“"3+3" formatının tam işləməsi üçün regionda nəqliyyat kommunikasiyalarının açılması zəruridir”
“Moskva Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının tam açılmasını dəstəkləyir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum çərçivəsində keçirilən "3+3 Platforması: Ümumi Çətinliklər və Strateji Tərəfdaşlıq" sessiyasında deyib.
Onun sözlərinə görə, "3+3" formatının tam işləməsi üçün regionda nəqliyyat kommunikasiyalarının açılması zəruridir.
"Biz hesab edirik ki, Cənubi Qafqazın tranzit potensialının inkişafında regiondakı bütün ölkələrin iştirakını təmin etmək vacibdir. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərini, eləcə də Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə sərhədlərini açmadan tam hüquqlu nəqliyyat əlaqələrindən danışmaq mümkün deyil. Biz inanırıq ki, bu, nə qədər tez baş verərsə, bütün regional oyunçular bir o qədər çox logistika imkanları əldə edəcəklər", - deyə rusiyalı diplomat vurğulayıb.