Nazir: “Dəyişikliyin müsbət nəticələrini görəcəyik”

Cəmiyyət

16.12.2019 - 17:53

Ceyhun Bayramov: “Nazirlər Kabinetinə təqdim olunacaq qərar layihəsi artıq yekun razılaşdırma mərhələsindədir”

 

 

Magistraturaya qəbulla əlaqədar hazırlanan təkliflər artıq yekun razılaşdırma mərhələsindədir. Magistraturaya qəbulla əlaqədar Təhsil Nazirliyi ölkənin bütün aidiyyəti təhsil müəssisələri və digər həmkar qurumlarla müzakirələr və məsləhətləşmələr aparıb.

 

AYNA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. O, bu müzakirələrin, demək olar ki, yekunlaşdığını bildirib: “Nazirlər Kabinetinə təqdim olunacaq qərar layihəsi artıq yekun razılaşdırma mərhələsindədir. Bu qərar qəbul olunduqdan sonra bir sıra yaradıcılıq, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla, magistraturaya qəbul qaydalarının birmərhələli həyata keçirilməsi, bununla da magistraturaya qəbul olunan tələbələrin daha asanlıqla təhsilin növbəti pilləsinə daxil olması təmin ediləcək. Düşünürəm ki, Azərbaycan təhsil sistemi bu dəyişikliyin müsbət nəticələrini növbəti illərdə görəcək”.

 

“Bir neçə il öncə magistratura pilləsində oxuyan tələbələrə möhlət hüququnun verilməsi nəticəsində təhsilin bu pilləsinə qəbul olunan oğlanların sayında əhəmiyyətli artıma nail olunub. Bunun nəticəsi olaraq, bakalavr pilləsində qızlarla oğlanlar arasında olan gender bərabərliyi magistratura səviyyəsində tam bərqərar olmasa da, xeyli müsbət dəyişikliklər baş verib”, - deyə nazir vurğulayıb.

Müəllif: Ayna.az