Moskvada “tank oyunu” və biz də oyuna salındıq...

Aktual

30.08.2021 - 20:21

Tankçılarımız separatçılarla birgə necə və niyə eyni oyunlara salındılar?

 

Azərbaycan ictimaiyyəti, hətta Ukrayna ictimaiyyəti, açarı hələ də Rusiyanın əlində olan Dağlıq Qarabağ ətrafındakı vəziyyəti nəzərə alaraq, Bakının Krım Platformasında iştirak etməmək qərarına anlayışla reaksiya verdi. Axı Kiyevdə keçirilən beynəlxalq zirvə məhz Rusiyanın addımlarına qarşı yönlənmişdi. Ancaq Azərbaycan hərbçilərinin Moskva vilayətində keçirilən tank biatlonu yarışlarında iştirakı tamamilə məntiqsiz görünür.

 

İlk növbədə, Ermənistanın iştirakına, eləcə də Azərbaycan da daxil olmaqla beynəlxalq birlik tərəfindən tanınmayan, Rusiya tərəfindən işğal edilmiş Cənubi Osetiya və Abxaziyanın iştirakına görə. Daha sonra isə müharibədə sarsıdıcı məğlubiyyətdən sonra da Ermənistanın yenidən silahlanmasında, üstəlik, Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi və islahatı ilə bağlı Rusiyanın özünün xəyanətkar addımlarını nəzərə alaraq.

 

Yeri gəlmişkən, Qarabağın azad edilməsi uğrunda 44 günlük müharibə zamanı Azərbaycana birmənalı dəstək verən, strateji müttəfiqimiz olan Gürcüstanın ərazilərinin işğalına məhəl qoymamağı nümayiş etdirmək ehtiyacı nədən qaynaqlanırdı? Həmin Gürcüstanın ki, Rusiya silahlarının bölgədəki düşmənimizə çatdırılmaması üçün quru sərhədlərini bağladı və buna görə də Rusiya öz müttəfiqinə silahları çatdırmaq üçün uzaq və bahalı İran yolunu seçməli oldu.

 

Məqsəd Azərbaycan tank birləşmələrinin döyüş hazırlığının yoxlanılması idisə, onsuz da bütün beynəlxalq hərbi ekspertlər tərəfindən qəbul edildiyi kimi, Vətən müharibəsi zamanı tankçılarımız yüksək effektivlik nümayiş etdirmişdilər. Bundan əlavə, müharibə zamanı bizim məhv etdiklərimizin çoxu elə rus silahları, o cümlədən rus tankları deyildimi?

 

Rusiya hərbi kontingentinin Azərbaycan ərazisinə gətirilməsi əvvəlcədən, bundan sonra ölkəmizin müstəqil xarici siyasətinin aparılmasının təhlükə altında olacağını, Rusiyanın bu və ya digər şəkildə beynəlxalq siyasətdə qərarlarımıza təsir göstərməyə çalışacağını ehtimal edirdi. Və indi aydındır ki, separatçılarla birlikdə müharibə oyunlarına qatılma qərarı Rusiyanın təzyiqi olmadan verilməyib.

 

Aydındır ki, bu oyunlar, daha çox Rusiyanın gücünü nümayiş etdirmək və iştirakçı dövlətləri rəqabətdən daha çox separatçı varlıqların tanınması oyununa cəlb etmək məqsədi güdür. Yəni, Abxaziya və Cənubi Osetiya ilə bərabər yarışa qatılan bu ölkələr istər-istəməz onlara şərik olur və dolayısı ilə bu qurumların müstəqilliyini tanıyır - ərazimizdəki separatizm məsələsini hələ də birdəfəlik həll etməyən bizlər də daxil olmaqla.

 

Ümumiyyətlə, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi son günlər Ukraynada keçirilən Krım Platformasına qatılmamaq və Rusiyada keçirilən tank biatlonu yarışlarına qatılmaqla xarici siyasətdə iki böyük səhvi etdi. Beləliklə, azadlıq savaşımızı təkcə sözlə deyil, birmənalı şəkildə və cəsarətlə dəstəkləyən ən yaxın iki dostumuza qarşı dərin bir haqsızlıq etdik. Biz artıq Gürcüstan haqqında danışmışıq və Ukraynaya gəldikdə, Ukrayna səfiri Vladislav Kanevskinin səfir heyəti tərkibində Şuşaya səfəri zamanı “Twitter”də yazdıqlarını xatırlatmaq kifayətdir: “Bir xəyal gerçəkləşir! Qarabağın ürəyi və Azərbaycan xalqının mənəvi paytaxtı Şuşanı ziyarət etdim. Bunlar həm Azərbaycanın böyük mədəni və tarixi irsi ilə ilk tanışlıq, həm də işğaldan azad edilmiş ərazilərin bərpası üçün həyata keçirilən irimiqyaslı layihələrdir”.

 

Razılaşın, bütün sivil dünyanın dəstəklədiyi bir ölkənin elçisinin dilindən dünyaya belə bir mesaj çox dəyərlidir. Bunlar bizimlə ortaq problemləri olan dostlarımız Gürcüstan və Ukraynanın, buna görə də qəti şəkildə və Moskvaya baxmadan xalqımızla həqiqətən qardaş həmrəyliyi nümayiş etdirən qüsursuz mənəvi mövqeyin nümunələridir.

 

Xarici siyasət sahəsində qərarları verərkən Moskvaya baxmağımız bizi xarici dünyadan təcrid edir, dostlarla münasibətlərimizə xələl gətirir və bizi Rusiyanın ağuşuna atır. Demokratik dünyanın Moskvanın özünə münasibəti, onun təcrid olunması, ardı-arası kəsilməyən sanksiyalar və Rusiya iqtisadiyyatının durğunluğu nəzərə alınsa, bu halda bizi hansı gələcək gözləyə bilər? Qoy siyasətçilərimiz və məmurlarımız bu barədə düşünsünlər.

Müəllif: Mira Həsənova