimlərin işə qəbulu) imtahanları vasitəsilə işə qəbul olunurlar. Müəllimlər eyni zamanda sertifiksiya imtahanlarına cəlb edilirlər ki, bunun özü də müsbət məqamdır”.

“Lakin bir məsələ var ki, üç il öncə sertifikasiya imtahanlarında hansı nəticələr qeydə alınırdısa, bu il də eyni nəticələr göstərilir. Yəni, bu, o deməkdir ki, biz bu sahədə ciddi irəliləyişlərə nail ola bilməmişik. Bir halda ki, müəllimlərin 35 faizi lazım olan balı toplaya bilmir, bu, o deməkdir ki, Elm və Təhsil Nazirliyi işini düzgün səviyyədə qura bilmir. Son illərdə oxşar vəziyyət ortaya çıxırsa və müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində ciddi addımlar atılmırsa, bunun başqa izahı yoxdur”, - deyə həmsöhbətimiz vurğulayıb.

Ümumtəhsil məktəblərinin direktorlarının sertifikasiyadan keçirilməsindən danışan ekspert bunu müsbət qiymətləndirir: “Əminliklə söyləmək olar ki, Azərbaycanda məktəb direktoru təyinatları keyfiyyətsiz formada aparılır. Qayda belədir ki, direktorların işə qəbul imtahanından keçən namizəd məktəbdən xəbərsiz müsahibədən keçirilir. Mövcud şəraitdə bu qaydalar adekvat deyil. Keçmiş zaman üçün bəlkə də, məqbul saymaq olardı. Düşünürəm ki, ümumtəhsil məktəblərində direktorların təyinatları məsələsinə yenidən baxılmalıdır. Hazırda direktor vəzifəsində çalışan şəxslərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından onların da müvafiq sertifikasiyadan keçməsi və fəaliyyətlərinin təftiş olunması vacibdir”.

Müəllif: Azər Niftiyev